ABŞ və İran arasında “nüvə dalanı”

  • 11.06.2025
  • 42 baxış

ABŞ və İranın nüvə danışıqlarının növbəti raundu iyunun 15-də Omanda keçiriləcək. İran Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, bazar günü keçiriləcək görüş yenə də vasitəli olacaq. İki ölkə təmsilçiləri üz-üzə görüşməyəcək. 

Dünən isə ABŞ prezidenti Tramp İsrail baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb. İsrail mediasının yazdığına görə, telefon danışığı zamanı ABŞ prezidenti isə İsrail hakimiyyətinə İrana qarşı hücumla bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, bu günlərdə İsrail mediası ordunun İranın nüvə obyektlərinə zərbə endirmək üçün hazırlıq gördüyü haqda xəbərlər yayıb. 

İran bəyan edib ki, İsrail İrana zərbə endirməyə cəhd edərsə o zaman İsrailin bütün nüvə obyektləri məhv ediləcək. Üstəlik ötən həftə İran İsrailin nüvə obyektləri ilə bağlı məlumatları ələ keçirdiyini elan edib. 

İsrail hakimiyyəti isə ABŞ-İran danışıqlarının dalana dirənəcəyi təqdirdə Tehranın nüvə fəaliyyətlərinə zərbə endirləcəyi ilə təhdid edir. 

Lakin bu halda danışıqlar pozula və ABŞ istəmədiyi bir münaqişənin ortasına düşə bilər. Aydındır ki, İran və İsrail arasında toqquşma baş verərsə o zaman ABŞ münaqişəyə qoşulmağa məcbur olacaq. 

Danışıqlar isə dalan dirənib. Dünən ABŞ prezidenti deyib ki, İranla danışıqların nəticə verəcəyinə ümid edir. Lakin belə görünür ki, Tehranla danışıqlarda çox ciddi irəliləyiş yoxdur. Çünki ABŞ prezidenti İranın uran zənginləşdirmə fəaliyyətinin tamamən durmasını tələb edir. Ancaq İran rəhbərliyi elan edib ki, nüvə fəaliyyətləri davam edəcək. 

Bu günlərdə MAQATE İranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatının 408,6 kiloqrama çatdığını açıqlayıb. Halbuki fevralda İranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatı 274,8 kiloqram idi. Bu, İslam Respublikasının son aylarda uran saflaşdırma proqramının sürətlə irəlilədiyini göstərir.

Aydın məsələdir ki, Tehran heç bir halda nüvə fəaliyyətindən tam imtina etməyəcək. ABŞ İranla 2015-ci ildə imzalanmış sazişə qayıdaraq İrana 3,67 faiz (yalnız enerji istehsalı və nüvə tədqiqatları üçün yetəcək) uran saflaşdırma hüququnu tanımalı, ya da danışıqlardan imtina etməlidir. Bu isə yeni toqquşma riski deməkdir.  

Faktiki olaraq Tramp 2018-ci ildə İranla nüvə sazişindən çıxmaqla Tehranın 60 faiz uran zənginləşdirməsi üçün fürsət yaradıb və indi bunun problemini yaşayır.

Digər xəbərlər