İraqda uzun fasilədən sonra bələdiyyə seçkiləri

  • 18.12.2023
  • 125 baxış

Dekabrın 18-də İraqda bələdiyyə seçkiləri keçirilir. Seçkilər İraqın kürd muxtar vilayətinə daxil olan 3 əyaləti istisna olmaqla qalan 15 əyalətində keçirilir. Sonuncu dəfə 2013-cü ildə İraqda bələdiyyə seçkilərinin keçirildiyini nəzərə alanda bu seçkilərin xüsusi əhəmiyyət daşıdığını demək olar. Kərkükdə isə sonuncu dəfə bələdiyyə seçkiləri 18 il əvvəl 2005-ci ildə keçirilib.

Bələdiyyə seçkilərində təxminən 35 min məntəqədə 16 milyon insan səs verəcək. Qeyd edək ki, İraq qanunlarına əsasən bu ölkədə bələdiyyə seçkiləri 4 ildən bir keçirilməli olsa da, həmin vaxt İŞİD-lə mübarizə səbəbi ilə seçkilər təxirə salınıb. Sonrakı 2019-cu ildə isə İraqda baş verən etirazlar səbəbi ilə bələdiyyə seçkilərini keçirmək mümkün olmayıb. 2021-ci ildə isə ölkədə növbədənkənar parlament seçkiləri keçirildi. Bu səbəbdən də bələdiyyə seçkiləri 2023-cü ilə qədər təxirə düşdü.

İraq bələdiyyə seçkilərinə çox ciddi bir maraq var, baxmayaraq ki, qonşu ərəb ölkələri mediası İraq əhalisinin seçkiləri boykot edəcəyini iddia edir. Belə ki, seçkilərdə 250-dən artıq siyasi partiya və 30 siyasi blok iştirak edəcək. Ümumilikdə 15 vilayət məclisində 275 üzvü yeri uğurunda  5904 namizəd mübarizə aparacaq. 70 yer isə qadınlar üçün ayrılıb.

İlk olaraq təhlükəsizlik qüvvələri ölkədəki xüsusi vəziyyətlə əlaqədar olaraq bir gün əvvəl dekabrın 17-də səs verib.

İraq türkmənləri bu seçkiyə çox ciddi şəkildə hazırlaşır. Çünki yerli bələdiyyələrdə möhkəmlənmək iraqlı türkmənlərin hüquqlarını əlsə etməsi və siyasi fəallığının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Oktyabrda Bakıda olan Türkmən siyasətçilər də bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşdıqlarını və ciddi nəticələr gözlədiklərini demişdilər.

Qeyd edək ki, türkmənlər əsasən Neynəva, Səlahəddin, Diyalə və Bağdad əyalətlərində səs verəcəklər. Türkmən siyasi qüvvələrin mühüm bir qismi İraq Türkmən Cəbhəsi (İTC) liderliyində qurulmuş Birləşmiş İraq Türkmənləri Cəbhəsinin siyahısı ilə seçkilərə gedir.

Bu seçkilərin nəticəsindən asılı olaraq türkmənlərin Kərkükdə mövqelərinin güclənməsi, bu şəhərdə aparılan məqsədli kürdləşmə və ərəbləşmə siyasətinə qarşı türkmənlərin daha da güclənməsi, eləcə də əksəriyyətinin türkmənlərdən ibarət olduğu Təlafər qəzasının qarşıdakı dövrdə əyalət statusu alması imkanlarını artıra bilər. Həmçinin seçkilərdə türkmən partiyalarının uğuru onların yerli idarəçilikdə daha yaxşı təmsil olunması və qarşıdakı dövrdə İraq siyasətində daha təsirli rol almalarına səbəb ola bilər.  

Qeyd edək ki, bələdiyyə seçkilərinin uğurlu olması İraqın nəhayət federal idarəçiliyinin daha da möhkəmlənməsi, yerli idarə orqanlarının daha da fəallaşması üçün yeni bir fürsətdir. İraq federal respublika olsa da, müharibə və daxili qeyri sabitlik səbəbi ilə ölkədə mərkəzi hakimiyyət aparıcı rola malik olub.

 

Digər xəbərlər