Məsud Pezeşkiyanın İraq səfəri İran üçün hansı məna daşıyır?

  • 13.09.2024
  • 31 baxış

İranın yeni prezidenti Məsud Pezeşkiyan ilk xarici səfərini İraqa etdi. Ötən gün Bağdada gedən Pezeşkiyanı hava limanında baş nazir Məhəmməd Şiə əs-Sudani qarşılayıb. İran prezidenti İraq dövlət və hökumət başçıları ilə görüşüb. 

Bu gün isə Pezeşkiyan Şimali İraq Kürd Administrasiyasının mərkəzi Ərbil şəhərinə gedib. Burada kürd muxtariyyətinin sədri Nəçrivan Bərzani tərəfindən qarşılanıb. İran prezidentinin kürd muxtariyyətindən sonra İraqın müqəddəs şəhərləri Nəcəf və Kərbəlaya, eləcə də Bəsrəyə səfər edəcəyi gözlənilir. 

Qeyd edək ki, Məsud Pezeşkiyan ilk xarici səfərini İraqa etməsini bu ölkədəki İslam müqəddəslərinin məzarını ziyarət etməsi ilə izah etsə də, iki ölkə arasında həlli vacib olan çox ciddi mövzular var. 

İranda hesab edirlər ki, xarici xüsusi xidmət orqanları, xüsusən də İsrail kəşfiyyat İran ərazisindəki əməliyyatları İraqdan, daha dəqiqi kürd muxtariyyəti ərazisindən həyata keçirir. 2022-ci ildə kürd əsilli Məhsa Əmininin şübhəli ölümündən sonra başlayan etirazlarda kürdlərin iştirakı Tehranı ciddi narahat etdi. İran rəsmiləri aksiyaları xarici kəşfiyyatın qızışdırdığını, ölkəyə İraq ərazisindən silah keçirildiyini iddia etdi. 

PKK-nın İran qolu olan PEJAK və kürd partiyası “Komala”nın kürd muxtariyyəti ərazisindəki qərargahları İran tərəfindən bombalandı. Daha sonra İran bu qrupları sərhəddən çıxarması üçün İraqa vaxt verdi. 

Bu ilin əvvəlində İran ordusu Ərbildə bir neçə binanı bombaladı. Tehran vurulan evin Mossadın bölgə qərargahı olduğunu elan etdi. 

İndi isə İran və Qərb mediası rəsmi Bağdadın separatçı kürd silahlılarının 3-cü ölkəyə çıxarılmasına hazırlaşdığını yazır. Yeri gəlmişkən, 2016-cı ildə Tehranın tələbi ilə İraq hökuməti hələ Səddam Hüseyn dövründən İraqa yerləşdirilmiş “Mocahedane Xelq” (Xalqın Müscahidələri) solçu silahlı qrupunu ölkədən çıxardı. 

İraq əhalisinin əksəriyyətinin şiələrin təşkil etdiyi, şiə müqəddəslərinin ziyarətgahlarının yerləşdiyi (hər il milyonlarla iranlı İraqı ziyarət edir) və ən əsası ən böyük sərhədi olan qonşu ölkəlrdən biri və İranın ərəb dünyasına açılan qapısıdır. Tehran bu qapını hər zaman “açıq” saxlamağa, Bağdadla əlaqələrini yaxşı vəziyyətdə tutmağa çalışır. Çünki İranın Yaxın Şərqə, o cümlədən Suriya, Livan, Fələstinə çıxışı məhz İraq üzərindəndir. 

Bu mənada hazırda həssas mərhələdən keçən İran üçün İraq yenə də həlledici ölkə olaraq qalır. Başqa sözlə. İraq İranın həm daxili təhlükəsizliyi, həm də regional siyasəti baxımından açar ölkə olaraq qalır.

Digər xəbərlər