İsrail Livana hücuma hazırlaşır

  • 22.09.2024
  • 30 baxış

Livanda sentyabrın 17-də “peycer terrorunun” ardınca 18-də yeni partlayışlar dalğası baş verdi. Bu dəfə peycerlərlə yanaşı az güclü rabitə cihazları (ratsiyalar) və mobil telefonlar, o cümlədən, günəş panellərində partlayışlar qeydə alınıb. Oxşar hadisə İraqda da baş verib, silahlı qruplarda olan rabitə cihazları və telefonlarda partlamalar qeydə alınıb. 

Nəticədə iki partlayış Livanda yaralı sayı 4 min nəfərə, ölü sayı isə 37 nəfərə yüksəlib. İkinci partlayış hadisənin səbəbləri ilə bağlı şübhə dairəsini daha da genişləndirib. Belə ki cihazlara partlayıcı yerləşdirilməsi versiyası ətrafında şübhələr artıb. 

Qeyd edək ki, Qərb mediası birinci partlayışdan sonra peycer cihazlarına istehsal və ya sonrakı mərhələdə 3-20 qram arasında partlayıcı yerləşdirilməsi versiyasını irəli sürüb. İddia olunu rki, İran tərəfindən sifariş olunan 5 min ədəd peycer Tayvanda yerləşən “Gold Apollo” şirkətində deyil, Macarıstanda yerləşən şirkətdə yığılıb. Partlayıcıların peycerlərə məhz Macarıstanda Mossad agentləri tərəfindən yerləşdirildiyi ehtimal olunur. 

İkinci ehtimal isə peycerlərin kənardan virus ötürülməklə qızıb partlaması idi.  

Ancaq sentyabrın 18-də baş verən ikinci dalğada peycerlərlə yanaşı mobil telefon və ratsiyaların da partlaması rabitə qurğularına partlayıcı qoyulması versiyasını ciddi şəkildə şübhələrə səbəb olub. Çünki İsrail kəşfiyyatının bütün peycer, mobil telefon və ratsiyalara partlayıcı yerləşdirilməsi az inandırıcıdır. Üstəlik cihazlarda partlayıcılar olubsa, bu, hansısa mərhələdə detektorlar tərəfindən qeydə alına bilərdi. Halbuki belə bir hal qeydə alınmayıb. 

Belə görünür ki, İsrailin əlində mobil rabitə vasitələrini kənardan partlatmağa imkan verən texnologiya var. İsrail ordusu Hizbullah və onun himayədarı olan İranı qorxutmaq və kütləvi xof yaratmaq üçün indiki məqamda bu texnoloji silahını işə salıb. Yəni hətta peycerlərə partlatıcı yerləşidirilsə belə, bu işin arxasında çox ciddi kiber hücumdan sphbət gedir.

Ancaq hər iki halda “peycer terroru” İsrail kəşfiyyatının Hizbullahın içərisinə sızdığını və təşkilat içərisində agentura şəbəkəsi qurduğunu sübut edir. Bu isə Hizbullah və İran üçün ciddi minusdur.

Digər tərəfdən, ard-arda baş verən partlayışlar İsrailin yaxın günlərdə Livana hücum edəcəyi ilə bağlı ehtimalı gücləndirir. İsrail rabitə vasitələrini iflic etməklə Livan cəbhəsində ilk kiber hücumunu həyata keçirmiş oldu.

Növbəti mərhələdə İsrail ordusunun Livana hücum etməsi ehtimalı yüksəkdir. Ancaq İsrail ordu komandanlığı hələlik quru əməliyyatlara risk etmir, çünki Hizbullahın silahlı gücü var və quru əməliyyatı zamanı İsrail ordusuna "sürprizlər" həyata keçirilə bilər. Bu səbəbdən də İsrail hazırda böyük hücumlardna öncə olduğu kimi, aviasiya hücumları həyata keçirilir. Bu hücumlar mümkün qədər daha çox ziyan vurmaq, Hizbullah hərbi infrastrukturunu, hərbi komandirlərini sıradan çıxarsın. 

Digər xəbərlər