Suriyada son günlər baş verənlər ölkədə yeni gərginlik ocaqlarının “çox üzdə” olduğunu göstərir.
İlk hadisə Hama yaxınlığında Sukeylabiyə şəhərində silahlı radikalların Milad yolkasını yandırması oldu. Hama və Dəməşqdə mitinqlər keçirən xristianlar hakimiyyətdən əcnəbi silahlıları ölkədən çıxarmağı və dini azlıqlara hörmət tələb edib. HTŞ isə hadisəni törədən əcnəbi döyüşçülərin saxlanıldığını, yolkanın isə təmir olunacağı bildirilib.
İkinci hadisə isə Hələbdə Ələvi şeyxi Əbu Abdullah əl-Hüseynin məzarının dağıdılması olub. HTŞ bu hadisənin dekabrın 7-də baş verdiyini bildirsə də, qəbrin dağıdılması videosu ələvilərin çoxluqda yaşadığı Hələb, Hums, Laziqiyyə şəhərlərində etirazlara səbəb olub. HTŞ təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açdığı iddiaları var.
Üçüncü hadisə dünən Tartusda baş verib. Keçmiş hökumət məmurlarını həbs etməyə çalışan HTŞ polisləri naməlum silahlıların – güman ki, keçmiş hökumət əsgərləri – hücumuna məruz qalıb. Nəticədə 14 HTŞ polisi və 3 hücumçu öldürülüb, 10 polis isə yaralanıb.
HTŞ hökuməti baş verənlərə görə İranı ittiham edib. Aydın məsələdir ki, baş verənlər təkcə İranla məhdudlaşa bilməz. Suriyada bir çox dövlətlərin maraqları var. O da aydındır ki, xarici qüvvələr Suriyada maraqlarını təmin etmək üçün təxribatlara gedəcəklər.
Lakin baş verənləri İranla məhdudlaşdırmaq vəziyyəti daha da çətinləşdirə bilər. Çünki ittihamı İrana yönəltmək onsuz da həssas olan etnik və dini münasibətləri daha da gərginləşdirə bilər. Çünki yeni hakimiyyətin özü və müttəfiqləri ələvi və şiə icmasına qarşı qəzəblidir, bu cür açıqlamalar nifrəti daha da körükləyə bilər.
İkinci mühüm amil, Hələbdə ələvi şeyxinin qəbrini dağıdan, Hamada xristian yolkasını yandıran radikal təkfirçi qruplardır. Baş verənlər göstərir ki, Colani dəyişsə də, onun tərəfdarlarının heç də hamısı dəyişməyib və bu da Suriya üçün etnik və dini zəmində gərginlik riskini yüksək tutur. Xüsusən də əcnəbi, əsasən də Orta Asiya və Çindən olan qeyri-ərəb radikal islamçılar fərqli məzhəb və dinlərə qarşı dözümsüzdür.
Nəhayət, Tartusda baş verən silahlı toqquşma HTŞ qüvvələrinin keçmiş rejim tərəfdarlarına qarşı əməliyyatı və buna silahlı hücumla cavab verilməsi Suriyada rejim tərəfdarlarının güclü olduğu və təhlükə doğura biləcəyini göstərir.