Qəzzada atəşkəs ümidləri niyə doğrulmur?

  • 07.01.2025
  • 39 baxış

Ötən ay Suriyada qəfil hadisələrin baş verməsi ilə nisbətən arxa plana keçən Qəzza zolağında vəziyyət faciəvi olaraq qalır. Bazar günü İsrail ordusunun hava zərbələri nəticəsində Qəzza zolağında 100 nəfər ölüb. Bu barədə BBC yerli mənbələrə istinadən məlumat verir. İlin ilk 3 günündə isə Qəzza zolağında həyata keçirilən 94 hava zərbələri nəticəsində ölənlərin sayı 184 nəfər olub. 

2023-cü ilin oktyabrından bu yana Qəzza zolağında ölənlərin sayı 46 min nəfərə çatıb, 109 min nəfər isə yaralanıb. Qəzzada ölənlərin 18 min nəfərə yaxını uşaqdır, o cümlədən ilin sonunda havaların kəskin soyuması nəticəsində 3 uşaq soyuq çadırlarda donaraq ölüb. 

Qəzzada atəşkəs danışıqları isə davam edir. Hazırda Misir, Qətər və ABŞ-ın təşəbbüsü ilə Həmas və İsrail arasında atəşkəs danışıqları intensivləşsə də, “içəridən” verilən məlumata görə, bir neçə “düyünlü” məsələdə ilişib qalıblar. Həmas isə atəşkəs nəticəsində azad edəcəyi 34 israilli girovun adlarını açıqlayıb. Həmçinin girov götürülmüş 6 israilli qadın əsgərdən birinin -  Liri Albaqın videosunu yayımlayıb. Həmas, atəşkəs razılaşması qüvvəyə minəcəyi təqdirdə 34 girovu dərhal azad edəcəyini bəyan edib. İsrail hökumət rəsmiləri isə 34 nəfərin sağ olmasına şübhə ilə yanaşır. Yəni başqa sözlə, Qəzzada atəşkəs indi İsrail hakimiyyətinin insafına qalıb. 

Qəzzada döyüşlər isə davam edir. Müdafiə naziri Katz ordunun Misir-Qəzza sərhədində yerləşən “Filadelfiya” zolağından çəkilməyəcəyini bildirib. Qeyd edək ki, Qəzza müharibəsində İsrail ordusu rəsmi açıqlamalara görə bu günə qədər 808 hərbçi itirib. 

Yeri gəlmişkən, ABŞ-ın “yol üstündə” olan prezidenti Cozef Bayden İsrailə 8 milyard dollar dəyərində silah satılması ilə bağlı qərar layihəsi hazırladıqlarını deyib. Əgər Konqres və Senat təsdiq edərsə Baydenin son qərarı İsrailə silah satılması olacaq. Vaşinqton həm də Qəzzada atəşkəsin əsas vasitəçilərindən biridir.

Digər xəbərlər