Yaxın Şərqdə “ikinci cəbhə”

  • 20.12.2023
  • 99 baxış

ABŞ-ın Qırmızı dənizdə hərbi-dəniz koalisiyası yaratması regionda yeni müharibəyə səbəb olacaq kimi görünür. Xatırladaq ki, ABŞ müdafiə naziri Devid Ostin Qırmızı dənizdə husilərin ticarət gəmilərinə hücumlarına qarşı mübarizə məqsədi ilə bir çox ölkənin qatıldığı geniş hərbi-dəniz koalisiyasının yaradılacağını bəyan edib. Artıq koalisiyaya qatılan ölkələrin ikin siyahısı da elan olunub. Siyahıda əsasən Avropa ölkələri yer alır.
Əlbəttə, bu tip koalisiyalarda əsas hərbi güc bir neçə ölkənin, konkret halda koalisiyanın arardıcılarının üzərinə düşür. Başqa sözlə, ABŞ hazırkı vəziyyətdə Yəmənə hərbi müdaxilə üçün şərtləri hazırlayır deyə bilərik. Aydın məsələdir ki, indiki vaxtda ABŞ Yəmənə quru qoşunları ilə deyil, husilərin dəniz və raket gücünü yox etməyə çalışacaq. Çünki Yəmən husiləri indi təkcə Qırmızı dənizdə üzən ticarət gəmiləri üçün deyil, həm də İsrail üçün təhdid təşkil edir. 
Ancaq Yəmən – husi – hökumətinin müdafiə naziri Nasir əl-Atifi ABŞ-a xəbərdarlıq edib ki, Qırmızı dəniz amerikalılar üçün qəbiristanlıq olacaq, Yəmən ABŞ-ın gəmiləri, sualtı qayıqları, təyyarədaşıyan gəmiləri batırmaq gücündədir.  
Nəzərə almaq lazımdır ki, ABŞ-ın 2021-ci ilin fevralın qədər dəstəklədiyi Səudiyyə Ərəbistanının liderlik etdiyi 10 ölkədən ibarət koalisiya 2015-ci ildən bu yana böyük hərbi güc tətbiq etməsinə baxmayaraq Yəməndə husilərə qalib gəlmək mümkün olmadı. Bu mənada yeni koalisiyanın Yəmən husi hakimiyyətini hərbi məğlubiyyətə uğratması ehtimalı azdır. Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı və BƏƏ husilərə qarşı cəbhədə yer alsalar da, ABŞ-ın dəniz koalisiyasına qatılmayıblar.
Lakin yeni müharibə ocağı müəyyən qədər diqqəti Qəzza mövzusundan yayındıra, Qırmızı dənizdə əsasən İsrailə gedən yüklərin daha təhlükəsiz hərəkəti və husilərin İsrailə atdığı raket və dronların qarşısını almaqda faydalı ola bilər. Bu mənada Yaxın Şərqdə “ikinci cəbhə”nin açılması daha çox İsraili qorumaq üçün Vaşinqtonun alternativ planı kimi qəbul olunmalıdır.

Digər xəbərlər