İranın Rusiyadan hərbi təyyarə və vertolyotlar alması təsdiqləndi

  • 30.11.2023
  • 101 baxış

İran Rusiyadan “SU-35” qırıcısı və Mi-28 vertolyotları alıb. Bu barədə yerli “Təsnim” saytına İranın müdafiə nazirinin müavini Mehdi Fərhi bildirib.

Fərhi deyib ki, Rusiyadan “Mi-28” hücum vertolyotu, “SU-35” qırıcıları və “YAK-130” təlim təyyarələrinin alınması başa çatıb.

Qeyd edək ki, İran və Rusiya arasında yeni döyüş təyyarələrinin alınması barədə razılıq bir neçə il əvvəl əldə olunub. Lakin bu ilin əvvəlində elan olundu ki, Ukraynada müharibə səbəbi ilə təyyarələrin təhvil verilməsi gecikir.

Yeri gəlmişkən, İrana BMT tərəfindən tətbiq olunan silah və hərbi texnika satışını yasaqlayan qanun bu ilin oktyabrında başa çatıb. Görünür ki, Tehran silah alışını məhz indi açıqlamaqla BMT sanksiyalarını nəzərə alıb.

Ümumiyyətlə, Rusiya və İran arasında silah və texnika alınması ilə bağlı razılaşmalar daha əvvəl olsa da, Moskva bir sıra modern silahların, o cümlədən S-300 HHM sistemlərini Tehrana satmaqdan imtina etmişdi. Lakin Ukrayna müharibəsi və Qərblə Rusiya arasında münasibətlər pisləşdikdən sonra Moskva-Tehran əlaqələri ciddi şəkildə inkişaf edib. İran Rusiyaya Pilotsuz Uçuş Aparatları (PUA) verib, iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq genişlənib.

İslam Respublikası sanksiyalar səbəbi ilə xaricdən təyyarə ala bilmir. Hazırda İran mülki və hərbi təyyarə parkının böyük hissəsini inqilabdan – 1979-cu il - əvvəl alınmış maşınlar təşkil edir. İran hərbi sənayesinin yaratdığı “Kövsər” döyüş təyyarələri isə hazırda kütləvi istehsal olunmur. Bu səbəbdən də Tehran təyyarə parkını indi Rusiya hesabına yeniləmək fürsəti əldə edib.

Digər xəbərlər