“TUFAN”ın İZİ İLƏ

  • 07.11.2023
  • 100 baxış

Oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə qəfil hücumu Yaxın Şərqdə onsuz da kövrək olan sabitliyi sarsıdıb. Bu, Qəzza zolağında möhkəmlənən HƏMAS ilə İsrail arasında ilk münaqişə olmasa da, miqyasına və nəticələrinə görə əvvəlkilərdən xeyli fərqlənir.

İlk dəfə HƏMAS döyüşçüləri sərhəd xəttini keçərək İsrail ərazisinə daxil olub, bir neçə yaşayış məntəqəsi və postları ələ keçirərək İsrail və digər ölkələrin 300-ə yaxın vətəndaşını girov götürüblər.

“Əl-Əqsa tufanı” adı verilən bu əməliyyat Yaxın Şərqdə son bir neçə ildə formalaşmış sabit atmosferi alt-üst edib. İsrail ordusu isə bu hücuma Qəzzaya ağır bombardmanla cavab verib. Nəticədə, minlərlə insan ölüb, yaralanıb, Qəzza zolağındakı yaşayış məntəqələri yerlə yeksan edilib. Hərbi nəticələrlə bağlı hər şey az-çox aydındırsa, bəs siyasi baxımdan baş verənlərdən nə gözləmək olar? HƏMAS-ın hücumundan sonra başlayan gərginliyin növbəti mərhələsi planetin ən həssas regionuna necə təsir edəcək?

 

ABŞ-nin Yaxın Şərq layihələrinə zərbə

HƏMAS-la bağlı hadisə Vaşinqtonun Yaxın Şərqdəki layihələrinə ciddi zərbə vurub. Əvvəla, son illər sürətlənən ərəb-İsrail barışığı prosesinə ciddi ziyan dəyib. Ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı İsrailin Qəzzanı bombalaması səbəbindən bu prosesi dayandırıb.

Bu münaqişə Ərəb-İsrail barışığı üçün kifayət qədər real iqtisadi əsas hesab edilən IMEC (Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi) adlı, sentyabrda ABŞ-nin himayəsi ilə imzalanmış layihəyə daha bir zərbə vurub.

Qeyd edək ki, IMEC Çin İpək Yoluna alternativ hesab olunur. O, Hindistandan məhsulların Dubay (BƏƏ) dəniz limanı vasitəsilə, daha sonra dəmir yolu ilə Səudiyyə Ərəbistanı və İordaniya ərazilərindən keçməklə İsrailə, daha sonra isə gəmi ilə Avropaya çatdırılmasını nəzərdə tutur. Amma deyəsən, layihənin icrası indi şübhə altındadır. ABŞ-nin irəli sürdüyü bu layihə ilə Səudiyyə Ərəbistanını Çinin təsirindən çıxararaq İsrail ilə barışıq prosesini sürətləndirmək nəzərdə tutulurdu.

Hərbi eskalasiya həmçinin IMEC çərçivəsində nəzərdə tutulan BƏƏ-İsrail dəmir yolu layihəsinə inamı sarsıdıb. Ən azı yaxın dövrdə bu dəmir yolu xəttinin inşasından danışan olmayacaq.

Bu arada, maraqlıdır ki, bu layihə İran-Səudiyyə Ərəbistanı barışığını pozmaqla yanaşı, Yaxın Şərqin ənənəvi nəqliyyat dəhlizi hesab olunan Misir və Türkiyəni də kənarda qoyurdu. Yəni layihənin regionda da ciddi əleyhdarları var idi.

Nəticə etibarilə 7 oktyabr hadisəsi ABŞ-nin Yaxın Şərqdəki növbəti hücum diplomatiyasına ciddi zərbə vurub və Qərbin regiondakı təşəbbüslərini pozub.

 

İran izi

Təbii ki, İsrailə hücumdan dərhal sonra bütün gözlər İrana dikildi. Heç kəsə sirr deyil ki, İran HƏMAS-ın əsas sponsorlarından biridir. Hətta Tehran da bunu gizlətmir. İsrailli və ABŞ-nin respublikaçı siyasətçiləri 7 oktyabr əməliyyatının arxasında İranın olduğunu bildirdilər və Tehrana qarşı sərt addımlar atılmasına çağırış etdilər.

Lakin Tehran hücumda bilavasitə iştirakı və ya rolunun olmasını inkar edib. Baxmayaraq ki, bu ölkənin ali lideri Əli Xamenei daxil olmaqla,  yüksək səviyyəli İran rəsmiləri “Əl-Əqsa tufan”ı əməliyyatını alqışlayıblar. Maraqlıdır ki, ABŞ hökuməti də İranın HƏMAS-ın hücumunda əli olması və ya iştirakı barədə məlumatın olmadığını bildirib.

Ancaq diqqətçəkən məqam ondan ibarətdir ki, hücumdan 4 gün əvvəl, yəni oktyabrın 3-də Xamenei İsraillə barışığa gedən ərəb ölkələrini tənqid etmişdi. O, çıxışında barışıq gedişinin uğurlu seçim olmadığını vurğulayaraq ərəb hakimiyyətlərinin “səhv ata oynadıqlarını” deyib.

Lakin sirr deyil ki, İran birbaşa bu əməliyyatda iştirak etməsə də, HƏMAS-ın əməliyyatı Tehranın maraqlarına cavab verir. Axı, ABŞ-nin İsraillə Səudiyyə Ərəbistanını barışdırmaq cəhdləri Tehranı Ər-Riyadla yaxınlaşdırmaq üçün həyata keçirilən istənilən cəhdlərə zərbə vururdu. Digər tərəfdən yeni nəqliyyat dəhlizi İranın daxil olduğu Çindən Avropaya ənənəvi nəqliyyat dəhlizinin rolunu zəiflətməyə xidmət edirdi. Bəs Tehran bütün bu proseslərdə necə iştirak edə bilərdi?

 

HƏMAS-İran əlaqələri

İran uzun illərdir ki, Qəzza zolağında fəaliyyət göstərən HƏMAS və “İslami Cihad” daxil olmaqla, Yaxın Şərqdəki bir sıra silahlı qruplaşmaları maliyyə və silahla təmin edib. Üstəlik, Tehran bu məsələni heç vaxt gizlətməyib. Düzdür, “ərəb baharı” zamanı və xüsusilə Suriyada vətəndaş müharibəsinin qızğın dövründə HƏMAS ilə İran arasında münasibətlər soyumuşdu. Buna səbəb HƏMAS-ın hazırkı Suriya hökumətinə və şəxsən Bəşər Əsədə qarşı çıxan ərəb ölkələrinin mövqeyini dəstəkləməsi olub. Təşkilat hətta Siyasi Bürosunun ofisini Dəməşqdən Qətərə köçürüb.

Bu münasibətləri normallaşdırmaq yalnız 2019-cu ildə, bir sıra ərəb ölkələrinin Suriya hakimiyyəti ilə münasibətlərini yumşaltmasından sonra mümkün olub. Bu mənada HƏMAS-ın tam olaraq İran nəzarətindəki “proksi” güc olduğunu demək çətindir.

İranla bu qruplaşma arasında ilk təmaslar 1991-ci ildə baş verib. O vaxt İsrail yeni qurulmuş HƏMAS-ın 400-ə yaxın fəalı və liderini Livan ərazisinə getməyə məcbur etmişdi. Məhz bu ölkədə yerləşən Mərc əl-Zühur düşərgəsində “Hizbullah” və İrandan olan emissarlar HƏMAS ilə əlaqələr qurublar.

Xatırladaq ki, HƏMAS Misirin Müsəlman Qardaşlar Hərəkatı (“İxvan”) ideologiyasına mənsub fələstinlilər tərəfindən 1987-ci ildə “Birinci İntifada” (Fələstində kütləvi itaətsizlik aksiyası) zamanı yaradılıb.

Bu qruplaşma ilə İran arasında həm də ideoloji yaxınlıq olub. Çünki İran islam inqilabı ideologiyası “İxvan” düşüncəsi ilə üst-üstə düşür. HƏMAS liderlərinin etirafına görə, İran İsrailə qarşı savaşın tərəfdarı olduğu üçün HƏMAS-a silah və maliyyə dəstəyi göstərib, ancaq qruplaşmanı idarə etmək, nəzarətində saxlamağa cəhd etməyib. Başqa sözlə, HƏMAS-ı dəstəkləyən İranın bu təşkilatdan Fələstin uğrunda mübarizədən başqa tələbi olmayıb. Qeyd etmək lazımdır ki, müxtəlif dini və siyasi xarakterli fikir ayrılıqlarına baxmayaraq, təşkilatın İranla əlaqələri yüksək səviyyədə idi. General Qasim Süleymaninin öldürülməsindən sonra HƏMAS rəsmi olaraq başsağlığı mesajı yayıb və onu “Qüds şəhidi” adlandırıb.

İranla birbaşa əlaqələrin olmamasına baxmayaraq, oktyabr hücumu Tehranın regional siyasəti ilə üst-üstə düşüb. Lakin hərbi əməliyyatların genişlənərək böyük müharibəyə çevrilməsi riskini nəzərə alaraq, Tehranın bu əməliyyatdan kənarda dayanması da anlaşılandır. HƏMAS hücumundan bir neçə gün sonra İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Beyruta gedərək “Hizbullah” liderləri ilə görüşməsi onu göstərir ki, Tehran regionda müharibənin böyüməsi riskini nəzərə alır. Lakin istənilən halda Tehrandan gələn açıqlamalardan belə görünür ki, İran müharibəyə birbaşa qatılmaq fikrində deyil. Ən yaxşı halda, bu, Livan, Suriya və İraqdakı qruplara dolayı dəstək vasitəsilə baş verə bilər. Bu, əgər İsrail Qəzza zolağında quru əməliyyatı keçirərsə və cəbhə xəttini genişləndirərsə, baş verə bilər.

 

Regionun gələcəyi və ABŞ-İran danışıqları

Aydındır ki, ərəb-İsrail barışıq prosesinə və IMEC nəqliyyat layihəsinə zərbələr vurmaqla yanaşı, İsrail və HƏMAS arasında qarşıdurma regionda anti-Qərb çağırışlarını artıracaq. Nəticədə, bir sıra ərəb ölkələri azı yaxın gələcəkdə İsraillə barışıq və yaxınlaşmanı dayandırmalı olacaq. Nəhayət, HƏMAS-ın dəstəyi ilə İsrailə qarşı silahlı mübarizə xətti tutan təşkilatların mövqeləri gücləndiriləcək. ABŞ-nin Yəmən, İraq və Suriyadakı hərbi gəmilərinə və bazalarına hücumlar göstərir ki, amerikalıların son aylarda dəfələrlə vurğuladığı Yaxın Şərqdə sabitlik dövrü artıq başa çatıb.

Bu yaxınlarda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan bildirib ki, Yaxın Şərqdə son 20 ildə ilk dəfə bu qədər sabitlik yaranıb. Ancaq artıq sabitlik dövrünün arxada qaldığını, Vaşinqtonun Yaxın Şərqdə inşa etdiyi yeni münasibətlər sisteminin dağıldığını, ya da ən azı ciddi zədələndiyini söyləyə bilərik.

Əlbəttə ki, Rusiya və Çin amilini də unutmaq olmaz. Pekin ABŞ-nin regionda mövqelərini və “Böyük İpək Yolu” layihəsinə alternativ IMEC layihəsinə ciddi zərbə vurub. Rusiya isə HƏMAS daxil olmaqla, qarşı cəbhədə özünə ciddi dəstək qazanmaqla yanaşı, Yaxın Şərqdə mövqeyini möhkəmləndirib, ən əsası Ukrayna məsələsinin nisbətən arxa plana keçməsinə nail olub. Bu, müəyyən mənada SSRİ-nin “soyuq müharibə” dövründəki Yaxın Şərq siyasətini xatırladır. Regionda ABŞ-Rusiya (və Çin) rəqabəti dərinləşir və artıq 40 ildən çoxdur mövcud olan, ABŞ-nin hökmranlığını təmin edən, Henri Kisincerin əsasını qoyduğu Yaxın Şərq doktrinasını ciddi şəkildə təhdid edir.

Nəhayət, 7 oktyabr hücumları və onlardan sonra baş verən hadisələr göstərib ki, bölgədə mövcud hərbi-siyasi sabitlik çox kövrəkdir və regionun yeni oyunçuları onu hər an poza bilərlər.

Son hadisələrin fonunda ən çox diqqətçəkən mövzulardan biri də ABŞ-İran münasibətlərinin gələcəyidir. Vaşinqton İranla sülh prosesini davam etdirəcək, yoxsa yenidən münasibətlər gərginləşəcək? Hadisələrin ilk günlərində rəsmi Vaşinqtonun İranın 7 oktyabr hücumunda iştirak etmədiyi haqqında bəyanatı, ardınca İranın Qətər Milli Bankında saxlanılan aktivlərinin dondurulduğu barədə məlumatların təkzib olunması onu göstərib ki, Vaşinqton müharibənin miqyasının böyüməsi və ən əsası ona İranın daxil olmasını istəmir. Baxmayaraq ki, İsrail rəsmiləri İranın cəzalandırılmasına çağırışlar edirlər.

Lakin silahlı qarşıdurmanın davam etməsi, həmçinin İraq, Suriya və Yəməndə ABŞ qüvvələrinə hücumlar Vaşinqtonu Tehranla bağlı siyasətinə yenidən baxmağa vadar edə bilər. Çünki bir qədər əvvəl ərəb ölkələrinin KİV-ləri məlumat verib ki, Vaşinqton Omanda nüvə sazişinin bərpası ilə bağlı danışıqları dayandırıb. Çünki Vaşinqton İraq və Suriyadakı hərbi bazalara raket hücumlarında İrandan şübhələnir. Lakin görünən odur ki, Vaşinqton tez bir zamanda Qəzzada atəşkəsin əldə olunması üçün İran və ərəb ölkələri ilə aktiv diplomatiya aparır.

Digər xəbərlər