İsrailin Qəzza planı – Netanyahu fələstinliləri zolaqdan çıxarmaq üçün Trampdan kömək istəyir

  • 23.07.2025
  • 29 baxış

İsrailin kəşfiyyat xidməti Mossadın direktoru Devid Barneanın bu həftə Vaşinqtona planlanan səfərinin əsas məqsədi amerikalıları Qəzza sakinlərinin köçürülməsinə inandırmaq olacaq.

Bu barədə Axios saytı yazır. Sayt onu da yazır ki, israillilər artıq Qəzzadan köçürüləcək fələstinliləri qəbul edəcək ölkələri də müəyyən edib və bu barədə prezident Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkofa məlumat verib. 

Belə ki, israillilər Qəzzadan yüz minlərlə fələstinlinin Efiopia, İndoneziya və Liviya ilə danışqılar aparıldığını və hər üç ölkənin qəzzalıları qəbul etməyə hazır olduğunu bildirir. Lakin bunun üçün ABŞ-ın bu ölkələrə yardım etməsi və hökumətlərini inandırması lazımdır.

Ərəb mediasının yazdığına görə, amerikalılar hələlik bu plana ehtiyatlı yanaşır. Uitkof isə birmənalı cavab verməyib. Bu səbəbdən də Mossad şefi Vaşinqtona gedərək amerikalı rəsmiləri inandırmağa çalışacaq.

Qeyd edək ki, Qəzza əhalinin ən azı yarısının başqa ölkəyə köçürülməsi və zolağın yenidən inşası planını İsrail baş naziri Benyamin Netanyahu ilin əvvəlində, çox güman ki, Trampla birinci görüşündə açıqlamışdı. Tramp da bu plana dəstək vermiş, dağılmış Qəzzadan əhalinin köçürülməsi və burada yeni turizm mərkəzi yaradılması planı olduğunu açıqlamışdı. Lakin sonradan ərəb ölkələrinin reaksiyası və planın risklərini nəzərə alaraq bu mövzuya qayıtmadı. 

Lakin bu plan İsrail üçün hələ də aktualdır. İsrail hökuməti Qəzzanın tamamən dağılması, zolağın yenidən bərpası və infrastrukturun qurulmasının çətin olacağını əsas gətirərək zolaq sakinlərinin ən azı yarısının köçürülməsini istəyir. Bu, həm də İsrailin zolağa daha rahat nəzarət etməsi, Həmasın və digər silahlı qrupların çıxarılması üçün lazımdır. 

İsrailin mart ayının 10-dan bu yana Qəzzada ərzaq embarqosu tətbiq etməsi və ərzaq növbəsində olan insanları qəsdli olaraq öldürməsinin arxasında məhz bu məqsəd dayandır: Zolaq əhalisi köçməyə razılaşsın. 

Çünki əhalinin ən azı yarısının köçürülməsi İsrailin burada özünün istədiyi idarəçiliyi qurması, anlaşdığı radikal silahlı qrupların vasitəsilə zolağı idarə etməsini asanlaşdıra bilər. Başqa sözlə, Netanyahu bununla Qəzzadan bir dəfəlik xilas olmaq istəyir. Məhz bu səbəbdən də atəşkəs danışıqlarını uzadır və maksimum təzyiqlə zolaq əhalisini köçə məcbur etməyə çalışır.

Digər xəbərlər