Qırmızı dənizdə hücu hücumları Avropa dəniz ticarətinə ciddi zərbə vurur

  • 22.12.2023
  • 89 baxış

Yəmən husilərinin Qırmızı dənizdə üzən İsrailə məxsus və ya bu ölkəyə yük aparan gəmilərə hücumu qlobal problemı çevrilir. ABŞ-ın husilərin Bab əl-Məndəb boğazından keçən gəmilərə hücumunun qarşısını almaq üçün koalisiya qurmasına cavab olaraq Yəmənin husi hökuməti səfərbərlik elan edib. 
2014-cü ilin 22 sentyabrında Yəmənin paytaxtı Səna şəhərini ələ keçirərək yeni hökumət quran husilər 2015-ci ildə Yəmənə hücum edən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi 10 ölkədən ibarət koalisiya ilə uzun illər vuruşmaqla hərbi-siyasi təcrübə qazandılar. Yeri gəlmişkən. hazırda Yəməndə atəşkəsdir, Səudiyyə Ərəbistanı və İranın vasitəçiliyi ilə danışıqlar prosesi gedir. 
Həmasın İsrailə hücumu və ardınca İsrailin Qəzzanı bombalamasından sonra oktyabrın sonlarında ilk dəfə Yəmən husiləri İsrailə cavab zərbəsi endirəcəklərini elan edəndə dünya bunu ciddi qarşılamadı. Lakin daha əvvəl Səudiyyə Ərəbistanında ARAMCO terminallarını və Dubay limanını raket və PUA ilə vuran husilərin tezliklə İsrailin Qırmızı dənizdəki limanlarını raket və dronlarla vurması narahatlığı artırdı. Düzdür, bu raket və dronların böyük hissəsi ABŞ və müttəfiqlərinin Qırmızı dənizdəki gəmiləri. eləcə də İordaniyadakı HHM sistemləri tərəfindən havada vurulurdu, lakin sızan məlumatlara görə bir neçə raket və dron İsrail ərazisinə düşmüşdü. 
Noyabrın 21-də isə husilərin gözlənilməz hərəkət edərək Qırmızı dənizdə Yaponiyadan İsrailə yük apardığı iddia edilən konteyner gəmisini ələ keçirdilər. Dekabrın 3-də isə ilk dəfə husilər bu dəfə Yəmən sahil ərazilərindən Qırmızı dənizdən keçən və İsrailə yük apardığını iddia etdikləri gəmiləri raket atəşinə tutdular. Bu isə husilərin həm də sahildən gəmiləri vurmaq imkanına sahib olduğunu göstərdi. 
Bu artıq ciddi təhdid idi və çox tezliklə dünyanın nəhəng yükdaşıma şirkətləri Qırmızı dənizdən hərəkət etməkdən imtina etdiklərini elan etdilər. Bunların arasında “Mediterranean Shipping Company (Aralıq Dənizi Gəmiçilik Şirkəti), Fransaya məxsus CMA GGM, Danimarkaya məxsus Maersk, Almaniyaya məxsus “Hapag-Lloyd” və BP şirkətləri var idi. 
Belə görünür ki, ABŞ-ın husi hücumuna qarşı gəmiləri qorumaq məqsədi ilə yaratdığı dəniz koalisiyası belə böyük şirkətləri fikrindən döndərməyib. 
Artıq indidən ekspertlər husilərin Qərb iqtisadiyyatına ciddi zərər vuracağını hesablayır. Söhbət itirilən vaxt və yanacaqdan gedir. Belə ki, Çin və ya Tayvandan çıxan yük gəmisi orta standart sürətlə Avropaya Qırmızı dənizdən keçməklə 25 gün ərzində, 18,5 min kilometr qət etməklə çatdığı halda, alternativ Afrikanın cənubundan dolanıb keçməklə 34 gün və 25 min kilometr məsafə qət etməli olur. Aradakı fərq və itirilən zaman çox aydındır. 
ABŞ-ın Qırmızı dənizdə ikinci cəbhə açaraq husilərə qarşı raket və aviasiya zərbələrinin Qırmızı dənizi nə qədər təhlükəsiz vəziyyətə gətirəcəyini demək çətindir, lakin bir şey aydındır ki, husi hücumları Qərb ölkələri, o cümlədən İsrail üçün ciddi başağrısına çevriləcək.

Digər xəbərlər