Qəzza müharibəsi getdikcə daha dərin dalana çevrilir

  • 16.12.2023
  • 79 baxış

Cümə günü İsrailin baş naziri Beynamin Netanyahu ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Cek Sallivanla görüşüb. Sallivanın İsrailə səfərinin əsas məqsədi Vaşinqtonu getdikcə daha çox narahat edən Qəzzada dinc əhali ölümləri və zolağa yardımın buraxılması kimi mövzuları müzakirə etmək olub. 
Maraqlıdır ki, İsrail baş nazirinin ofisi görüşlə bağlı yaydığı açıqlamada qeyd olunur ki, baş nazir Netanyahu amerikalı rəsmilərə Qəzzada müharibəni davam etdirməkdə qərarlı olduqlarını bildirib. Bu açıqlamadan belə görünür ki, Vaşinqton Sallivanı göndərməklə İsrail müharibə kabineti ilə atəşkəs imkanlarını müzakirə etmək və İsrailin atəşkəsə münasibətini öyrənməyə çalışır. Lakin cavab birmənalı olub. 
Nə qədər qəribə də olsa hətta ölkə daxilində artan atəşkəs çağırışları fonunda İsrailin indi atəşkəsə və müharibəni dayandırmağa getməsi ehtimalı günü-gündən azalır. İsrailin sağçı kabinetinin və ordunun qarşısında yeganə seçim var: müharibəni davam etdirmək və Həması, eləcə də digər silahlı qrupları Qəzzadan tamamilə təmizləyənə qədər vuruşmaq və zolağı tam nəzarətə götürmək. 
Bundan başqa bütün digər variantlar, yəni atəşkəs sazişi, müharibənin hər hansı şəkildə dayandırılması İsrailin məqsədinə nail olmaması və silahlı qrupların qələbəsi kimi qarşılanacaq. 
Əgər Netanyahu hakimiyyəti bu müharibəni yarımçıq dayandırsa ilk növbədə özü hakimiyyətlə vidalaşmalı, böyük mənada isə İsraildə siyasi qüvvələrin yerdəyişməsi baş verməli, radikal sağ geri çəkilərək iqtidarı digər partiyalara verməlidir. Bu səbəbdən də Netanyahu və onun komandası geri çəkilmək istəmir. nəyin bahasına olursa-olsun Qəzzada əməliyyatı Həması tamamilə yox edənə qədər davam etdirməyə çalışır. 
Ancaq müharibənin uzanması da Qəzza zolağında dinc insan itkisinin sayının hər gün artması, bölgədə humanitar fəlakətin daha da dərinləşməsi ilə nəticələnir. Bu səbəbdən də hazırkı vəziyyət getdikcə daha dərin dalana çevrilir. 

Üstəlik dünən İsrail ordusunun "yanlışlıqla" 3 israilli girovu güllələyib öldürməsi Netanyahu hökumətini çətin vəziyyətə salıb. İsrail ictimaiyyəti hökumət əleyhinə aksiyalar keçirərək hökuməti atəşkəsə getməyə və girov dəyişikliyi danışıqlarını bərpa etməyə çağırır. Dünənə qədər müxtəlif bəhanlərlə müqavimət göstərən Netanyahu hökuməti israilli girovların ordu tərəfindən öldürülməsindən sonra daha çətin vəziyyətə düşüb. Xarici mediada artıq Qətər və İsrail rəsmiləri arasında yenidən atəşkəs danışıqlarının bərpa olunması barədə xəbərlər yayılıb. Belə görünür ki, ən azı göstəriş naminə İsrail Həmasla danışıqlara gedəcək. Üstəlik Qəzzada əməliyyatların cidid nəticə verməməsi, əksinə istikilərin artması İsrail ordusunu Qəzzada dalana salır. Son hadisələr Netanyahunun təslim olmağa vadar edəcək kimi görünür, lakin baş nazir hələ də müqavimtə göstərir. 

Digər xəbərlər