İraqın baş naziri Məhəmməd Şiə əs-Sudani ötən həftə İrana bir günlük səfər edərək dini lider Ayətullah Əli Xameneyi və prezident Məsud Pezeşkiyanla görüşüb. İran mediasının verdiyi məlumata görə, Sudani və Ayətullah Xameneyi arasında görüşdə iki məqama xüsusi toxunulub.
Belə ki, Sudani ilə görüşdə İranın dini lideri amerikalıların İraqda mövcudluqlarını daha da genişləndirməyə çalışdığını və buna qarşı çıxılmalı olduğunu bildirib. Regionda baş verənlərdə xarici dövlətlərin rolunun açıq göründüyünü deyən Əli Xameneyi “Həşd Şabi” qüvvələrinin daha da gücləndirməyə çağırıb.
Məsələ ondadır ki, hazırda İraq İsrail və ABŞ-ın İranla toqquşduğu “cəbhəyə” çevrilib. Livanda atəşkəs və Suriyada Bəşər Əsədin devrilməsi ilə İsrail əsas diqqətini İraqa yönəldib. Çünki ucqardakı Yəməni çıxmaq şərtilə hazırda İranın regiondakı əsas gücü İraqda cəmlənib. Söhbət “Həşd Şabi” çətiri altında toplanan və İrana bağlı olan silahlı dəstələrdən gedir. Bu qruplar vaxtaşırı olaraq İsraili raket atəşinə tutur, ABŞ bazalarına hücumlar edir.
İsrail Vaşinqtonun vasitəsilə İraq hökumətindən “Həşd Şabini” və ya ən azından bu qrup içərisindəki İrana bağlı dəstələri ləğv etmək, başqa sözlə, İranın İraqdakı təsir gücünü məhv etməyi tələb edir. Eyni zamanda İsrail Bağdada mesaj göndərərək İraqa zərbə endirməklə hədələdiyi bildirilir.
Mövzu o qədər ciddiləşib ki, ötən həftələrdə adətən nadir hallarda hərbi-siyasi məsələlərə münasibət bildirən Nəcəf dini üləması bəyanat yayaraq “Həşd-Şabi”ni müdafiə edib. Lakin eyni zamanda nüfuzlu din xadimi və parlament çoxluğunun lideri Müqtəda əs-Sədr hökumətə müraciət edərək ordudan kənar silahlı qrupları ləğv etməyə çağırıb.
Belə görünür ki, Sudaninin Tehrana qısa müddətli səfəri məhz bununla bağlı olub. Aydın məsələdir ki, Bağdad ABŞ və İsrail, eləcə də ərəb qonşularının təzyiqlərinə uzun zaman tab gətirə bilməz. Lakin eyni zamanda Sudaninin özünün mənsub olduğu siyasi qüvvələr və Nəcəf elitası “Həşd Şabi” məsələsində güzəştə getmək istəmir. Çünki ölkənin qərb rayonlarında İŞİD-in fəallaşması riski günü-gündən artır.
Üstəlik, əgər Bağdad şiə qruplarını buraxmağa çalışarsa o zaman ölkə silahlı qrupların hökumətə qarşı çıxışları ola bilər. Xameneyinin açıqlaması onu göstərir ki, İran geri çəkilmək fikrində deyil. Bu isə o deməkdir ki, İraqda gərginlik sürətlə yüksələcək.