ABŞ-Türkiyə münasibətləri daha bir sınaq qarşısında

  • 26.11.2023
  • 121 baxış

Ankarada Türkiyə-Rusiya Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın (KEK) 18-ci iclası baş tutub. İclasın nəticələrinə dair protokol imzalanıb. Sənədi Türkiyə tərəfdən ticarət naziri Ömer Bolat, Rusiya tərəfindən isə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak imzalayıb.

 

O qeyd edib ki, iki ölkə 2022-ci ilin sonunda 68 milyard dolları ötən ticarət həcmini 100 milyard dollara çatdırmağı hədəfləyir.

 

Bu xəbərlə eyni gündə məlum olub ki, yaxın gülərdə ABŞ hökumətinin yüksək rütbəli məmuru Ankaraya səfər edərək Rusiyaya qarşı sanksiyalar və Həmas fəaliyyəti ilə bağlı Türkiyə rəsmiləri ilə müzakirə aparacaq. Türkiyəyə gələn ABŞ dövlət rəsmisinin ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatına cavabdeh müşavir Brian Nelson olduğu məlum olub.

 

Bloomberg Agentliyi isə müşavir Nelsonun Türkiyə tərəfindən ABŞ-ın bəzi Rusiya şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara qoşulmasını, həmçinin Həmasın maliyyə fəaliyyətlərinə əməl edilməsini tələb edəcək.

 

Qeyd edək ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmur, eyni zamanda Həması terror təşkilatı olaraq tanımır və bu təşkilatın Türkiyədə fəaliyyətinə mane olmur. Ötən ay ABŞ Həmasa bağlı bir sıra qurumlara və şəxslərə, eləcə də Həmasla əməkdaşlığı olan, eləcə də Rusiyaya qarşı sanksiyalara əməl etməyən bir sıra şirkətlərə sanksiya tətbiq edib. Onların arasında 12 Türkiyə şirkəti də var.

 

 Türkiyənin Fələstin məsələsində ritorikanı kəskinləşdirdiyi və Rusiya ilə ticari-iqtisadi əlaqələri dərinləşdirdiyi bir vaxtda Vaşinqtonun Ankara qarşısında Rusiya və Həmasa qarşı sanksiyalara qoşulmaq tələbini qoyması Vaşinqton-Ankara münasibətlərini daha ciddi sınaq qarşısında qoyur. Məlum olduğu kimi, ABŞ Türkiyəyə F-35 qırıcılarının satışını dayandırdıqdan sonra Ankara son iki ildə ABŞ-dan F-16 döyüş təyyarələri və onların modernləşmə dəstlərini almaq üçün Vaşinqtonla danışıqlar aparırdı. Ancaq Ağ Evin razılıq verdiyi bu layihə Konqresdə “ilişdi”.

Artıq Türkiyə hökumətinin Avropadan Eurofighter döyüş təyyarələri almaqla bağlı danışıqlara başlaması onu göstərir ki, Ankara artıq F-16-a olan ümidini itirib. Belə bir vaxtda Vaşinqtonun Rusiyaya qarşı sanksiyalara qoşulmaq tələbinə Ankaranın əməl edəcəyi inandırıcı görünmür.

Nəticə etibarı ilə Rusiya ilə ikinci AES-in tikintisinə hazırlaşan Türkiyənin ABŞ-la münasibətləri daha da soyuyacaq. Əlbəttə, Ankara F-16 məsələsindən sonra Vaşinqtonun tələblərinə qulaq verəcəyi inandırıcı deyil, üstəlik Türkiyənin Rusiya ilə əlaqələrini qoruyub saxlaması həm iqtisadi, həm də siyasi cəhətdən Ankaranın maraqlarına cavab verir. Ankaranın Ukrayna və Rusiya arasında uğurlu vasitəçilik cəhdləri, rus qazının Türkiyə üzərindən Avropaya nəqli Türkiyə hakimiyyətini Rusiya ilə münasibətləri qoruyub saxlamağa, sanksiyalara qoşulmamağa sövq edir.

 

Xatırladaq ki, ötən ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyədə qurulacaq qaz mərkəzi vasitəsilə Rusiya qazının təhlükəsiz şəkildə Avropaya nəqlini təklif etmiş və bu təklif prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən müsbət qarşılanmışdı.

 

Üstəlik Vaşinqton da israrlı şəkildə Ankaranın istəklərinə yox deyir və bu da Türkiyədə ABŞ-a qarşı inamsızlıq yaradır. Əlbəttə, Türkiyə hələ də NATO-nun üzvü olaraq alır və rəsmi Ankara bu qurumda qalmaqda maraqlıdır. Lakin Vaşinqtonun ardıcıl olaraq Türkiyəyə qarşı addımları ABŞ-Türkiyə münasibətlərində çatı daha da dərinləşdirir.

 

Digər xəbərlər