İDEAL VARİANT

  • 26.11.2023
  • 71 baxış

Bu ilin dekabrında Misirdə prezident seçkiləri keçiriləcək. Bu barədə Misir Mərkəzi Seçki Komissiyasının sədri Valid Həmzə məlumat verib. Elan olunan seçki təqviminə əsasən ölkə xaricində yaşayan misirlilər 1-3 dekabrda, ölkə daxilində isə 10-12 dekabrda ümumxalq səsverməsi ilə ölkənin birinci şəxsini seçəcəklər.

Əgər seçkilər birinci turda başa çatmasa, o zaman 2024-cü ilin yanvarın əvvəlində ikinci tur keçiriləcək. Yəni namizədlərdən biri 50+1 səs qazanmasa, o zaman seçkilər ikinci turda keçiriləcək. Ancaq bu aşağı ehtimaldır.

Artıq prezidentliyə namizədlər də bəllidir. Əsas namizəd hazırkı prezident, 2014-cü ildən bəri Misirə rəhbərlik edən Əbdülfəttah əs-Sisi bu ayın əvvəlində Qahirə yaxınlığında inşa edilən Misirin yeni inzibati paytaxtında keçirilən 3 günlük “Vətən hekayəsi” konfransında prezidentliyə namizədliyini elan edib. Hazırkı prezidentlə yanaşı, keçmiş deputat Əhməd Tantavi, Sosial Demokrat Partiyasının sədri Fərid Zahran, Vəfd Partiyasının sədri Əbdüssənəd Yamamə, Respublika Xalq Partiyasının sədri Hazim Ömər və Konstitusiya Partiyasının sədri Cəmilə İsmail də prezidentliyə namizədliyini açıqlayıb.

Yeri gəlmişkən, Hazim Ömər və Əbdüssənəd Yəmamə daha əvvəl Əbdülfəttah əs-Sisini dəstəkləyib. Bu baxımdan onların indiki seçkilərdə də hazırkı prezidenti dəstəkləyəcəyi ehtimal olunur.

 

Altı illik prezidentlik müddəti

Hazırkı prezident Sisi 2014-cü ildən prezidentdir və 2018-ci ildə ikinci müddətə prezident seçilib. Lakin 2019-cu ildə Misirdə qanunvericiliyində dəyişiklik edilib. Yeni qanuna əsasən, Misirdə prezidentlik müddəti 6 ilə qaldırılıb. Misirin 2014-cü ildə qəbul edilən Konstitusiyasının 140-cı maddəsinə görə, ölkə prezidenti 4 il müddətinə iki dəfə seçilə bilərdi. Lakin 2019-cu ildə həyata keçirilən dəyişiklik nəticəsində müddət artırılıb. Misir parlamentində deputatların 596-dan 485-i yeni prezidentlik sistemini dəstəkləyib.

Yeri gəlmişkən, Misirdə 2019-cu ildə konstitusiyaya edilən dəyişikliklərə əsasən ordunun “konstitusiyanı qoruma” səlahiyyətləri artırılıb, eləcə də parlament iki palatalı olub və qadınlara 25 faizlik kvota verilib.

Beləliklə, hər hansı böyük dəyişiklik baş verməsə, Əbdülfəttah əs-Sisi daha 12 il ölkəni idarə edə biləcək.

 

Ordunun adamı

Hələ sentyabr ayında Misirdə hazırkı prezidentin tərəfdarları küçələrə asdıqları plakatlarla onun yenidən namizəd olmasına çağırışlar edirdilər. Misir siyasətini araşdıran əksər təhlilçilər Əbdülfəttah əs-Sisinin növbəti dəfə prezident seçiləcəyinə şübhə etmirlər.

Marşal Əbdülfəttah Səid Hüseyn Xəlil əs-Sisi 1954-cü ildə Qahirədə anadan olub. 1977-ci ildə hərbi məktəbi bitirib, quru qoşunlarında müxtəlif vəzifələrdə xidmət edib, bir müddət Səudiyyə Ərəbistanında hərbi attaşe işləyib. ABŞ-da Quru Qoşunları Akademiyasında təhsil alıb.

Daha sonra Misir Hərbi Kəşfiyyatının rəisi olub, ordu komandanlığında yüksək postlar tutub. Baş qərargah rəisi, müdafiə naziri olub, ən son hərbi vəzifəsi isə Misir ordusu baş komandanı və Ali Hərbi Şuranın rəisi olub. 2013-cü ildə baş verən hərbi çevrilişdən sonra 2014-cü ildə keçirilən seçkilərdə Misirin prezidenti seçilib.

Əbdülfəttah əs-Sisi Misirin uzun illər dəyişməyən ənənəyə uyğun olaraq ordunu təmsil edir. XX əsrdə Şərqin respublika quruluşlu milli dövlətlərində bir qayda olaraq ordu generalları dövlətin idarəçiliyində iştirak edib, silahlı qüvvələr yarımmüstəqil bir qurum olaraq fəaliyyət göstərib. Uzun illər Türkiyədə, bu gün Pakistanda ordu hələ də dövlət idarəçiliyində əsas iştirakçıdır. Misirin isə bununla bağlı daha böyük və uzun illərə dayanan ənənəsi var. Tarixdən məlumdur ki, hələ Məmlüklər dövründə Misiri ordu sərkərdələri idarə edib, sülalə hakimiyyəti mövcud olmayıb. Osmanlı hakimiyyəti dövründə də Misiri bir qayda olaraq vali-paşalar idarə edib. Bu ənənə qısa müddətə 1920-ci illərdən 1953-cü ilə qədər kral Faruqun dövründə pozulub. Hətta Misirin birinci kralı Fuad da daha əvvəl ordu zabiti - paşa olub. Yalnız istisna Faruq olub. 1953-cü ildə çevriliş edərək kral Faruqu devirən hərbçilər yenidən hakimiyyəti ələ keçirib. Polkovnik Camal Əbdül Nasir, onun xələfi Ənvər Sədat və nəhayət, Hüsnü Mübarək ordudan gəlmə komandanlar olub. 2011-ci il “ərəb baharı” dalğasında xalq etirazları sonrası hakimiyyətdən istefa verən Hüsnü Mübarəkdən sonra Misirin prezidenti ilk dəfə mülki şəxs “Müsəlman Qardaşlar” Hərəkatından olan Məhəmməd Mursi seçilsə də, o cəmisi 1 il hakimiyyətə qala bildi. 2013-cü ildə başlayan “Təmərrüd”  (Üsyan) hərəkatının ardınca Mursi hökumətini devirən ordu yenidən Misirin idarəçiliyini ələ keçirib. Misir ordusu dövlət içərisində dövlət deyiləcək qədər böyük və şaxələnmiş strukturdur.  

Hazırda dünya ordu reytinqində 14-cü sırada olan Misir 2020-ci ildə ilk dəfə onluğa daxil olub. 1 milyona yaxın üzvü olan Misir ordusu 215 döyüş təyyarəsinə (ümumilikdə 1054), 4200 tanka və 11 mindən çox zirehli maşına sahib olaraq regionun ən böyük ordusu hesab olunur. Maraqlıdır ki, böyük iqtisadi çətinliklərə baxmayaraq, Misir bu gün ən yeni texnika və silah almaqda davam edir.

Misirin böyük ordu saxlamasının arxasındakı səbəblər sırasında Afrika və Asiyada qeyri-sabit qonşular, ölkə daxilində radikal islamçı silahlı qrupların təhlükəsi və regional polis roludur. Misirin Liviyada məhdud sayda əməliyyatlara qatılması, Yəməndə ərəb koalisiyasına dəstək qüvvəsi göndərməsi bir dövr Misirin Yaxın şərqin “ərəb polisi” rolunu oynayacağı ilə bağlı şərhlərə yol açdı.

Hazırda 110 milyondan çox əhalisi olan Misir ciddi iqtisadi geriləmə yaşayır və dövlətin saxlanması üçün ərəb qonşularının yardımlarına möhtacdır. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri üçün Misir həm də mümkün hərbi münaqişələrdə silahlı güc dəstəyi rolunu oynayır. Bunun qarşılığında isə hər il Misirə böyük miqdarda maliyyə yardımı edilir.

Üstəlik, Misirin Nil çayındakı su bəndinə görə Efiopiya ilə gərginliyi, Liviya, Sudan kimi qonşularda isə hər an müharibə riski var. Bu mənada böyük Misir ordusu təkcə Qahirənin deyil, həm də müttəfiqlərinin marağındadır.

 

Alternativsiz prezident

Aydın məsələdir ki, hazırkı vəziyyətdə faktiki olaraq Əbdülfəttah əs-Sisinin alternativi yoxdur. Məhz o, bu gün Misir ordusunun gücünü təcəssüm etdirir, region dövlətləri ilə, xüsusən də Misiri dəstəkləyən ərəb hakimiyyətləri ilə yaxşı münasibətlər saxlayır və nəhayət, ölkə daxilində sabitliyi təmin edir. Doğrudur, Misirin iqtisadi vəziyyəti hazırda heç də ürəkaçan deyil. Lakin indi regionun əksər ölkələrində iqtisadi vəziyyət yaxşı deyil, üstəlik qonşuluqdakı Liviya, Sudan, Suriya kimi respublika quruluşlu ölkələrdəki vəziyyət Misirlə müqayisə oluna bilməz. Nil çayı ətrafında kiçik münbit zolağa möhtac olan Misir hazırda dünyada ən böyük taxıl idxalçısıdır, 110 milyonluq əhalini işlə təmin etmək digər ərəb ölkələrindən fərqli olaraq böyük enerji resursları olmayan ölkə üçün çətindir.

 

Misir iqtisadiyyatı: ümid və reallıq arasında

Misir hakimiyyətinin, yəni prezident Əbdülfəttah əs-Sisinin ən ciddi problemi iqtisadiyyatdır. Regionun ən çox əhalisi olan və sürətlə artan Misirin ən ciddi problemi işsizlik və iqtisadi rifahdır.

Afrika qitəsində Misir iqtisadiyyatı Nigeriyadan sonra ən böyük hesab olunur. Son illərdə bu ölkədə iqtisadi artım 4-5 faiz arasında dəyişir. Ölkə iqtisadiyyatının 50 faizindən bir az çoxu turizm və xidmət sektoru, 35,6 faiz sənaye, 11 faizini isə kənd təsərrüfatı təşkil edir. Ölkənin ümummilli gəliri 400 milyard dollardan bir qədər çoxdur. 110 milyonluq ölkə üçün bu o qədər də böyük rəqəm deyil.

Hökumət Misirdə iqtisadi sıçrayış hədəfi “Misir vizionu 2030” proqramı elan edib. Misir hökuməti 2025-ci ilə qədər Yaxın Şərq və Şimali Afrikada sənaye iqtisadiyyatı və texnoloji məhsulların əsas ixracatçısı olmağı hədəfləyir. Son illərdə Misir xaricdən böyük həcmdə - 140 milyarddan çox xarici sərmayə cəlb etməklə ciddi uğurlara imza atıb.

Ancaq real sosial-iqtisadi vəziyyət o qədər də ümidverici deyil. Hazırda 165,361 milyard dollar xarici borcu olan Misirin cəmi 30 milyard dollar rezervi var. Misirin illik 90 milyard dollarlıq idxalı olduğunu nəzərə alsaq, mövcud ehtiyatlar tələbatdan 3 dəfə azdır. Bu isə ölkədə ciddi valyuta qıtlığına səbəb olur. Misir funtu hər il sürətlə dəyər itirir. Misir hökuməti vəziyyətdən çıxmaq üçün Beynəlxalq Valyuta Fonduna və ərəb ölkələrinə - Səudiyyə Ərəbistanı, BƏƏ və son illərdə münasibətlərini qaydaya saldığı Qətərə - müraciət edib. Ərəb ölkələri 22 milyard dollar nağd və sərmayə yatırımı yardımı vəd etsələr də bunun nə qədərinin reallaşacağı sual altındadır.

 

Nəticə

“Ərəb baharı” böyük mənada Misirdə başlamışdı, elə bu ölkə də bitdi. Bu, göstərib ki, ərəb coğrafiyasında Avropa tipli demokratik sistemlərin tətbiqi mümkün deyil. Çünki sabitlik, sosial-iqtisadi şərtlər daha əvvəl gəlir. Radikal ideoloji qütbləşmənin mövcud olduğu, qəbilə-tayfa ənənələrinin hələ də güclü olduğu ərəb ölkələrində Avropa tipi demokratiya mümkün deyil. Bunu inqilabın ən “sakit” keçdiyi Tunisdəki hazırda davam edən siyasi böhran, Suriyada bitməyən vətəndaş müharibəsi əyani olaraq sübut edib. Misirdə isə inqilab demokratiyası cəmisi bir il davam gətirə bilib. Siyasi islamçılar və dünyəvi sistemin müdafiəçisi kimi çıxış edən ordu arasında baş verən qarşıdurmada ikincilər qalib gələrək Misirdə dünyəvi, amma avtoritar respublikanı qoruyub saxladı.

Qeyd etdiyim kimi, 110 milyon əhalisi olan, məhduda resurslara malik, eyni zamanda əhalisinin böyük əksəriyyətinin dindar müsəlman olduğu Misirdə demokratik seçkilər həm də siyasi islamçıların yenidən səhnəyə qayıtması deməkdir. Bunu isə təkcə Misir ordusu və siyasi-iqtisadi elitası deyil, həm də dost ərəb ölkələri, müttəfiq Qərb dövlətləri istəmir. Bu səbəbdən də hazırkı şərtlərdə Misir üçün ideal dövlət başçısı Əbdülfəttah əs-Sisidir. Əlbəttə, növbəti gözlənilməz inqilaba qədər.

Digər xəbərlər