Trampın Suriya siyasətinin konturları

  • 09.01.2025
  • 48 baxış

ABŞ-ın yeni prezidenti Donald Tramp Suriya ilə bağlı bir sıra məsələlərə münasibət bildirib. 

Mətbuat konfransında ordunu Suriyadan çıxarıb-çıxarmayacağı ilə bağlı sualı cavabsız qoyan ABŞ prezidenti bunu mövzunun “hərbi strategiya olması” ilə əsaslandırıb. Yəni başqa sözlə, Suriya ilə bağlı qərarın təkcə onun iradəsindən asılı olmadığını, digər qurum və şəxslərin rəyinin nəzərə alınacağını etiraf edib. 

Trampın Suriya ilə danışarkən həmçinin deyib ki, Ərdoğanla dostdur, hər ikisi qarşılıqlı olaraq bir-birinə hörmət edir. Və əlavə edib ki, birinci prezidentliyi dövründə Ərdoğan onun tövsiyəsini dinləyərək “bəzi məsələlərin” ardınca getmədi. daha sonra isə söhbətin kürdlərdən getdiyini əlavə edib.

Məsələ ondadır ki, əvvəlki prezidentliyi dövründə Tramp və Ərdoğan arasında kürd mövzusunda gərginlik olsa da, daha sonra ortaq qərara gəlmişdilər. Trampın sözündən belə çıxır ki, Ərdoğan məhz onun tövsiyəsi əsasında Suriya kürdlərinə qarşı müharibəni dayandırıb. 

Donald Tramp Suriyadakı son vəziyyət haqqında deyib ki, Rusiya və İran Suriyada zəifləyib, ancaq Ərdoğanın tədbirli fəaliyyəti nəticəsində Türkiyə qazanclı çıxıb. Sitat: “Ərdoğan ağıllı bir adamdır. Onun başqa ad və forma altında Suriyaya göndərdiyi adamlar hakimiyyəti ələ keçirdi”. 

Maraqlıdır ki, Tramp faktiki olaraq Suriya hadisələrinin məsuliyyətini Türkiyənin üzərinə qoyub, dolayısı ilə Suriyada hazırda baş verənlərin Ankaranın nəzarətində olduğunu deyib. Halbuki Suriyada hadisələrin başladığı ilk gündən ABŞ hakimiyyəti də müxalifləri dəstəkləyib və Əsədə qarşı hərbi münaqişəyə açıq dəstək verib. İndi də Vaşinqton Dəməşqin yeni hakimləri ilə yaxın əlaqələr qurub, diplomatlar Dəməşqdə Əhməd əş-Şəra ilə görüşüb. Lakin Tramp bunları görməzdən gəlir, məsuliyyəti tamamilə Türkiyənin üzərinə qoyur. 

Trampın kürd məsələsini xatırlaması və Ərdoğanın onun istəyi ilə kürdlərdən əl çəkdiyini vurğulaması diqqət cəlb edir. Halbuki Trampın prezidentliyi dövründə Türkiyə və ABŞ arasında rahib Bronson qalmaqalı olmuşdu və Trampın tələbi ilə Ankara rahibi Amerikaya təhvil vermişdi. Lakin Tramp bu və digər hadisələri deyil, məhz kürd məsələsini xatırlatması təsadüfi deyil. Güman ki, Tramp bu dəfə də Ərdoğandan kürdlərə toxunmamasını istəyəcəyinə işarə edir. Ancaq Ankaranın bu mövzuda Vaşinqtonla dil tapacağı sualı açıq qalır.

Digər xəbərlər