Fələstinlilərin ikinci kütləvi köçü təhlükəsi

  • 26.11.2023
  • 128 baxış

Misir prezidenti Əbdülfəttah əs-Sisi növbəti dəfə bəyan edib ki, ölkəsi Qəzzadan fələstinlilərin köçürülməsinə imkan verməyəcək. Qahirə stadionunda Qəzzaya humanitar yardım karvanının yola salınma mərasimində çıxış edən Sisi rəsmi Qahirə fələstinlilərin Qəzzadan Misirə sürgün edilməsinə razı olmayacaq. 
Qeyd etdiyimiz kimi, bu, Misir prezidentinin ilk xəbərdarlığı deyil. Üstəlik Misir münaqişənin ilk günlərindən etibarən Qəzzadan qaçqınların Misirə daxil olmasını əngəlləyib. Yalnız yaralılar və xarici ölkə vətəndaşlarının çıxışına icazə verilib.
Misir prezidentinin Qəzzadan əhalinin köçürülməsi ilə bağlı ardıcıl xəbərdarlığı istər-istəməz Qəzzanın köçürülməsi təhlükəsini göz önünə gətirir. Aydın məsələdir ki, Misir prezidenti yalnız ehtimala əsaslanaraq danışmır. Açıqlamanın mətnindən görünür ki, belə bir plan var və bu plan Misiri narahat edir. 1967-2005-ci illər ərzində İsrailin nəzarəti altında olan Qəzza zolağı sonrakı illərdə müstəqil olub və bu səbəbdən də qaçqınlar hesabına əhalisinin sayı sürətlə artıb. Hazırda 365 kv.km ərazisi olan Qəzzada 2,3 milyon insanın yaşadığı güman edilir. Bu. planetin ən sıx yaşayış bölgəsi hesab olunur. 
Məsələ ondadır ki, bir qədər əvvəl İsrailin Qəzzanı nəzarətə götürüb burada yeni idarəçilik tətbiq edəcəyi ilə bağlı baş nazir Netanyahunun və hökumət rəsmilərinin açıqlaması olmuşdu. Belə görünür ki, bu planın reallaşması ehtimalı artır və bu da Misiri narahat edir. Yeri gəlmişkən, iki gün əvvəl İordaniya hökuməti də bənzər açıqlama yayaraq fələstinlilərin İordaniyaya qovulması planına qarşı olduğunu bəyan etdi. 
Fələstinlə iki qonşu ölkənin narahatlığı onu göstərir ki. İsrailin Qəzzadan əhalinin bir hissəsi köçürmək planı ciddidir. Lakin növbəti qaçqın dalğasına heç kim hazır deyil. Çünki birincisi, qaçqın dalğası onsuz da ciddi iqtisadi çətinliklər yaşayan Misir və İordaniya üçün ağır yükdür, ikincisi isə köçürülmə münaqişənin həllini daha da mürəkkəbləşdirir. Tarixdən də məlum olduğu kimi, fələstinlilərin ən böyük köçü 1948-ci il birinci Ərəb-İsrail müharibəsi zamanı baş verib və milyonlarla əhali qaçqın düşüb. Ötən 75 il ərzində bu qaçqınların heç biri geriyə qayıtmayıb və Yaxın Şərqdə, ümumilikdə isə dünyada “fələstin qaçqınları” termini yaranıb. Sonrakı illərdə müharibələr zamanı məcburi köçürülmələr olsa da fələstinlilər böyük köçdən sonra ölkələrini tərk etmək istəmir.

 

Digər xəbərlər