İran rezident-generalının müəmmalı ölümü

  • 27.12.2023
  • 146 baxış

 İsrail aviasiyasının zərbələri nəticəsində İran ordusunun Suriyadakı əsas təlimatçısı və ya böyük ehtimalla təlimatçılarının rəhbəri briqada generalı Seyid Razi Musəvi həlak olub. Hadisə Dəməşq yaxınlığında Seyidə Zeynəb qəsəbəsində baş verib. Güman ki, İsrail ordusunun əlində Seyid Razinin yeri ilə bağlı dəqiq məlumat olub. 
Hadisə yerində başqa şəxslər olsa da, İran tərəfi digər itkilər haqqında əlavə məlumatlar vermir. Lakin artıq dünəndən İran mediası həlak olan general haqqında geniş yazılar, məlumatlar dərc edir. Hətta hadisəyə İran prezidenti də münasibət bildirib və qisas alınacağını qeyd edib. 
Mediadakı məlumatlardan belə məlum olur ki, Seyid Razi “İnqilab Keşikçilərinin” Qüds briqadasının Suriyadakı əsas rezidentlərindən biri, 2020-ci ildə Bağdadda amerikalılar tərəfindən öldürülən general Qasim Süleymaninin yaxın adamı olub. Həmçinin onun general rütbəsində olması belə deməyə əsas verir ki, Suriyadakı İran qüvvələrinin koordinatoru bu şəxs olub. 
Təbii ki, Seyid Razi ən azı 10 ildir ki, Suriyadadır, Qüds briqadası və İran Proxy qüvvələrinin fəaliyyətini istiqamətləndirib. Ancaq onun məhz indi, Qəzzada müharibənin amansız şəkildə davam etdiyi, husilərin Qırmızı dənizdə İsrailə gedən gəmilərin qarşısını aldığı və Suriya-Livan cəbhəsindən İsrailə qarşı təhdidlərin artdığı bir vaxtda qətlə yetirilməsi maraq doğurur. 
Belə görünür ki, Seyid Razinin koordinatlarını İsrailə 3-cü qüvvələr ötürüb. Əks halda İsrail daha əvvəl Razinin yerini müəyyən edib vurardı. Maraqlı bir detal ondan ibarətdir ki, bir gün əvvəl təxminən 12 ildən sonra Suriyanın səfiri Əbdülməcid əl-Samari Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Məhəmməd Eymen əl-Suzandan Suriya səfirliyinin fəaliyyətinə icazə verən sənədi alıb. İki hadisə arasında hansısa bağın olduğunu indidən demək çətin olsa da, hər halda Suriya və Səudiyyə Ərəbistanı barışığı fonunda İran general-rezidentinin öldürülməsi çox diqqət cəlb edir. Əlbəttə, indi şübhə siyahısı çox genişdir. Konkret olaraq hansısa ölkəni ittiham etmək mümkün deyil. Lakin fakt odur ki, diqqətlərin Qəzzay ayönəldiyi bir vaxtda Suriyada iranlı generalın öldürülməsində kənar qüvvələrin əli olub. 
Yeri gəlmişkən, 15 il əvvəl Hizbullahın hərbi qanadının komandiri İmad Muğniyə də Dəməşq yaxınlığında gizləndiyi qəsəbələrdən birində sui-qəsd nəticəsində öldürülmüşdü. Daha sonra İ.Muğniyənin ərəb ölkələrindən birinin kəşfiyyatının ötürdüyü məlumat nəticəsində ələ keçdiyi və İsrail kəşfiyyatçıları tərəfindən öldürüldüyü iddia edildi. İlk baxışdan çox bənzərlik hiss olunur. 

Digər xəbərlər