Həmas və İsrail arasında atəşkəs reallaşa bilər

  • 21.11.2023
  • 86 baxış

Həmas və İsrail arasında razılaşma bu günlərdə baş tuta bilər. Livan mediası xəbər verir ki, 300 fələstinli qadın məhbus Qəzzaya gətirilib. Bundan bir neçə saat əvvəl isə ABŞ prezidenti Cozef Bayden İsrail və Həmas arasında Qəzzadakı girovların buraxılması ilə bağlı razılaşmaya çox yaxın olduğunu bildirmişdi. Oxşar açıqlamanı Həmasın siyasi qanadının lideri İsmayıl Haniyə də verib. Haniyə bildirib ki, Həmas girov dəyişikliyi ilə bağlı mövqeyini vasitəçi Qətər hökumətinə təqdim edib.

Həmasın rəsmi nümayəndəsi İzzət ər-Rişk isə əl-Cəzirə telekanalına razılaşmanın bəzi detallarını açıqlayıb. Onun sözlərinə görə, razılaşma İsrail həbsxanalarındakı fələstinli uşaqlar və qadınların azad edilməsi qarşılığında Həmasın əlində olan israilli qadın və uşaqların azad edilməsidir.

Eyni zamanda müvəqqəti atəşkəs və Qəzzaya humanitar yardımın buraxılması ilə bağlı danışıqların davam etdiyini də ər-Rişk əlavə edib.

Qeyd edək ki, Həmas tərəfindən oktyabrın 7-də ələ keçirilmiş 240-a yaxın girovdan bu günə qədər yalnız 4-ü Həmas tərəfindən azad edilib, 1 nəfəri isə İsrail ordusu azad edib.

Ötən həftə İsrail kəşfiyyatının rəhbəri Qətərə gedərək burada Həmasla girovların azad edilməsi barədə danışıqlar aparmışdı. Həmin vaxt tərəflərin razılaşmaya yaxın olduğu bildirilsə də, sonradan təkzib olundu. Razılaşmaya əsasən 5 günlük atəşkəs elan olunur və bu zaman İsrail fələstinli girovları azad edir, Həmas isə əlindəki israillilərin bir qismini buraxacaq. Ancaq tərəflərin nə qədər girov azad edəcəyi məlum deyildi.

Dünən Qətər baş naziri də bildirib ki, hazırda onlar atəşkəs razılaşmasına çox yaxındırlar, hazırda “çox kiçik” məsəllər qalıb. Oxşar fikirləri İsrailin ABŞ-dakı səfiri Maykl Hersoq da bildirib. Səfir deyib ki, hazırda ciddi irəliləyiş əldə olunduğunu deyib.

Məsələ ondadır ki, hərbi əməliyyatlar başlayandan bu yana İsrail qüvvələri İordan çayının qərb sahilində 1000-dən çox Həmas üzvü və ya dəstəkçisini həbs edib. Bununla da İsrail həbsxanalarında saxlanılan fələstinlilərin sayı 7 min nəfərə çatıb.

Güman olunur ki, əgər Qətərdə girov dəyişikliyi razılaşması əldə olunarsa, o zaman tərəflər uzun müddətli atəşkəsə gedə bilər. Ancaq bunun üçün hər iki tərəfi razı salacaq ortaq nöqtəyə gəlmək olmur, üstəlik İsraildə radikal dairələr Həmasın tamamən məhv edilməsinə qədər əməliyyatın davam etməsində israr edir. Bu səbəbdən danışıqlarda irəliləyiş əldə olunmur və ya proses çox yavaş gedir. Lakin belə görünür ki, indi tərəflər atəşkəsə çox yaxındır, çünki artıq İsraildə də girovlar mövzusu hökumətə təzyiq vasitəsinə çevrilib.

Digər xəbərlər