ƏRƏBLƏRİN “YENİ YAXIN ŞƏRQİ”

  • 12.10.2023
  • 55 baxış

2021-ci il iyunun 27-də İraqın paytaxtı Bağdad şəhərində Misir, İordaniya və İraq dövlət-hökumət başçılarının sammiti baş tutdu. Əslində sammit mart ayına planlaşdırırlırdı, lakin martın sonlarında Misirdə baş verən qatar qəzası səbəbi ilə təxirə salınmışdı.

Nəhayət, planlaşdırılan sammit baş tutdu. Misir prezidenti Əbdülfəttah əs-Sisi və İordaniya kralı 2-ci Abdullah Bağdada gələrək prezident sarayında üçlü sammitdə iştirak etdilər. Yeri gəlmişkən, Əbdülfəttah əs-Sisi 1990-cı ildə İraqın Küveyti işğalından sonra başlayan körfəz müharibəsindən bu yana İraqa rəsmi səfər edən ilk Misir dövlət başçısı idi. Səddam Hüseynin Küveyti işğal etməsi ərəb dünyasında İraqa qarşı ciddi bir soyuqluğa səbəb olmuşdu. Və bunun ardınca baş verən müharibələr İraqın təcridi və 2003-cü ildə Səddam Hüseynin devrilməsi ilə nəticələndi.

Ancaq indi nə Səddam var, nə də Mübarək. Artıq Yaxın Şərq də xeyli dəyişib. Bağdad sammiti ərəb coğrafiyasında artıq yeni bir münasibətlərin xəbərçisi hesab oluna bilər. Baxmayaraq ki, bu toplantı özü də sürpriz olmadı. Çünki bundan əvvəl İraq, Misir və İordaniya liderləri 2019-cu ildə Qahirədə, 2020-ci ildə isə İordaniyanın paytaxtı Əmmanda bir araya gəlib. Bu mənada Bağdad sammiti gözlənilməz siyasi hadisə hesab olunmur. Amma şübhəsiz ki, bu sammit region ölıkələrində dərin siyasi planlamanın və müəyyən hədəflərin olduğunu göstərir.

 

Yaxınlaşmanın kökü

Əvvəlcə sammitin, yəni başqa sözlə, İraq-Misir-İordaniya liderlərinin biraraya gəlməsinin səbəbləri ilə bağlı bəzi məqamları xatırlayaq. Bu sammit və üçlü formatda ərəb ölkələri ilə yaxınlaşma ilk növbədə İraqın siyasi hədəfidir. Məsələ ondadır ki, İraq uzun müddətdir İranın təsirindən çıxmaq, ərəb dünyasında keçmişdə olduğu kimi aktiv rolunu yenidən qazanmağa çalışır. 2018-ci il parlament seçkilərində (İraq federal parlament respublikası olduğu üçün hökumət parlament seçkiləri əsasında formalaşır – K.R.) qalib gələn “Sairun” Hərəkatının lideri, ilahiyyatçı Müqtəda əs-Sədrin əsas işlərindən biri də İraqın ərəb dünyası ilə əlaqələrini yaxşılaşdırmaq idi. Bu məqsədlə Sədr özü bir neçə dəfə o zaman İraqla gərgin münasibətlərin olduğu Səudiyyə Ərəbistanına səfər etmiş, kral və ölkənin siyasətini həyata keçirən vəliəhd-şahzadə Məhəmməd bin Salmanla görüşmüşdü. Ekspertlərə görə Sədr bununla İraqı İranın təsir dairəsindən çıxarmaq, ərəb dünyasındakı əvvəlki nüfuzunu qaytarmağa çalışırdı.

2020-ci ilin əvvəllərində İraqda uzun müddət davam edən etirazlardan sonra istefaya gedən hökumətin başına gətirilən keçmiş jurnalist və kəşfiyyatçı Mustafa əl-Kazımi bu xətti davam etdirdi. Kazımi İordaniya, Misir, Səudiyyə Ərəbistanı kimi aparıcı ərəb dövlətlərinə səfərlər edərək səfər edərək əlaqələri yenidən qurmağa çalışır.

 

Siyasət, yoxsa iqtisadiyyat?

Bu sammitin təşkili və ümumiyyətlə 3 ölkənin yaxınlaşmasının səbəbləri ilə bağlı daha bir versiya ABŞ-ın İraq siyasətidir. Bir çox Qərb analitiklərinə görə, İraqda İran təsirini azaltmaq üçün Vaşinqton Bağdadın digər region ərəb ölkələri ilə yaxınlaşması üçün çalışır. İordaniya, Misir və Səudiyyə Ərəbistanını İraqla yaxınlaşmağa təşviq edən ABŞ-dır.

Əlbəttə, bu 3 ölkənin yaxınlaşmasının arxasında digər amillər də var. Bu amilləri ümumi olaraq iki hissəyə bölmək olar. Birincisi, cari iqtisadi maraqlar, ikincisi, strateji hədəflər. Bu hədəflərin bir qismi yaxın dövr və hazırkı şəraitlə əlaqədardırsa, digərləri daha uzun bir gələcəyə hesablanıb.

Qeyd edək ki, 3 ölkə arasında dərinləşən əlaqələrin nəticəsi olaraq bu ilin əvvəllərində Misir və İraq arasında enerji sahəsində əməkdaşlığı əhatə edən 15 sənəd imzalanıb. Bu sənədlərə əsasən Misir İraqın elektrik enerjisi istehsalı sahəsinə yatırımlar edəcək, enerji infrastrukturunu yeniləyəcək. İraq artıq neçə ildir ki, enerji qıtlığından əziyyət çəkir, son iki ildə xüsusən də yay aylarında elektrik enerjisi çatışmazlığı ölkədə faciəvi sosial vəziyyətə və onun nəticəsində ciddi etirazlara səbəb olub. Həmçinin Qahirə və Bağdad arasında əldə olunan razılaşmaya əsasən Misirə 12 milyon barel neft göndərəcək.

Oxşar formada İordaniya ilə İraq arasında 2019-cu ildə iqtisadi, enerji və ticarət sahəsində əməkdaşlıq sənədləri imzalanıb. Misirdən fərqli olaraq İordaniya və İraq arasında quru sərhədi var və bu da neft-qaz kəmərinin inşası, birgə sənaye zonalarının yaradılmasına imkan verir. Misirə göndəriləcək İraq nefti də İordaniya üzərində Bəsrə-Əqaba limanına, oradan isə Misirə göndəriləcək.

Düzdür, bəzi iraqlı deputatlar və ekspertlər İordaniya və Misirlə iqtisadi tərəfdaşlığa ümidli deyil. Onlara görə bu ölkələrin özlərinin ciddi iqtisadi problemləri var, onların İraqı ayağa qaldırmaları mümkün deyil. Bu baxımdan Bağdad sammiti və İordaniya ilə Misir liderinin Bağdada uzun fasilədən sonra təşrif buyurması bəzilərinə görə iqtisadi tərəfdən daha çox siyasi yük daşıyır. İraq son 7 ildir İŞİD və onun qalıqları ilə mübarizə aparır. Üstəlik 2017-ci ildə ölkənin şimalında yerləşən və de-fakto müstəqil fəaliyyət göstərən Kürd Administrasiyasına qarşı hərbi əməliyyatlar ölkənin daxilində ciddi təhlükəsizlik problemlərinin qaldığını sübut edir. Üstəlik 2019-cu ildə başlayaraq bir ildən çox davam edən sosial-siyasi etirazlar hökumət dəyişikliyinə səbəb olub. Hazırda İraq payızda keçiriləcək seçkilərə hazırlaşır. Bu baxımdan Misir və İordaniyanın iqtisadi dəstəyindən daha çox siyasi-təhlükəsizlik dəstəyi daha çox əhəmiyyət kəsb edir Bağdad üçün.

 

Gizli rəqabət

Yeni əməkdaşlıq formatında hər nə qədər İraqın İran təsirindən qoparılması hədəfi qabardılsa da, arxa planda başqa məqsədlər də var. 1989-cu ildə İraq prezidenti Səddam Hüseyn, Misir prezidenti Hüsnü Mübarək, Yəmən prezidenti Əli Abdullah Saleh və İordaniya kralı Hüseyn Ərəb Əməkdaşlıq Şurası adlı əməkdaşlıq formatını yaratdılar. Düzdür, bu format bir il sonra Küveytin işğalı nəticəsində dağıldı, lakin bu ittifaq uzun müddət ərəb coğrafiyasında mövcud rəqabətin təzahürü idi. Ərəb monarxiyaları ilə respublikalar arasında gizli-aşkar rəqabət, hətta zaman-zaman hərbi qarşıdurmalar olmuşdu. Bu, Camal Əbdül Nasirin hakimiyyətinin ilk illərində Misir vasitəsilə aparılırdı. Nasir ərəb dünyasında sol millətçilik duyğularını alovlandırmaqla yanaşı Liviya, Yəmən, Suriya, İraq və daha bir neçə ölkədə əsasən hərbçilərdən ibarət sol qrupların hakimiyyəti ələ keçirməsinə səbəb olmuşdu. Nəticədə 50-60-cı illərdə ərəb aləmində monarxiyalar sürətlə respublikalarla əvəzlənirdi. Bu prosesdə monarxiyalar respublikaları özlərinə qarşı birbaşa təhdid olaraq görürdülər. Bu məsələdə haqsız da deyildilər. Çünki vaxtaşı bir ərəb monarxiyası devrilərək yerində respublika qurulurdu.

Məsələn, 1962-ci il Yəməndə çevriliş olub hərbçilər 1000 illik “İmamət”i devirdikdə Səudiyyə Ərəbistanı, hətta Şahlıq İranı “İmamət”in bərpası üçün başladılan hərbi kampaniyanı dəstəkləyirdi. Yəmən respublikaçılarını isə Nasirin Misiri dəstəkləyirdi. Bu dövrdə və daha sonra da ərəb coğrafiyasında monarxiyalar və respublikalar arasında gizli bir rəqabət davam etdi. Yalnız Fələstin mövzusu ərəb-müsəlman ölkələrini bir araya gətirə bilirdi.

İlk dövrlərdə respublika quruluşlu ərəb ölkələri hərbi-siyasi baxımdan daha güclü və fəal olsalar da, 1990-cı illərdən sonra ərəb coğrafiyasında monarxiyalar daha üstün mövqeyə çıxdı. Zəngin neft-qaz gəlirləri, Qərbdən artan hərbi-siyasi dəstək, bunun əvəzinə Liviya, İraq, Suriya kimi ölkələrin məğlub olub təcrid edilməsi üstünlüyü monarxiyalar verdi. “Ərəb baharı” və ondan sonra baş verən hadisələr ərəb monarxiyalarının parlaq dövrü oldu.

Bağdad sammiti müəyyən formada 1989-cu il müqaviləsini yada salsa da, aydın məsələdir ki, hazırda dağılıb xaraba qalmış İraqın, nə də varlı ərəb monarxiyalarının yardımlarına möhtac olan Misirin yeni siyasi blok qurması mümkün görünməsə də, Qırmızı dənizdə adalar problemi, İordaniyanın Səudiyyə Ərəbistanı bloku tərəfindən sıxışdırılması, çevriliş cəhdi göstərdi ki, zəif də olsa müqavimət cəhdləri var. Misirin körfəz müttəfiqlərinin əskinə olaraq Suriyaya diplomatik heyət göndərməsi, hətta Bəşər Əsədə hərbi əməkdaşlıq təklif etməsi (Burdada Rusiya amilini də unutmaq olmaz. Moskva Əsəd və Sisini yaxınlaşdırmağa çalışırdı – K.R.) Misirin heç də bütün məsələlərdə BƏƏ və Səudiyyə Ərəbistanla eyni nöqtəyə “vurmadığını” göstərirdi.

İraq enerji baxımdan əlverişli perspektivi olan ölkədir. İraq, İordaniya, Misir, gələcəkdə isə Suriyanın qatılması ilə ərəb coğrafiyasında yeni iqtisadi və hərbi güc ittifaqı meydana çıxa bilər. Bu İraq üçün İran təsirinə müqavimət olmaqla yanaşı, İordaniya üçün qonşu monarxiyaların təzyiqinin azalması, Misir üçünsə qardaş ərəb monarxiyalardan asılılıqdan xilas olmaq deməkdir.

 

Yeni Yaxın Şərq

Bu mənada İordaniya-Misir-İraq yaxınlaşması ərəb coğrafiyası üçün yeni perspektivdir. Amma bu o qədər də yaxın dövr üçün deyil, daha uzaq gələcək üçündür. Daha yaxın perspektivdə bu yaxınlaşma İraqın İrandan qoparılması, Misir üçün İraq nefti, İordaniya üçünsə yeni enerji və iqtisadi layihələr vasitəsilə “təhlükəsizlik yastığı” deməkdir.

3 ölkənin yaxınlaşması ərəb siyasət mütəxəssisləri arasında “Şam əl-Cədid”, yəni “Yeni Yaxın Şərq” kimi təqdim olunmağa başlayıb. Maraqlıdır ki, bu ifadəni ötən il ABŞ səfəri zamanı İraqın baş naziri Kazımi də işlədib.

Yeri gəlmişkən, Kazımi bundan əvvəl İran və Səudiyyə Ərəbistanı arasında danışıqların əsas vaistəçisi olub. Artıq Bağdadda bir neçə Səudiyyə-İran danışıqları keçirilib. Bu bir başqa formada İraqın regionda siyasi rolunun artmasına vurğudur.

Beləliklə, nəticə etibarı ilə Bağdad sammiti İraqın uzun illərdən sonra Yaxın Şərqdə yenidən siyasi-diplomatik aktivliyini ortaya qoyması, ərəb müttəfiqlərini müəyyən etməsi, seçkilərdə ehtiyac duyduğu dəstəyi alması və iqtisadi əlaqələrin qurulması kimi cari maraqlarını təmin olunmasına xidmət edir. Həmçinin, İordaniya və Misir İraqla Yaxın Şərq-Şimali Afrika “xəttini” yaratmaqla həm enerji və iqtisadi dayanaqlılığı artırmaq, keçmişdə mövcud olmuş müttəfiqlik münasibətlərinin yenidən qurulması baxımdan faydalı bir addımdır.

Yaxın Şərqin siyasi coğrafiyanın bu şəkildə “çeşidlənməsi” həm də qlobal oyunçuları da qane edir. Nəzərə almaq lazımdır ki, 3 ölkənin əhalisinin ümumi sayı bütün ərəb ölkələrinin ümumi əhalisinin yarısını təşkil edir. Suriyanın yaxın zamanlarda “üçlüyə” qatılması Yaxın Şərqdə yeni güc mərkəzinin ortaya çıxması deməkdir.

Digər xəbərlər