Qəzza müharibəsi hələ uzun müddət davam edə bilər

  • 16.09.2024
  • 32 baxış

İsrail tərəfi bəyan edib ki, Qəzza-Misir sərhədində yerləşən “Rəfah batalyonları” məhv edilib, 2308 Həmas silahlısı və 13 kilometrlik tunel sıradan çıxarılıb.

162-ci diviziyasının komandiri briqada generalı Yitzhak Cohen jurnalistlərə bildirib ki, Misir-Qəzza sərhədində şərti olaraq Filadelfiya oxu adlanan əraziyə nəzarət edən 4 Həmas batalyonu məğlubiyyətə uğradılıb, ərazi tamamilə İsrail ordusunun nəzarətinə keçib və Misir sərhədindən Rəfah şəhərinə qədər təxminən 300 metr uzunluğunda bir-birinə bağlı 203 tunel ələ keçirilib.

Filadelfiya oxu adlanan Qəzzanın Misirlə sərhədi İsrail üçün xüsusi əhəmiyyət daşıyır. Çünki israillilərə görə, Həmas silah və texnikanı buradan əldə edir. Hərçənd son olaraq ələ keçirilən tunellərin heç biri işlək olmayıb, Misir hakimiyyət orqanları tərəfindən ləğv edilmiş tunellər olub. 

Digər tərəfdən, İsrailin Qəzza-Misir sərhədinə nəzarət etməsi zolağa humanitar yardımın çatadırılmasına mane olur. Bu səbəbdən də beynəlxalq təşkilatlar, ABŞ və Aİ İsraildən bu dəhlizi boşaltmağı tələb edir. Bu mənada İsrail ordusunun son açıqlaması Filadelfiya dəhlizi əməliyyatının vacibliyini nümayiş etdirməkdən başqa bir şey deyil. 

Ancaq başqa tərəfdən, bu açıqlama İsrailin Qəzza əməliyyatı ilə bağlı çox mühüm bir məqamı ortaya çıxarır: İsrail hələ də Həmasın silahlı gücünü məhv edə bilməyib. 

İsrail ordusu Qəzzaya quru əməliyyatına başlayanda baş nazir Benyamin Netanyahu elan etmişdi ki, əsas hədəf Həmasın hərbi və siyasi gücünü məhv etməkdir. Bunun üçün 3 ay vaxt tələb olunuduğunu bildirmişdi. 

 4 aydan sonra 2024-cü ilin fevralında Həmasın hərbi gücünün yarıdan çoxunu, 20 mindən çox silahlını məhv etdiklərini elan etdi. Bir ay sonra isə İsrail komandanlığı Həmasın 24 briqadasından 18-nin məhv edildiyini və Qəzzanın şimalında Həmasın hərbi strukturunun  məhv etdiyini elan etdi. 

Qəzza müharibəsinin 11 ayı tamam olub və bu gün İsrail ordusu Filadelfiya oxunda 4 Həmas batalyonunu məhv etdiyini elan edir. Qəzzanın şimalında və mərkəzində hələ də müqavimət göstərən Həmas silahlıları qalmaqdadır. Beynəlxalq mərkəzlər isə Həmasın hərbi gücünün təxminən yarıdan çoxunu qoruyub saxladığını bildirir. Üstəlik proqnozlar Qəzzada partizan müharibəsinin hələ uzun müddət davam edə biləcəyinə işarə edir.

Digər xəbərlər