Kürd "məsələsi"

  • 19.10.2023
  • 130 baxış

İran və İraq arasında kürd silahlı qruplaşmaları ilə bağlı yaranan gərginliyin səngidiyi görünür. Sentyabrın 22-də İraqla müharibənin 43-cü ildönümünə həsr olunmuş paradda İran Prezidenti İbrahim Rəisi İraq ordusunun kürd qüvvələrini İranla sərhəddən çıxardığını bəyan edib. Eyni zamanda o, bu məlumatı dəqiqləşdirmək üçün İran ordusunun nümayəndələrinin İraqa planlaşdırılan səfərini açıqlayıb.

Hələ avqust ayında İran hakimiyyəti Bağdada bu tapşırığı yerinə yetirmək üçün sentyabrın 19-dək vaxt vermişdi. Əks halda, İran ordusu sərhəd zonasında və İraqda kürd separatçı qruplarına qarşı hərbi əməliyyatları bərpa edəcəyinə söz vermişdi. Lakin artıq sentyabrın 9-da İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani kürd silahlı qüvvələrinin sərhəddən çıxarıldığını bəyan edib. Bununla belə, o əlavə edib ki, İraq hakimiyyəti bütün qrupları bir araya gətirə bilməyib. Həmin günlərdə İraqın milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Arac Ərbilə səfər edib və yerli hakimiyyət orqanları ilə kürd döyüşçülərin taleyini müzakirə edib.

İraq Baş nazirinin sözlərinə görə, rəsmi Bağdad əlavə olaraq İranla sərhəddə 3 min əsgər yerləşdirib və sərhəd təhlükəsizliyini gücləndirmək üçün 200 milyon dollar xərcləyib. Sentyabrın 13-də Tehrana səfəri zamanı İraq Xarici İşlər Nazirliyinin rəhbəri ilə iranlı həmkarları arasında əsas müzakirə mövzusu sərhəd təhlükəsizliyi və İraq silahlı birləşmələrinin çıxarılması olub. Daha əvvəl İraq Kürd Muxtariyyətinin daxili işlər naziri də Tehrana səfər edib.

İraqın xarici işlər naziri Fuad Hüseyn sentyabrın 13-də Tehranda keçirdiyi mətbuat konfransında bildirib ki, onun ölkəsinin hakimiyyət orqanları heç bir qruplaşmanın İraq ərazisindən başqa ölkəyə hücum etmək üçün istifadə etməsinə icazə verməyəcək. Onun sözlərinə görə, İraq hökuməti İranla sərhəddəki silahlı qruplaşmaları tərk-silah edib və onları yerləşdirmək üçün BMT-nin nəzarəti altında qaçqın düşərgələri yaradıb.

Kürd partiyalarının yeni düşərgələri Ərbildən 77 kilometr şərqdə yerləşən Balisan adlanan yerdədir. Qəndil dağının şimalında Halqaurd, Kvarkuk, eləcə də Soran regionunda Sedekan və Zin Boğası düşərgələri də köçürülüb. Piranşəhrlə üzbəüz dağlardakı düşərgələrin artıq tamamilə boşaldıldığı bildirilir.

İran Prezidentinin sentyabrın 22-də verdiyi bəyanatdan məlum olub ki, İraqa hərbi müdaxilə təhlükəsi aradan qalxıb. Bəs bu proses nə dərəcədə etibarlıdır? Sərhəd zonasında gərginlik yenidən arta bilərmi? Bu suallar hələ də açıq qalır, çünki ötən illərin təcrübəsi və hazırkı siyasi vəziyyət residiv riskinin yüksək olduğunu göstərir.

 

Köhnə yeni “kürd məsələsi”

İran regionun digər üç ölkəsi (Türkiyə, İraq və Suriya) kimi “kürd məsələsi”ndən əziyyət çəkir. Bu ölkənin qərb sərhədlərində yaşayan kürd əhali içərisində müstəqillik və ya özünüidarə şüarı ilə silahlı baş qaldırmaların tarixi 100 ilə çatır. II Dünya müharibəsinin gedişində İran kürdləri – təbii ki, SSRİ də daxil olmaqla xarici dövlətlərin dəstəyi ilə - fəallaşaraq Mehranda “kürd dövləti” elan etdilər. Ancaq müharibənin sonlarında İran mövzusunda anlaşan dünyanın böyük gücləri müharibədən sonra Cənubi Azərbaycan müstəqillik hərəkatı kimi “kürd dövləti”nin də İran şahı tərəfindən ləğvinə “yaşıl işıq” yandırdılar. Lakin İranda kürd separatçı hərəkatı dayanmadı, sonrakı illərdə İraq və başqa region ölkələrində gizlənən iranlı kürdlər Tehrana qarşı fəaliyyətlərini davam etdirdilər.

Kürdlər 1980-ci illərin əvvəllərində İran İslam İnqilabından sonra növbəti “gəmidə üsyan” törətdilər. Lakin artıq güclənən islamçılar tezliklə kürdləri və digər müxalif qrupları məğlub edərək ölkədə tək hakimiyyət bərqərar etdilər. Həmin dövrdə İrandakı kürd siyasi hərəkatlarını təmsil edən qruplar ilk növbədə o zaman artıq İranın düşməni olan İraqda məskunlaşmağa başladılar. İran kürdlərinin İran sərhədlərinə yaxın dağlıq və keçilməz relyefdə məskunlaşması, eləcə də sərhədin o biri hissəsində iraqlı qohumlarına yaxın olması İraqı İran kürd təşkilatları üçün cəlbedici edib. Oxşar vəziyyət Türkiyə və Suriyadakı kürd qruplaşmalarında da müşahidə olunub.

Lakin İran vaxtaşırı olaraq İran ərazisində kürdlərə qarşı hərbi əməliyyatlar keçirirdi. Hətta 1996-cı ildə İran ordusunun 3 min nəfərlik əməliyyat qrupu İraq ərazisinə daxil olaraq İran Kürd Demokrat Partiyasının Koye rayonundakı düşərgəsinə hücum etmişdi. Həmin vaxt əməliyyatın nəticəsi olaraq iranlı kürd silahlıları sərhəddən uzaqlaşdırıldı. Lakin bu, uzun müddət çəkmədi.

Bu təşkilatların əsas mərkəzləri (Kürdüstan Fəhlə Partiyasının İran qolu – PEJAAK, İran Kürd Demokratik Partiyası və “Komel”) İraqda, daha dəqiq desək, ölkənin kürd muxtariyyəti ərazisində yerləşir. İran ordusu isə vaxtaşırı bu mərkəzlərə artilleriya, raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.

 

Məhsa Əmini və kürd iğtişaşları

İran ordusu (əsasən Sepah qüvvələri) sonuncu dəfə ötən ilin sentyabrında İraqdakı kürd qruplaşmalarının qərargahını bombalamışdı. Rəsmi Tehran bəyan etmişdi ki, Məhsa Əmini aksiyalarını bu qruplar qızışdırır və etirazçılar məhz İraq ərazisindən keçirilən silahlarla silahlanaraq hökumət qüvvələrinə hücumlar həyata keçirirlər. Məlum olduğu kimi, kürdəsilli Məhsa Əmini 2022-ci il sentyabrın 13-də Tehranda “hicab qaydalarına əməl etmədiyi” ittihamı ilə “irşad patrulu” adı verilən əxlaq polisi tərəfindən saxlanılaraq polis bölməsinə aparılmış və burada halı pisləşdiyi üçün xəstəxanaya aparılsa da, sentyabrın 16-da xəstəxanada vəfat edib. İran hökumətinin ölümün səbəbinin ürək çatışmazlığı olduğunu deməsinə baxmayaraq, mərhumun ailəsi bu xəbəri şübhə ilə qarşılayıb. Tezliklə İranın kürd şəhərlərində etirazlar başlayıb. Daha sonra etirazlar “Qadın, Həyat, Azadlıq” şüarları altında bütün ölkəyə yayılıb və onların ən şiddətlisi İranın kürd bölgələrində qeydə alınıb.

İran ərazisində əsasən də qərb rayonlarında 10 milyona yaxın kürdün yaşadığı güman olunur. M.Əmini etirazları kürd rayonlarında daha şiddətli olub və ilk dəfə burada etirazlar zamanı polisə silahlı hücumlar qeydə alınıb. Daha sonra İran DİN və “Sepah” etirazçıların silahlarının İraqdan ölkəyə gətirildiyi ilə bağlı açıqlama veriblər.

Bundan sonra İran ordusu İraq ərazisindəki iranlı kürd silahlı qrupların mərkəzlərini hədəfə almağa başladı. Ancaq bir çox ekspertlər İran hakimiyyətinin bununla həm də daxildəki etirazların xaricdən idarə olunduğunu göstərmək və diqqəti yayındırmaq istədiyini düşünür. Çünki kürd təşkilatları hər dövrdə İran ərazisində bu cür fəaliyyətlər həyata keçirib.

Bu arada, bu il martın 19-da Bağdadda İran və İraq arasında imzalanan müqaviləyə əsasən İraq hökuməti sərhəddə təhlükəsizliyi gücləndirməli, İran kürd təşkilatlarını sərhəddən uzaq əraziyə köçürməli idi. Müqavilənin icrasə üçün 1 ay vaxt müəyyən olunmuşdu. Əks halda, İran İraq ərazisindəki kürd düşərgələrini bombalayacaqdı.

Görünən odur ki, təhlükə hələ ki sovuşub. Lakin bu nə qədər davam edəcək? İran kürd təşkilatları Tehrana qarşı hərbi-siyasi fəaliyyətlərini nə zaman yenidən aktivləşdirəcəklər? Yəni onların mövcudluğu Tehran üçün yenidən nə zaman təhlükə törətməyə başlayacaq?

Aydın məsələdir ki, İraqda sabitlik kövrəkdir. Ölkə İŞİD daxil olmaqla, ciddi terror təhlükələri ilə üz-üzədir. İraq hökuməti əsasən dağlıq bölgə olan İranla sərhədə tam nəzarət edə bilmir. Bunu da heç bir qonşu ölkə təmin edə bilməz. Tehran isə bunu çox gözəl anlayır.

Üstəlik, keçmişin təcrübəsi də göstərib ki, 1990-cı illərdə iranlı kürd silahlı qruplarının sərhəddən uzaqlaşdırılması ilə bağlı razılaşma 2010-cu illərdə İraqda xaos dərinləşəndə pozulmuş, kürd silahlı qrupların yenidən sərhəddəki düşərgələrə geri qayıtmışdılar.

 

Bundan sonra nə olacaq?

Ən azı yaxın dövr üçün İran kürd qruplarının öz sərhədlərindən uzaqlaşmasına nail olub. Lakin Tehran çətin ki, dayanacaq və bu məsələdə Bağdada təzyiq göstərməyə davam edəcək. Bir çox müşahidəçilərə görə, Tehran 2016-cı ildə “Xalqın mücahidələri” qruplaşmasını Bağdada təzyiq etməklə İraq ərazisindən çıxarıb Albaniyaya köçürdüyü kimi, bu dəfə də kürdləri ümumiyyətlə, İraqdan qovmağa, ən azı sərhəd zonasından uzaqlaşdırmağa çalışacaq. Buna İranın regional siyasətdə mövqelərinin güclənməsi kömək edir. Bu gün Tehran ABŞ-la açıq danışıqlar aparır, əsas regional rəqibi Səudiyyə Ərəbistanı ilə barışığa nail olub və Suriyada mövqelərini möhkəmləndirib. Üstəlik, Türkiyə də İraq əraizisində PKK-ya qarşı əməliyyatları genişləndirib. Belə bir vəziyyətdə Tehranın kürd separatçı qruplarını əzmək üçün Bağdada təzyiq etməsi gözləniləndir. Digər tərəfdən güman ki, kürd mövzusu ilə İran həm Bağdad, həm də Ərbil (kürd muxtariyyəti) üzərində təzyiq yaratmağa çalışır.

Lakin Məhsa Əmini hadisələri, xüsusən də kürd regionlarında hökumət qüvvələrinə silahlı hücumlar göstərib ki, İranda kürd məsələsi yenidən aktiv fazaya keçir. Odur ki, gözlənilən növbəti kataklizm zamanı yerli hakimiyyət orqanlarına qarşı silahlı üsyan ölkənin kürdlərin məskunlaşdığı ərazilərində xaosa çevrilə bilər.

Digər tərəfdən İraq və Suriyadan sonra kürd qruplarının növbəti “qurbanı” İran ola bilər. Tehran hazırda Yaxın Şərq kürd “halqasının” növbəti zəif bəndinə çevrilib. Bəlkə də bu səbəbdəndir ki, rəsmi Tehran kürd siyasi qrupları məsələsində sərt mövqe ortaya qoyur.

Digər xəbərlər