Netanyahunun müharibə avantürası İsrail üçün təhlükəyə çevrilir

  • 14.10.2024
  • 23 baxış

Sentyabrda İsrail əsas rəqibi Hizbullaha ağır zərbə vuraraq Livanda ikinci cəbhəni açdıqdan sonra radikal mühafizəkarlar müharibənin davamını istəyir. Radikallar hesab edir ki, İsrail daha əvvəl olduğu kimi bir neçə cəbhədə qələbə qazana bilər, buna görə də müharibə davam etməlidir. 

Doğrudur, hələlik İsrail ordusu yavaş da olsa irəliləyir. Amma bu irəliləmək ucuz başa gəlmir və üstəlik kifayət qədər risklidir. 

1. İsrail hava bormbardmanları ilə ötən bir ildə Qəzzada 42 min, İordan çayının qərb sahilində 700-dən çox, Livanda isə 2 min nəfərə yaxın insanın ölümünə səbəb olub. Bu insanların mütləq əksəriyyəti mülki əhalidir və buna görə hazırda beynəlxalq ictimaiyyət içərisində İsrailə qarşı qəzəb var. 

2. Müharibə həm də bahalı xərc deməkdir. Rəsmi rəqəmlərə görə, bu, İsrail tarixində ən bahalı müharibədir, ölkəyə 66 milyard dollara başa gəlib. Bu, İsrailin müharibədən əvvəlki ÜDM-nin təxminən 11-12 faizi deməkdir. ABŞ son bir ildə İsrailə 17 milyard dollardan çox yardım edib. Üstəlik, İsrailə atılan raketlər ölkə infrastrukturuna milyard dollarlarla zərər vurur. 

3. İtkilər. Əvvəlki müharibələrdən fərqli olaraq İsrail nizami ordularla deyil, partizan qrupları ilə vuruşur. Bu isə itkilərin daha çox olması deməkdir. Rəsmi rəqəmlərə görə, İsrail Müdafiə Qüvvələri son bir ildə 729 əsgər itirib, 4576 hərbçi də yaralanıb. Yaralıların 696-nın vəziyyəti ağır qiymətləndirilir. Livanda müharibənin ilk həftəsində İsrail 35 hərbçi itirib, onlarla yaralı var. Üstəlik müstəqil mənbələr itkilərin daha çox ola biləcəyini deyir. Müharibə isə davam edir.

4. Nəticəsiz və yorucu müharibə. Artıq 12 aydır davam etməsinə rəğmən İsrail ordusu hələ də Qəzza zolağını nəzarətə götürə bilməyib, Livanda isə müharibə yeni başlayır. Ötən gün Həmas 12 avtomobildən ibarət İsrail hərbi karvanı pusquya saldığını açıqlayıb. İsrail 1 mayor və iki çavuş olmaqla 3 itki verdiyini, Həmas isə daha çox itkinin olduğunu deyir. 1987-ci ildən bu yana ilk dəfə İsrail İordan çayının qərb sahilinə zirehli transportyorlar göndərib. Bu muxtariyyət ərazisində 3-cü cəbhənin açılmasına işarədir. Livanda isə 10 gün ərzində İsrail ordusu cüzi irəliləyiş əldə edib. 2006-cı ildə 34 gün ərzində cəmisi 10 kilometr irəliləyən İsrail Hizbullahın müqavimətini qıra bilmədən atəşkəsə gedərək ordunu Livandan geri çəkdi. İsrail mövcud olduğu dövrdə 1 ildən uzun müddətdə müharibə aparmayıb.

Digər xəbərlər