İranı Yaxın Şərq münaqişəsinin içinə çəkmək cəhdi

  • 03.01.2024
  • 113 baxış

Yanvarın 3-də İranın şərqində Kirman vilayətində baş verən partlayış zamanı ölənlərin sayı 103 nəfərə çatıb, yaralı sayı isə 211 nəfərə çatıb. 

Yerli hökumət rəsmilərinin məlumatına görə, Kirman şəhərində yerli vaxtla saat 15 radələrində 13 dəqiqə fasilə ilə 2 partlayış baş verib. Partlayışın baş verdiyi saatlarda minlərlə insan general Qasim Süleymaninin Kirman şəhərində yerləşən məzarını ziyarətə axışdığı üçün itkilərin sayı da çox olub. Hadisə ilə bağlı yanvarın 4-də İranda matəm elan olunub. 

Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) Qüds briqadasının komandanı general Qsim Selaymani 2020-ci il yanvarın 3-də Bağdad hava limanında ABŞ ordusu tərəfindən öldürülüb. Q.Süleymaninin məzarı doğulduğu Kirman vilayətinin eyni adlı mərkəzində yerləşir. Yanvarın 3-də Qasim Süleymaninin ölümünün ildönümü mərasimi keçirilib, parlayış da bu saatlarda baş verib. Q.Süleymani İranın Yaxın Şərqdəki əməliyyatlarının əsas müəllifi və idarəedicisi hesab olunurdu. Onun ölümün ildönümüdə baş verən partlyaışın İran rəhbərlıiyinin Yaxın Şərq siyasətinə bir mənada cavab hesab oluna bilər. 

Maraqlıdır ki, iki gün əvvəl Həmas siyasi liderlərindən biri olan Saleh Aruri Livanın paytaxtı Beyrutdə öldürülüb. Doğrudur, İsrail məsuliyyəti öz üzərinə almasa da, bir çoxları bu hadisənin İsrailin Həmasa kəşfiyyat zərbəsi hesab edir. Çünki İsrail rəhbərliyi dəfələrlə Həmasın xaricdəki liderlərini məhv etməklə təhdid edib.

Aruri sui-qəsdi İsraillə Həmas arasında davam edən müharibənin fonunda İsrail üçün ciddi uğur hesab olunur. Lakin eyni zamanda müharibənin daha şiddətli və amansız fazaya keçdiyini göstərir. Belə görünür ki, İsrail Həmasın region ölkələrindəki liderlərini hədəfə almaqla bu təşkilatı məhv etməkdə qərarlı olduğunu nümayiş etdirməyə çalışır. Aruri və Kirman hadisəsi arasında birbaşa bağlantı olmasa da, zamanlama diqqət cəlb edir. Yeri gəlmişkən, Aruri sui-qəsdi ilə eyni günlərdə Türkiyə kəşfiyyatı İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən qrupu zərərsizləşdirib və bir neçə həftə əvəvl isə Türkiyə rəhbərliyi İsrailə Həmasa qarşı bu ölkə ərazisində xüsusi əməliyyatlar keçirməməklə bağlı xəbərdarlıq edib. 

Hələlik Süleymani sui-qəsdinin məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib. Lakin aydın məsələdir ki, Kirman terroru İranın son aylarda Yaxın Şərqdəki fəallığına cavabdır. Və ya bu aktın müəlliflərinin əsas istəyi bunun belə görünməsidir. Tehranın Həmas və Hizbullaha dəstəyi, həmçinin İraq və Suriyadakı İran proxy qüvvələrinin ABŞ-ın bu ölkələrdəki bazalarına hücumları, Yəməndə husi üsyançılarının Qırmızı dəniz ticarət yollarını iflic etməsi Tehrana qarşı ciddi qəzəbə səbəb olub. 

Hələlik terrorun məsuliyyətini üzərinə götürən olmasa da, ilkin olaraq iki əsas şübhəli var. Birincisi, son illərdə İranda bir neçə terror aktına imza atmış İŞİD qruplaşması və İslam Respublikasının ideoloji düşməni "Xalqın Mücahidləri" qruplaşmasıdır. İcraçıların bu iki qrupdan biri olması ehtimalı yüksəkdir. Xatırladaq ki, 2022-ci ilin noyabrında Şiraz şəhərində Şahçıraq ziyarətgahında törədilən terror aktının məsuliyətini İŞİD üzərinə götürüb. "Xalqın Mücahidləri" qrupu isə İslam Respublikası mövcud olduğu dövrdə ona qarşı terror hücumlarını davam etdirib. Bu mənada hazırda əsas şübhəli bu iki təşkilatdlr. Amma icraçıdan fərqli olaraq sifarişçi şübhəlilər siyahısı isə daha genişdir.  

Həm S.Aruri sui-qəsdi, həm də Kirmanda baş verən terror hadisəsi regionda gərginlyi daha da artıracaq. Və ya artırmağa hesablanıb. İki sui-qəsdin əsas hədəfi həm Livanı, həm də İranı Yaxın Şərqdə byük müharibəyə cəlb etməkdir. Rəsmi açıqlanmasa da, güman ki, həm Tehran, həm də Həmas sui-qəsdin əsl sifarişçilərini yaxşı tanıyır. Amma tez bir zamanda hansısa cavab zərbələri də gözləmək tələsiklik olar. Amma şübhəsiz ki, baş verənlər 7 oktayrın 7-dən başlayan gərginliyin daha da yüksəlməsi, ya da başqa sözlə, daha dramatik mərhələsidir. 

Bu arada yanvarın 4-də İran prezidentinin Türkiyəyə səfəri nəzərdə tutulurdu, güman ki, bu səfər də təxirə düşəcək. 

 

Digər xəbərlər