İran Pakistan ərazisini niyə vurdu?

  • 18.01.2024
  • 122 baxış

Yanvarın 16-da gecə saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) Pakistan ərazisində yerləşən bir neçə hədəfi raketlə vurub. Sepaha yaxın media Pakistanın Bəlucistan əyalətinin Kohi-Səbz ərazisində bəluclardan ibarət “Ceyş əl-Ədl” qruplaşmasına məxsus 2 düşərgənin bombalandığını yazıb.
Hadisə nəticəsində 2 uşağın öldüyü, 3 nəfərin isə yaralandığı bildirilir. Pakistan XİN İranın bu ölkədəki səfirinə etiraz notası təqdim edib və hadisənin Pakistanın suveren ərazilərinə qarşı təcavüz adlandırıb. 
Rəsmi Tehran isə hadisəni özünümüdafiə və cavab haqqı kimi əsaslandırıb. İranın BMT-dəki nümayəndəsinin quruma təqdim etdiyi məktubda raket zərbələrinn terror aktlarına cavab olduğu qeyd edilir. 
Qeyd edək ki, bəluc radikal islamçılarının “Ceyş əl-Ədl” (Ədalət Ordusu) qruplaşması vaxtaşırı olaraq İranın Sistan-Bəlucistan əyalətində terror hücumları həyata keçirir. Ötən ay bu qruplaşma üzvlərinin sərhəd bölgəsində polis postuna hücumu nəticəsində 10-dan çox polis öldürülüb, xeyli sayda insan yaralanıb.
2019-cu ilin fevralında isə qruplaşmanın Sepah hərbçilərini daşıyan avtobusu partlatması nəticəsində ölənlərin sayı 41 nəfərə çatmışdı.
2012-ci ildə daha əvvəl mövcud olmuş radikal islamçı “Cundullah” qruplaşmasının lideri Abdullah Riqinin İran tərəfindən ələ keçirilib asılmasından sonra qrupun qalıqları “Ceyş əl-Ədl” adlı yeni təşkilat yaradıb. Səlahəddin Faruqi ləqəbli Əbdürrəhim Mollazadənin rəhbərlik etdiyi “Ceyş əl-Ədl” İranın Sistan-Bəlucistan əyalətində fəaliyyət göstərib. Təşkilatın əsas şüarı İrana qarşı mübarizə, Sistan-Bəlucistanın İrandan ayrılıb Pakistana birləşməsidir.
“Ceyş əl-Ədl”in 500-ə yaxın üzvünün olduğu ehtimal olunur. Bu qüvvələrin bir qismi İran, bir qismi isə Pakistan ərazisindədir. 
Hökumət mediasında yer alan yazılarda əsas vurğu odur ki, Suriya, İraq (Ərbil) və daha sonra Pakistan ərazilərini bombalaması Tehranın rəqiblərinə mesajıdır. İran hakimiyyəti ölkə daxilində qeyri-sabitlik yaratmağa çalışan düşmənlərinə güc nümayiş etdirib. 
Suriyadakı hədəflərin 1200 kilometrdən uzaq mənzilli raketlərlə vurulması həm də İran ordusunun regionda ən uzaq nöqtələri vurmaq imkanına malik silahlarının olduğunu nümayiş etdirmək məqsədi daşıyıb.

Digər xəbərlər