Yaxın Şərqdə yeni müharibə riski artır

  • 09.01.2024
  • 92 baxış

Qəzzada davam edən müharibənin regiona yayılması riskləri sürətlə yüksəlir. Yanvarın ilk günlərində Beyrutda Həmasın liderlərindən Saleh Arurinin, ardınca İraqda Nucəba qruplaşmasının komandirlərindən birinin öldürülməsi regionda gərginliyi artırıb. Ötən gün Hizbullah İsrailin şimalında radar bazasına 30-dan çox raket atıb, İraq müqavimət qrupları isə uzaq mənzilli “əl-Ərqab” raketi İsrailin Hayfa limanını vurub. 
Ərəb mediası isə ABŞ-ın Yəmənə hərbi müdaxiləsi ehtimalının yüksəlməsindən danışır. Çünki husilər hazırda faktiki olaraq Qırmızı dəniz-Süveyş kanalı nəqliyyat xəttini Qərb ölkələri üçün bağlayıb. 
ABŞ ordusunun 3 aya yaxın səbr göstərdikdən sonra Bağdadda islamçı silahlı qrupları hədəfə alması və regionda İrana bağlı silahlı qruplara qarşı güc tətbiq etməsi onu göstərir ki, Vaşinqton artıq daha artıq səbr nümayiş etdirmək istəmir. Çünki Suriya və İraqda son 3 ayda ABŞ bazalarına edilən 120-dən çox hücum həm də Vaşinqtonun Yaxın Şərqdə 50 ildir davam edən dominant güc rolunu zədələyir. 
Husilərin Qırmızı dənizdə dəniz nəqliyyatını iflic etməsi isə həm də Qərb ölkələrinə iqtisadi baxımdan ciddi ziyan vurur. Bu mənada ABŞ administrasiyasının husi mövzusunda seçimləri çox azdır. Digər tərəfdən, Vaşinqton regionda hələ də aparıcı qüvvə olduğunu nümayiş etdirmək üçün hərbi əməliyyatlara gedə bilər. Lakin müharibə həm də seçkilər öncəsi ABŞ administrasiyası üçün ağır yük və riskdir. Çünki yenə müharibə ocağı regionda mövcud siyasi situasiyanı daha da mürəkkəbləşdirəcək, üstəlik yeni müharibənin nə qədər davam edəcəyi və növbəti müharibə bataqlığına çevrilməsi ehtimalı yüksəkdir.
Bu amillər səbəbindən Vaşinqton hələlik tələsmir, lakin gedişat göstərir ki, “Pandorranın qapağı” hər an açıla bilər.

Digər xəbərlər