Qırmızı dənizdə husi kabusu

  • 24.11.2023
  • 131 baxış

Həmas-İsrail müharibəsi başladığı gündən bu yana vaxtaşırı olaraq İsrailə raket və dron hücumları təşkil edən Yəmən husiləri ilk dəfə bir yük gəmisini qaçırdı. 
İki gün əvvəl Qırmızı dənizdə husilər tərəfindən ələ keçirilib Hudeydə rayonundakı Salif limanına çəkilən “Galaxy Leader” yük gəmisinin İsrailə məxsus olduğu iddia edilsə də. Təl-Əviv bu iddianı təsdiqləmir. İsrail hökumət mənbələri gəminin ingilis şirkətinə məxsus olduğu və Yaponiya şirkəti tərəfindən istismar edildiyi, 25 nəfərlik heyətin isə fərqli ölkələrdən olduğu iddia edilir. İsrail hökuməti hücuma görə İranı ittiham edir. 
Ancaq husilər gəminin İsrailə məxsus olduğu və bu ölkəyə yük apardığını israr edir. Yəmən hakimiyyətinə nəzarət edən husilər Qırmızı dənizdən keçən İsrailə yük aparan gəmiləri müsadirə edəcəklərini bəyan ediblər. 
Ötən əsrin 80-ci illərində islamçı gənclik hərəkatı kimi yaranmış və daha sonra Yəmənin şimalında dağlıq ərazidəki Səda şəhərinə nəzarət edən husi qruplarının Ənsarullah təşkilatı 2014-cü ildə Yəməndə yaranmış hakimiyyətsizlik və anarxiyadan istifadə edərək paytaxt Sənanı ələ keçirib və Yəməndə hökumət formalaşdırıb. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının liderliyi ilə 10 ölkənin yaratdığı koalisiya Yəmənə hərbi müdaxilə etsə də, 8 ildir davam edən müharibə nəticə verməyib. İranın dəstək verdiyi husilər hazırda Yəmənin paytaxt Səna da daxil olmaqla əsasən şimal hissəsinə nəzarət edir. Eyni zamanda Qırmızı dənizin Bab əl-Məndəb boğazına çıxışı olan Hudeydə limanı da huslərin nəzarətindədir. 
Son hadisələr husilərin bütövlükdə Qırmızı dənizin ən həssas keçidi hesab olunan Bab əl-Məndəbə nəzarət etmək imkanlarının olduğunu göstərdi. Bu isə hazırda dünya dəniz yüklərinin, xüsusən də neft-qaz daşımalarında mühüm bir hissəsinin daşındığı boğazla bağlı narahatlıq yaradır. Xüsusən də hazırkı vəziyyətdə İsrailə daşınan yüklər ciddi risk altına düşür. Çünki hazırda dünya ticarət yüklərinin 13 faizə yaxını məhz Qırmızı dəniz vasitəsilə daşınır.

Digər xəbərlər