Hələbə hücumun arxasında kim var?

  • 16.10.2024
  • 21 baxış

Suriyanın İdlib vilayətində canlanma var. Müxalif qruplar ötən həftə hücum təlimləri keçirir, həmçinin şimal-şərqdə yerləşən Suriyanın ikinci böyük şəhəri Hələb istiqamətində qüvvə toplaması xəbərləri yayılıb. 

Ərəb dilli mənbələr Türkiyənin regionda yaranmış vəziyyətdən istifadə edərək Hələb ələ keçirməyi planladığını yazır. Bu arqumenti gücləndirən Türkiyə quru qüvvələrinin komandanı ordu generalı Səlcuq Bayraktaroğlunun Afrinə gələrək hərbi hissələrə baş çəkməsi olub. 

Ancaq Hələbə hücumun Türkiyənin planı olması iddiası sual doğurur. Əvvəla, Türkiyənin İdlibdəki radikal islamçı müxaliflərlə ciddi problemləri var. Bu ilin iyulunda həmin qüvvələr Türkiyə ordusu hərbçilərini girov götürüb alçaltdılar, Türkiyə bayrağı və dövlət idarələrini yandırdılar.

İkincisi, Türkiyə son iki ildir Suriya hakimiyyəti barışıq danışıqları aparır. Ankaranın bu qədər məsafə qət etdikdən sonra Dəməşqlə yenidən düşmənçiliyə qayıtmasının məntiqi əsası yoxdur. 

Üçüncüsü, Astana razılaşmasına əsasən İdlib və ətrafı Rusiya, Türkiyə və İran arasında təhlükəsizlik zonalarına bölünüb. Suriyada Türkiyənin yeni ərazi ələ keçirməsi Rusiya ilə qarşıdurma deməkdir ki, Ankara indi buna getməz.   

Dördüncüsü, Türkiyənin Suriya ərazisindəki prioriteti PKK-nın Suriya filialı olan PYD və onun silahlı qanadı YPG-dir. Ankara məhz PYD-yə qarşı əməliyyata hazırlaşır və iki ildir ABŞ-ın razılıq verməməsi səbəbi ilə bu əməliyyat baş tutmur.

Lakin mənbələr İdlibdə hərəkətlilik olduğunu təsdiqləyir. Burdan belə qənaət ortaya çıxır ki, İdlibdə həqiqətən hərbi hərəkətlilik var, ancaq işin arxasında fərqli qüvvələr var. 

Məsələ ondadır ki, İsrail ordusu hazırda əsas təhlükəni Suriyadan gözləyir. Çünki Suriya Livana açılan qapı və İranın Livana əsas təchizat məntəqəsidir. Həmçinin ehtimal olunur ki, müharibənin irəliləyən dövründə İsrail Suriyanın Colan təpələri istiqamətindən Suriyaya daxil olsun. Artıq ötən həftə Rusiya ordusu Colan istiqamətindən postlardan çəkilib, bundan bir neçə gün sonra isə İsrail tankları Colan istiqamətindən Suriyanın Quneytra rayonunun Kudna kəndi istiqamətindən Suriya ərazisinə daxil olub. 

Güman etmək olar ki, Suriyanın cənubunda və Livanda yaranmış vəziyyətdən istifadə edən İdlibdəki müxaliflər Hələbə hücum etmək və bununla da İran və Suriyanı iki cəbhə arasında sıxışdırmağa çalışacaq. Suriyanın şimalında yeni cəbhənin açılması İsrail üçün ciddi şəkildə nəfəslik rolunu oynaya bilər.

Digər xəbərlər