ABŞ və Britaniyanın husiləri bombalamasının hansı nəticələri olacaq?

  • 13.01.2024
  • 145 baxış

Xəbər verildiyi kimi, yanvarın 12-də ABŞ və Britaniya ordusu Yəməndə husilərə məxsus hərbi infrastrukturu bombalayıb. Zərbələr Yəmənin paytaxtı Səna, həmçinin Hudeyda, həmçinin husilərin şimalda yerləşən “qalası” Sada şəhərləri də daxil olmaqla 4 vilayətdə 16 məntəqədə 60-dan çox hərbi hədəfə endirilib. 
ABŞ hərbi gəmilərindən “Tomahavk” raketləri, eləcə də Cənubi Kiprdə yerləşən Britaniya bazasından qalxan “Typhoon” qırıcıları Yəməni bombalayıb. Daha bir neçə ölkə, o cümlədən, Kanada, Avstraliya, Bəhreyn və Hollandiya isə əməliyyatı dəstəkləyib.
Bu əməliyyat daha çox 2017-ci ildə Suriyada dövlətə məxsus hərbi obyektlərin vurulmasını xatırladır. O zaman Suriya ordusunun kimyəvi silahdan istifadəsi iddialarının ardınca Vaşinqton Aralıq dənizindəki gəmilər və qonşu ölkələrdə yerləşən hərbi aviasiya vasitəsilə Suriyadakı hərbi obyektlərə 60-a yaxın “Tomhavk” raketi atmışdı. Əməliyyat gözlənilməz olmamış, əvvəlcədən xəbərdarlıq edilməklə və sadəcə bir bombalama əməliyyatı ilə yekunlaşmışdı.
Bu baxımdan 12 yanvar hücumu da sadəcə bir əməliyyat və özü də əvvəldən elan edilməklə keçirildi. Belə görünür ki, rəsmi Vaşinqton son günlər husilərin həddən artıq fəallığı qarşısında daha çox susqunluq göstərmək niyyətində olmadığını nümayiş etdirmək və müttəfiqlərini sakitləşdirmək üçün bu addıma gedib. 
Hərbi obyektlərin vurulmasından sonra Yəmən husi hökuməti bəyan edib ki, Qırmızı dənizdə İsrailə gedən yük gəmilərinə hücum etməkdə davam edəcəklər. Həmçinin ABŞ və İngiltərəyə də cavab verəcəklərini açıqlayıblar. 
Aydın məsələdir ki, husilər bundan sonra da Qırmızı dənizdə gəmilərə hücumları davam etdirəcəklər. Çünki hər kəs anlayır ki, Vaşinqton Yəməndə indiki vaxtda husilərə qarşı müharibə etməyə hazırlaşmır. Hətta bu zərbələrin müəyyən bir müddət ərzində davam edəcəyi də planlanmayıb, Suriyada olduğu kimi, Vaşinqtonun mövqe nümayişini əks etdirən addımdır. Bu səbəbdən də indiki məqamda bu zərbələrin regionda ciddi hərb i-siyasi dəyişikliyə səbəb olacağını demək olmaz. Yalnız onu demək olar ki, ABŞ-ın hərbi obyektlərinə hücumlar daha da intensivləşəcək. Bu gecə artıq Bağdadda ABŞ bazasına hücum cəhdi olub. 

Digər xəbərlər