İsrail baş nazir Netanyahu ilə “vidalaşmağa” hazırlaşır 

  • 28.11.2023
  • 67 baxış

İsrailin hakim Likud Partiyasından olan nazir və deputatlar Qəzza müharibəsi ilə yanaşı baş nazir Benyamin Netanyahunun vəzifədən getməsi ilə bağlı müzakirələr aparır. Bu barədə bir neçə gün əvvəl İsrailin “Kanal-13” televiziyası məlumat yayıb. 
Kanalın məlumatına görə, hakim partiyadan olan nazir və deputatlar Netanyahunun baş nazir vəzifəsindən geri çağırılması və partiyadan yeni baş nazirin irəli sürməyi müzakirə edirlər. Bu məsələnin ciddiliyini göstərən amil isə mövzunun yalnız partiya daxilində deyil, həm də müxalifətlə də müzakirə olunmasıdır. 
Xəbərdə o da qeyd olunur ki, hakim Likud Partiyasından olan deputatların indiki məqamda baş naziri “yola salmaq” üçün müzakirələr aparmasının səbəbi hakim partiyanın və baş nazirin sürətlə reytinqini itirməsi, növbəti seçkilərdə məğlub olması ehtimalının getdikcə daha da artmasıdır. Bu səbəbdən də Likuddan olan siyasətçilər partiyanı xilas etmək və şəxsi karyeralarının zədələnməsi, dövlət idarəçiliyindən kənarda qalmamaq üçün Netanyahudan qurtulmağı düşünürlər. 
O da bildirilir ki, Qəzza müharibəsindən dərhal sonra Netanyahunun baş nazir postundan geri çağırılması məsələsi gündəmə gələ bilər. Çünki bu halda yeni baş nazir seçkilər olmadan Likud Partiyasından irəli sürüləcək. İsraildə keçirilən son sosioloji sorğulara əsasən baş nazir Netanyahu və Likud Partiyasının reytinqi sürətlə düşür, bunun əvəzinə müxalifətdəki Milli Birlik Partiyasının lideri Benni Qnatzın reytinqi artır. 
Maraqlıdır ki, iki həftə əvvəl ABŞ mediası Ağ Evdə Netanyahudan sonrakı İsrail hökuməti və ehtimal olunan baş nazirlə bağlı gizli müzakirələrin keçirildiyi haqda xəbər yaymışdı. Belə görünür ki, Qəzza müharibəsindən sonra İsraildə hökumətin yenilənməsi qaçılmaz olacaq. İsraildə bir çoxları müharibədən əvvəl məhkəmə islahatlarına görə Netanyahuya qarşı etirazlara qoşulurdu. İndi də bir çoxları hazırkı vəziyyətə görə B.Netanyahunu ittiham edir. Üstəlik İsrailin ən böyük müttəfiqi ABŞ-da da bir çoxları Netanyahunun Vaşinqtonla bir çox məsələlərdə hesablaşmaması, təkbaşına hərəkət etməsindən narazıdır. 
Başqa sözlə, ABŞ və İsrail siyasətçiləri Qəzza müharibəsindən sonra müharibənin məsuliyyətini Netayhanunun üzərinə yükləyib onu yola salmağa hazırlaşır. 

Belə görünür ki, baş nazir Netanyahu da bunu bildiyi üçün mühairbənin davam etməsində israr edir. Çünki onun hakimiyyətini indiki halda yalnız müharibə qoruyub saxlaya bilər. Lakin həm ABŞ-da Netanyahuya olan münasibət, həm də müharibədən sonra daha da artan narazılığın fonunda Benyamin Netanyahunun müavimtə imkanları xeyli azalıb. Qəzza müharibəsi həm də Benyamin Netanyahunun uzun illərə söykənən hakimiyyətinə son qoyacaq. 

Digər xəbərlər