Qəzzada atəşkəs niyə uzadılmadı?

  • 02.12.2023
  • 171 baxış

Noyabrın 24-dən başlayan Qəzza atəşkəsi dekabrın 1-də sona çatıb. İsrail ordusu sosial mediada yaydığı açıqlamada Həmasın humanitar atəşkəsi pozaraq İsrailə raket atdığını və buna görə də hərbi əməliyyatların bərpa olunduğu bildirilir.

 

Baş nazir Benyamin Netanyahu isə yaydığı açıqlamada Həmasın daha çox girovu azad etmək istəməməkdə ittiham edərək bununla da atəşkəsi pozduğunu qeyd edib. Netanyahu İsrail ordusunun Həması məhv etmək və Qəzzanı İsrailə qarşı heç zaman təhdid yaratmaması məqsədinə nail olana qədər əməliyyatları davam etdirəcəyini bəyan edib.

Xatırladaq ki, 24 noyabrda qüvvəyə minən və iki dəfə uzadılan atəşkəs prosesində Həmas qruplaşması 80-ı israilli olmaqla 110 girovu azad edib. İsrail isə bu müddətdə əsas qadın və uşaqlardan ibarət olmaqla 240 fələstinli məhkumu azad edib.

Maraqlıdır ki, dünən ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. Bu, 7 oktyabrdan bu yana Blinkenin İsrailə 4-cü səfəridir. Dövlət katibi İsrail müdafiə naziri ilə görüşündə bildirib ki, İsrail Həmasa qarşı əməliyyatları Qəzzanın cənubuna keçirməməlidir. İlk dəfə Vaşinqton rəsmisi İsrail tərəfinə qəti mövqe bildirib.

Qeyd edək ki, son günlərə qədər bir sıra dövlət adamları, eləcə də hadisə yerində olan jurnalistlər atəşkəsin uzanacağını ehtimal edirdi. Ancaq belə görünür ki, ABŞ, NATO və Aİ rəhbərliyinin İsrailin atəşkəsi davam etdirməsi üçün etdiyi təzyiq nəticə verməyib. Məsələ ondadır ki, İsraildə sadə vətəndaşlar, müxalifət hökuməti atəşkəsi davam etdirməsi və bütün girovların azad edilməsi üçün hökumətə təzyiq edir. Lakin atəşkəsin daha çox uzanması və nəhayət ehtimal edildiyi kimi, əməliyyatların bitməsi ilə nəticələnməsi ordu komandanlığı və baş nazirin mənafeyinə cavab vermir. Çünki müharibənin dayanması Həmasın gücü və nüfuzunu artırır, üstəlik İsrailin Qəzzada Həmasın varlığı ilə barışması mənasına gəlir. Bu isə 7 oktyabr hücumundan sonra tənqid hədəfinə tuş gələn İsrail ordusunun nüfuzuna zərbədir.

Eyni zamanda baş nazir Netanyahu da müharibə başa çatdıqdan sonra hökumətin istefaya getməsini nəzərə alaraq müharibənin dayanmasında maraqlı deyil. İndiki halda Netanyahunu yalnız Həmas üzərində qəti qələbə xilas edə bilər.

Lakin əməliyyatların bərpa olunması həm xaricdən, həm də ölkə daxilində baş nazir B.Netanyahuya qarşı təzyiqləri artıracaq. Nəticə etibarı ilə baş nazirin uzun müddət müharibəni davam etdirməsi mümkün olmayacaq. Güman ki, yaxın günlərdə atəşkəs yenidən qüvvəyə minəcək. Lakin müharibənin sonunda Netanyahunun hakimiyyətini itirməsi qaçılmazdır. Bu mənada müharibənin ən böyük zərbəsi həm də Netayahuya dəyəcək.

 

Digər xəbərlər