Həmas-Fələstin müharibəsi niyə baş verdi?

  • 29.11.2023
  • 74 baxış

Qəzzada 50 günə yaxın davaç edən müharibə artıq 6 gündür ki, atəşkəs fasiləsindədir. Bundan sonra müharibə təkrar başlayacağı, yoxsa atəşkəsin uzanacağını indidən demək çətindir. Ekspertlər atəşkəsin uzanacağını ehtimal edir. Çünki Həmas hər gün 10 girovu azad etməyi təklif edir. Bu isə atəşkəsin ən azı 15 gün uzanması deməkdir. Üstəlik İsrail ictimai rəyi, eləcə də beynəlxalq aləm müharibənin dayanmasını istəyir. ABŞ prezidenti Cozef Bayden də noyabrın 29-da bəyan edib ki, müharibənin davam etməsi Həmasa daha çox sərf edir. Başqa sözlə, ABŞ hökuməti İsrailin mühairbəni dayandırmasını istəyir. 

Ancaq hər bir halda müharibə dayansa belə, bu müvəqqti olacaq. Çünki münaqişə köklü şəkildə həll olunmadıqca Yaxın Şərqdə davamlı sülhdən danışmaq mümkün deyil. Ən yaxşı halda toqquşmalar bir neçə ay və ya il fasilə verəcək və növbəti bir "7 oktyabr" yenidən baş verəcək. 

Həmasın İsrailə qəfil hücumunun səbəblərinə gəlincə, bu, havadan, qəfil bir hadisə deyildi. Sadəcə illərlə orda baş verənləri, əl-Əqsa məscidinə hücum zamanı ölümləri, gündəlik aksiyalar, ərəb məskənlərinin söküntüsü və yeni yaşayış məskənlərinin tikintisi zamanı yaşanan qarşıdurmada ölənlərin statistikasını izləməyən adamlar üçün HƏMAS-ın İsrailə hücumu gözlənilməz hadisə təsiri bağışlayıb.

Bu, müharibədir, 100 ildən çoxdur davam edən amansız müharibə. Orda tərəflər fərqli olub. 100 il əvvəl bir tərəfdə Haqana və İrqun, digər tərəfdə millətçi ərəb təşkilatları, tayfalar olub, bir dövr solçu fələstinlilərlə İsrail ordusu, indi isə islamçı HƏMAS və ya İslami-Cihadla İsrail savaşır. Sabah HƏMAS olmayacaq, amma müharibə davam edəcək.

Çünki sülh yolunu bağlayıblar. 1993-cu ildə Oslo prosesində Ərəfat və İshaq Rabin sülh prosesini başladanda Ərəfata ərəblər əl qaldırmadılar, amma İshaq Rabini radikal yəhudilər öldürdü.

İndi isə 30 ilə yaxındır İsraili radikal sağ idarə edir. Bu nə deməkdir? Yəni radikal sağ deyir ki, 2 min il əvvəl burda İsrail olub, ərəbə burda yer yoxdur, hətta əl-Əqsa məscidinə hücum edib namaz qılan müsəlmanları öldürürlər. Hazırda İsraildə nazirlər arasında sağçı silahlı yəhudi təşkilatlarında vuruşmuş adamlar var.

Qarşı tərəfdə də analoji olaraq İsrailin olmaması istəyən radikal islamçılar var. Yəni hər iki tərəfdə güc və iqtidar radikal qanadın əlindədir. Çünki dünyanın ən ağıllı xalqı 27 min kvadratmetr kilometr ərazini ərəb xalqı ilə bölmək istəmir. Ona görə də bu vəziyyət davam edəcək və hərbi qarşıdurmalar qaçılmazdır.

Yəhudi iddia edir ki, iki min il əvvəl romalılar onları qovub, dövlətlərini əllərindən alıb, fələstinli isə son iki min ildə orda yaşayıb, torpağın ona məxsus olduğunu deyir. Bu məsələdə hüquq və ya qanun deyil, ağıl və müdriklik lazımdır. O isə hələ yoxdur.

Məsələ HƏMAS-ın nə qədər silah və raketinin olması, İsrailin təyyarəsinin sayında deyil. Bu işin arxasında anlaşa bilməyən, bir-birinə nifrət edən iki toplum var. Onlar dəyişmədikcə müharibə də davam edəcək. Dediyim kimi, sabah HƏMAS olmayacaq, hansısa liberal və ya millətçi ərəb təşkilatı bu işi görəcək. 

Bu mənada bölgədə möhkəm sülhün yaranması üçün münaqişənin köklü şəkildə həll olunması, Fələstin dövlətinin elan olunması və İsrailin 1967-ci il müharibəsinə qədər olan sərhədlərə geri dönməsi lazımdır. Əgər bu olmasa, hətta Həmas tamamilə məhv edilsə də, onu əvəz edəcək başqa təşkilatlar, hətta ideologiyalar meydana çıxıb fələstinlilərlə İsrail arasında müharibəni davam etdirəcək. 

Digər xəbərlər