YOL AYIRICINDA

  • 11.10.2023
  • 87 baxış

2023-cü ilin iyulunda İran və Rusiya arasında baş verən hadisələr onların münasibətlərini daha yaxşı anlamağa imkan yaradacağını düşünməyə əsas verir. İlk baxışdan kiçik texniki bir məsələnin iki ölkə münasibətlərinin təftiş olunması və diplomatik gərginliyə qədər yüksəlməsi onu göstərib, İran-Rusiya münasibətləri kövrəkdir. Üstəlik, aydın olub ki, hər iki ölkədə belə düşünən ciddi bir kütlə var.

 

Moskvanın texniki “xətası”, yoxsa düşünülmüş addımı?

Hər şey iyulun 10-da Moskvada təşkil olunan Rusiya-Körfəz Əməkdaşlıq Şurasının 6-cı Strateji Dialoq Toplantısından sonra baş verib. Belə ki, toplantının yekun bəyanatına ənənəvi olaraq Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tələbi ilə İran və BƏƏ arasında mübahisəli 3 ada – Böyük, Kiçik Tunb və Əbu Musa – haqqında bənd salınıb. Məlum olduğu kimi, BƏƏ adalara iddia edir və bu probleminin beynəlxalq hüquq çərçivəsində həllini təklif edir. Amma sənəddəki bu bənd, həmçinin bəyanatın ərəb variantında Fars körfəzinin Bəsrə körfəzi adlandırılması gözlənildiyi kimi, İranda çox ciddi etiraza səbəb olub.

Qeyd edək ki, İran adıçəkilən adaları özünün suveren ərazisi hesab edir və hər hansı bir bəyanatda adaların hüququnun mübahisələndirilməsini ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirir. Moskva Bəyannaməsi dərc edildikdən dərhal sonra Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə dəvət edilib, ondan izahat tələb edilib və adaların İrana aid olduğu xatırladılıb. Bu narazılıq Rusiya-İran münasibətləri tarixində ilk və yeganə hal deyil.

 

Üç ada ilə bağlı problem

Fars körfəzində, strateji əhəmiyyətli Bəndər Abbas yaxınlığında, Hörmüz boğazına girişdə yerləşən Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları 1903-cü ildə Böyük Britaniya tərəfindən işğal olunub və Şarca Əmirliyi adalarda dəniz limanı inşa etməyə başlayıb. Ancaq İran adalara iddialarını davam etdirib, 1949-cu ildə BMT-də adalara iddiasını irəli sürüb. Amma Böyük Britaniya adaları İrana qaytarmayıb. 1971-ci ildə Britaniya Birləşmiş Ərəb Əmirliklərinin müstəqilliyini tanıyanda adaları da BƏƏ-yə təhvil verib. Yalnız bundan bir neçə gün əvvəl İran və Şarca Əmirliyi arasında adaların bölüşdürülməsi barədə müqavilə imzalanıb. Bu müqaviləyə əsasən Kiçik və Böyük Tunb adaları İrana verilməli, Əbu Musa adası isə iki ölkə arasında bölünməli idi. Adaların gəlirləri bərabər bölünməli idi. Ancaq BƏƏ müstəqil dövlət kimi elan olunduqdan dərhal sonra İran hər üç adanı ələ keçirərək öz ərazisi elan edir. Böyük Britaniya isə bu addıma hər hansı etiraz etmir. Ancaq sonrakı illərdə adaların strateji əhəmiyyəti və zəngin neft-qaz bölgəsində yerləşməsi adalar uğrunda mübarizəni gücləndirib. Birləşmiş Ərəb Əmirlikləri İranın adaları ələ keçirməsini qanunsuz elan edərək beynəlxalq hüquqi proses başladıb. İran isə adaları tarixi ərazisi adlandıraraq adalar mövzusunun mübahisələndirilməsinə qarşı çıxır.

 

İran rəsmilərini qəzəbləndirən mövzu

Ötən ilin dekabrında Çin dövlət başçısının körfəz ölkələrinin toplantısında iştirak etməsi və bu zaman qəbul olunan bəyanatda 3 ada mövzusunun gündəmə gətirilməsi İranda ciddi etiraz doğursa da, Çin baş nazirin müavinini İrana göndərərək aradakı soyuqluğu diplomatik və siyasi kanallar vasitəsilə həll etməyə nail olub. Lakin maraqlıdır ki, Tehranın Rusiya hakimiyyətinin adalarla bağlı mövqeyinə münasibəti daha sərt idi.

Bu dəfə İran Xarici İşlər Nazirliyinin rəsmi bəyanatından sonra İranın bir sıra rəsmi şəxsləri, siyasətçiləri, ekspertləri və hərbçiləri Rusiyanın hərəkətlərini pisləyərək Moskvanın ölkənin ərazi bütövlüyünə hörmətsizlik etdiyini bildiriblər. Mövzunun müzakirəsi hətta ölkənin ali qanunverici orqanında da qaldırılıb və parlamentin spikeri Məhəmməd Baqir Qalibaf Rusiyanın adalar mövzusundakı mövqeyini sərt şəkildə tənqid edib.

“Qonşumuz Rusiya bilməlidir ki, əməkdaşlıq yolu İran xalqının qırmızı xətlərinə, o cümlədən ərazi bütövlüyünə və İranın adalar üzərində suverenliyinin davamlılığına hörmətdən keçir”, - Məhəmməd Baqir Qalibaf deyib.

Qalibafın Rusiya ilə əməkdaşlığa müsbət yanaşan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı olduğunu nəzərə alsaq, İrandakı həyəcanın miqyasını anlamaq olar.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Vahid Cəlalzadə “Twitter” səhifəsində yazıb ki, Moskvanın İrana qarşı qeyri-adekvat mövqeyi iki ölkə arasında münasibətlərin xeyrinə deyil.

Beynəlxalq məsələlər üzrə ekspert Mehdi Mütəhərniya isə yerli mediaya müsahibəsində deyib ki, Ukrayna müharibəsinin yaratdığı siyasi təcrid və “Vaqner” böhranından sonra Rusiya Prezidenti Vladimir Putin əvvəlki nüfuzunu itirib, bu səbəbdən Rusiya Tehranı qurban verməklə ərəb ölkələrindən dəstək almaq istəyir: “Əks halda, belə bir mövqeni necə izah etmək olar?”

İranın keçmiş prezidentinin siyasi müşaviri Həmid Əbutalebi isə qeyd edib ki, İran 2015-ci il nüvə sazişində Rusiyaya görə uduzub, üstəlik Ukrayna müharibəsi ilə bağlı “tələyə düşərək” Rusiyanın arzularını yerinə yetirib, onlara sanksiyalardan yayınmağın yollarını öyrədib: “Bunun əvəzində isə ruslar ilk fürsətdə İranın milli suverenliyini təhlükəyə atan sənədə imza atıb”.

Göründüyü kimi, adalar mövzusundan başlayan müzakirələr İran-Rusiya münasibətlərinin yenidən baxılmasına qədər yüksəlib.

 

Rusiyanın silah təchizatına inamsızlıq

Münasibətlərin kəskinləşməsinin digər səbəbi Rusiyanın “Su-35” qırıcılarının İrana verilməsinin nəzərdə tutulduğu dövlət sifarişini yerinə yetirməməsidir. Rusiya ilə hələ 2021-ci ildə razılaşma əldə olunub. O zaman iddia edilirdi ki, Rusiyanın Misirə satmağa hazırlaşdığı 24 təyyarə Qahirənin imtinasından sonra İrana tədarük edilməsinə qərar verib. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra isə İranın çox sayda pilotsuz uçuş aparatları və raketlər müqabilində Rusiyadan külli miqdarda silah və texnika almaq ehtimalı artıb.

“Su-35”in İrana göndərilməsi məsələsi bu ilin əvvəlində, Tehran hava limanındakı təyyarələri əks etdirən video yayımlananda müzakirə olunub. Lakin sonradan İran bu faktları təkzib edib. İran Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Həmid Vahedi dövlət televiziyasına müsahibəsində Rusiyadan sifariş edilən döyüş təyyarələrinin hələ də çatdırılmadığını bildirib.

Əlbəttə, bu ilin martında təhvil verilməli olan qırıcıların gecikməsi müəyyən qədər anlaşılandır. Çünki Rusiya hazırda Ukraynada müharibə aparır və onun özünün yeni döyüş təyyarələrinə daha çox ehtiyacı var. Lakin İranda bir çoxları hesab edir ki, Rusiya rəhbərliyi Qərb və xüsusən də İsraillə razılaşaraq məqsədli şəkildə qırıcıların verilməsini yubadır. Tehranda hələ də Moskvanın “S-300” zenit-raket komplekslərini satmaqdan imtinasını bağışlaya bilmirlər.

Xatırladaq ki, 800 milyon dolar dəyərində 5 ədəd “S-300” batareyasının alınması ilə bağlı Moskva-Tehran razılaşması 2007-ci ildə imzalanmışdı. Lakin 2009-cu ildə Rusiya rəhbərliyi İrana qoyulan sanksiyaları əsas gətirərək “S-300”lərin təhvil verilməsindən imtina etmiş, daha sonra isə yalnız nüvə sazişi imzalandıqdan sonra S-300-lərin veriləcəyini açıqlamışdı.

Növbəti dəfə İranın Rusiyadan “S-400” HHM alması cəhdi 2019-cu ildə olub. Ozamankı XİN rəhbəri Cavad Zərifi Moskvaya səfər etsə də, sonradan məlum olub ki, Rusiya prezidenti “S-400” satışına icazə verməyib.

Rusiyanın Suriyada İranla açıq şəkildə birgə hərəkət etməməsi, bir çox hallarda Tehranın maraqlarını nəzərə almaması, həmçinin Cənubi Qafqaz siyasətində Tehranı “tək qoyması” Moskvaya qarşı incikliyin səbəbləri sırasındadır. Xatırladaq ki, İran dini liderinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti iyul ayında geniş məqalə dərc edərək Rusiyanı “xarici qüvvələrin” Cənubi Qafqaza müdaxiləsinin qarşısını almaq üçün hərəkətə keçməyə çağırıb.

İndi isə Ukrayna müharibəsindən sonra iki ölkə arasında bu qədər yaxınlaşmanın olduğu bir vaxtda Moskvanın hərbi təyyarələri verməməsi Tehranda Moskvaya qəzəbi və incikliyi daha da artırır. Xüsusən də bu mərhələdə ənənəvi qərbyönümlü qüvvələr hesab olunan “islahatçılar”la yanaşı, Rusiya ilə yaxınlaşma tərəfdarı olan hərbi qanad, xüsusən də SEPAH-ın incikliyini açıq büruzə verməsi kifayət qədər təəccüblü məqamdır. Məsələn, SEPAH-ın və mühafizəkar qanadın təmsilçisi olan xarici işlər naziri Hüseyn Əmir Abdullahianın adalar mövzusunda Rusiyanın ünvanına sərt açıqlamaları ənənəvi İran siyasəti nöqteyi-nəzərindən gözlənilməz idi.

Maraqlıdır ki, xarici işlər naziri vəzifəsində Abdullahianın sələfi Cavad Zərif (“islahatçılar”ın görkəmli nümayəndəsi) İranın Qərblə Rusiya arasında strateji seçimi ilə bağlı silsilə məqalələr dərc edib. İran siyasi elitasında bu məsələ ilə bağlı ciddi müzakirələrin getdiyini aydın şəkildə izləyirlər. Bir sözlə, Zərifin açıqlamalarının mahiyyəti belədir: Tehran praqmatik xarici siyasət xəttinə əməl etməli və onu öz milli maraqları əsasında qurmalıdır. Başqa sözlə, Zərif Qərb və ya Rusiya arasında strateji seçim əvəzinə, İranın taktiki maraqlarının təmin edilməsinə əsaslanan dəyişkən siyasətin aparılması konsepsiyasını təklif edir.

Daha bir nüans: iranlıları Rusiya ilə bağlı bu qədər kəskin danışmağa vadar edən yalnız Moskvanın adalar mövzusundakı xətası və ya silah satışındakı məsuliyyətsizliyi olmaya bilər. Bu mövzuda daha bir incə detal hazırda yarıgizli davam edən nüvə danışıqlarıdır. Getdikcə daha çox iranlı rəsmi şəxs nüvə razılaşması ilə bağlı müsbət danışmağa başlayıb. Hətta İranın ali dini lideri belə “İranın maraqlarını qorumaq şərtilə” danışıqlara razı olduğunu deyib.

Görünən odur ki, getdikcə daha çox iranlı Cavad Zərifin mövqeyini bölüşür. Yəni xarici siyasət birxətli olmamalı, cari dövlət maraqlarına xidmət etməlidir. Ancaq əlbəttə ki, İran və Rusiya arasında əlaqələr son illərdə çox dərinləşib və İranda hələ də mühafizəkar cinahda Rusiya ilə əməkdaşlığa isti yanaşan ciddi qrup var. Buna görə də deyə bilərik ki, son hadisələr iki ölkə üçün dönüş nöqtəsindən daha çox sınaq xarakteri daşıyır. Bu hadisələr göstərib ki, heç də bütün iranlılar Rusiyanı bəyənmir və onunla münasibətlər çox da möhkəm təməl üzərində qurulmayıb.

Digər xəbərlər