İsrailin Qəzzaya nəzarət planı

  • 08.01.2024
  • 77 baxış

İsrail hökumətinin Qəzzanın gələcək taleyi ilə bağlı açıqladığı plan yalnız Fələstində deyil, dünyada ciddi etiraz doğurub. 
Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin baş katibi Hüseyn əş-Şeyx bəyan edib ki, Qəzzanın gələcək taleyini Fələstin xalqı müəyyən etməlidir. 
Oxşar mövqeyi Həmas, İslami Cihad və digər islamçı qruplar nümayiş etdirib. Ehtimal olunur ki, ABŞ dövlət katibi Entoni Blinkenin regiona səfərinin əsas səbəbləri sırasında bu mövzu da var. 
Qeyd edək ki. İsrail rəsmiləri tərəfindən ara-sıra Qəzzanın taleyi ilə bağlı açıqlama olsa da, bu həftə müdafiə naziri hökumətin Qəzza ilə bağlı planının əsas konturlarını açıqlayıb. 
Bu plana əsasən müharibədən (işğal) sonra Qəzza zolağına hərbi nəzarət İsraildə olacaq. Başqa sözlə. Bütün silahlı şəxs və qruplar zolaqdan çıxarılacaq. Eyni zamanda ABŞ və Misir hökuməti ilə birlikdə Qəzza-Misir sərhədi nəzarətə götürüləcək. 
Qəzzada İsrailin nəzarəti altında mülki idarəçilik formalaşacaq və zolağın yenidən inşası ABŞ, Avropa İttifaqı və region ərəb dövlətlərinə tapşırılacaq. 
Ancaq bu plan Qəzzadan əhalinin köçürülməsi riskini daşıyır və ABŞ-ın Fələstin siyasəti ilə ziddiyyət təşkil edir. Çünki Vaşinqton müharibədən sonra Fələstində əhatəli bir sülh prosesini başlatmaq istəyir. İsrailin Qəzzanı öz nəzarətində saxlaması isə bu plana mane olur. 
İkinci tərəfdən, İsrailin Qəzzanın təmirini ABŞ da daxil olmaqla kənar ölkələrin üzərinə “yükləməsi” o qədər də xoş qarşılanmır. Çünki son 20 ildə Qəzza ən azı 3 dəfə böyük dağıntıya məruz qalıb və hər dəfə kənar donorlar tərəfindən inşa olunub, lakin az sonra İsrail yenidən zolağı yerlə bir edib. 
Ən əsası fələstinlilər bu planla barışmır və başqa sözlə bu daha çox növbəti zorakı işğal planıdır, regiona sülh gətirməyəcək. Əksinə, gərginlik daha da artacaq. Və bu proses ən çox Vaşinqtonu narahat edir. Çünki ABŞ Qəzzada Həmasa qarşı hərbi əməliyyatları dəstəkləsə də, post-müharibə dövründə bölgədə Vaşinqtonun egidası altında köklü sülh prosesinin başlatmaq və bununla da Yaxın Şərqdə “yumşaq gücü”nü qoruyub saxlamağa çalışır. Qəribə də olsa bu məsələdə ona indi ən çox mane olan İsrail, daha doğrusu İsrailin ifrat sağçı siyasətçiləridir.

Digər xəbərlər