İran və Türkiyə arasında Qəzza mövzusunda fikir ayrılığı

  • 14.12.2023
  • 105 baxış

Qəzza müharibəsinin gedişində müşahidə olunan Türkiyə-İran yaxınlaşması səssiz-sədasız dayandı. İran prezidentinin noyabrın 28-də Ankaraya nəzərdə tutulan və əsas mövzusunun Fələstin məsələsi təşkil edəcəyi səfərinin son anda təxirə salınmasının səbəbləri ilk günlərdə açıqlanmasa da, indi artıq getdikcə bu barədə daha açıq yazılmağa başlayıb. 
Məlum olduğu kimi, Türkiyə hakimiyyəti müharibənin ilk günlərində barışıq çağırışlarını sonrakı günlərdə İsrailin Qəzzada həyata keçirdiyi amansız bombardmanlara görə dəyişdi və Ankara İsrailə qarşı sərt mövqe göstərməyə başladı. Hətta İsraili terrorda ittiham edərək Həması müdafiə etdi. 
Bu isə İranla Türkiyəni yaxınlaşdırdı. Lakin sonrakı prosesdə İranın Ciddə İƏT sammitində Türkiyə başda olmaqla ərəb ölkələrindən daha sərt mövqe tələb etməsi, üstəlik Ciddə sammitində atəşkəs çağırışı edən ölkələr sırasında yer almaması Ankara və Tehran arasında baxış və yanaşma fərqini üzə çıxardı. 
Başqa sözlə, Türkiyə İsrailə qarşı sərt mövqe tutmaqla yanaşı, müharibənin dayaması və sülh prosesini müdafiə edir. İran isə müsəlman ölkələrinin İsrailə qarşı daha sərt tədbirlər görməsi və paralel olaraq savaşın davam etməsi tərəfdarı kimi çıxış edir. 
Bu səbəbdən də sonrakı həftələrdə Ankara Tehranın radikal xəttində deyil, ərəb körfəz ölkələrinin sülh və atəşkəs çağırışı xəttinə yaxınlaşdı. Bu səbəbdən də Ərəb Liqasının Doha (Qətər) toplantısına İran deyil, Türkiyə prezidenti dəvət edildi. Hazırda beynəlxalq platformalarda iki ölkə Fələstin məsələsində həmrəylik nümayiş etdirsə də, iki ölkə arasında münaqişə ilə bağlı kəskin fikir ayrılığı davam edir.

Digər xəbərlər