Kürd barışıq prosesi yeni mərhələdə

  • 30.12.2024
  • 58 baxış

Türkiyə Ədliyyə Nazirliyi DEM (keçmiş HDP) Partiyası nümayəndələrinin İmralı ada həbsxanasında PKK lideri Abdullah Öcalanla görüşünə icazə verməsinin ardınca şənbə günü DEM Partiyadan olan deputatlar Sırrı Süreyya Önder və Pervin Buldan İmralıya gedərək Öcalanla görüşdülər.

Bu, Türkiyə hakimiyyətinin başlatdığı yeni barışıq prosesinin növbəti mərhələsidir. Yayda hökumətin konstitusiya müzakirələri çərçivəsində PKK terroruna son qoymaq üçün yeni barışıq prosesi başlatdığı xəbərləri yayıldı. Oktyabrın 1-də parlamentin ilk iclasında hakimiyyət koalisiyasının üzvü olan MHP-nin sədri Dövlət Bahçeli parlamentdə DEM (HDP) deputatları olan hissəyə gələrək onlarla salamlaşmış, bir neçə gün sonra isə PKK-ya silahı yerə qoymaq çağırışı edərsə Öcalana əfv yolu açıla biləcəyini demişdi. 

Bu açıqlamanın ardınca Öcalanın qardaşı oğlu, deputat Ömer Öcalan 43 aylıq qadağadan sonra ilk dəfə İmralıya gedərək əmisi ilə görüşmüş və PKK liderinin terrora son qoymaq üçün “həll yolları” bildiyini açıqlamışdı. 

İndi isə DEM partiyasından olan tanınmış siyasətçilər Öndər və Buldan İmralıya gedərək Öcalanla görüşdü.

Artıq deputatlar bildirib ki, Öcalan parlamentə gələrək terrora son qoymaq və sülh çağırışı etməyə hazırdır. Yəni belə demək olarsa proses çərçivəsində növbəti addım atıldı. 

Kürd deputatların İmralıya göndərilməsi onu göstərir ki, yeni ildə barışıq prosesi ilə bağlı ciddi addımlar atılacaq. Bəs söhbət hansı addımlardan gedir? 

Türkiyədə yeni konstitusiya hazırlanır, bu proses həm də Ərdoğanın gələcək siyasi taleyini müəyyən edəcək. Ərdoğanın planı çox sadədir. Öcalan PKK-ya yeni dövrdə “türk və kürd xalqlarının gələcəyi naminə” silahı yerə qoyub ümumi əfvdən yararlanmağa çağıracaq. Nəticədə PKK-nın Öcalana sadiq hissəsi silahı yerə qoyacaq və ümumi bir sülh razılaşması əldə olunacaq. Kürd siyasi təşkilatlarına fəaliyyət azadlığı tanınacaq, konstitusiyada bir sıra dəyişikliklər ediləcək. 

Öcalan isə bunun qarşılığında ən pis halda məhkumluq şəraitinin yumşalması ilə mükfatanlandırılacaq. Ərdoğan isə yeni “daha mütərəqqi” konstitusiya və kürd separatizm və terroruna son qoyduğu üçün həm ölkə daxilində, həm də xaricdə nüfuz qazanacaq. 

Suriyada isə PKK-nın “törəmə təşkilatı” olan PYD və onun silahlı qanadı YPG çox güman ki, ad dəyişikliyi və ya özünü buraxmağa gedəcək. Bununla da Türkiyənin Suriyadakı problemi böyük ölçüdə həllini tapmış olacaq.

Digər xəbərlər