Misir prezidentinin Türkiyə səfəri

  • 05.09.2024
  • 35 baxış

Misir prezidenti Əbdülfəttah əs-Sisi sentyabrın 4-də Türkiyəyə rəsmi səfər etdi. Bu səfər zamanı Ankarada Sisi və Ərdoğanın həmsədrliyi ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı keçirildi, bir neçə dövlətlərarası saziş imzalandı. Ancaq bu səfər siyasi əhəmiyyətinə görə ciddi hadisə hesab olunur.  

Məsələ ondadır ki, 2013-cü ilin yayında baş verən hərbi çevrilişdən sonra pisləşən Misir-Türkiyə münasibətləri son iki ildə yumşalmağa başlayıb. Bu ilin fevralında 11 illik fasilədən sonra Türkiyə prezidenti Ərdoğan Qahirəyə rəsmi səfər edib. Sisinin Ankaraya səfəri həm də Ərdoğanın Qahirəyə səfərinə cavabdır.

Misirlə barışıq Türkiyənin “ərəb baharı” dövründə apardığı siyasi kursdan imtina edərək region ölkələri ilə barışıq prosesi başlatmasının bir halqasıdır. Çünki Yaxın Şərqdə apardığı sərt müdaxiləçi siyasət nəticəsində Ankaranın təkcə Dəməşq deyil, eyni zamanda Misir, BƏƏ, İraqla da münasibətləri kəskin şəkildə pisləşmiş, 2017-ci ildə Camal Xaşuqinin müəmmalı ölümündən sonra Səudiyyə ilə əlaqələri qırılma nöqtəsinə gəlmişdi. 

Lakin sonrakı illərdə Ankara xarici siyasətdə kəskin dönüş edərək region ölkələri ilə münasibətləri qaydaya salmağa çalışıb. Misir isə bu siyahıda xüsusi yer tuturdu. 

Hər nə qədər əvvəlki nüfuzunu itirsə də, Misir hələ də Yaxın Şərqin əsas güclərindən biri olaraq alır. Misirin həm hərbi gücü, həmçinin böyük insan resursu və coğrafi mövqeyi Yaxın Şərq və Şimali Afrikada rolunu gücləndirir. Ancaq son illərdə iqtisadi gerilik və inqilabın ardınca baş verən hərbi çevriliş Misirin nüfuzuna ciddi zərbə vuraraq BƏƏ-Səudiyyə Ərəbistanı “ikilisinin” təsiri altına düşməsinə səbəb oldu. 

Lakin bütün bunlarla yanaşı son bir neçə ildə Misir yenidən dirçəlməyə, regionda hərbi-siyasi rolunu artırmağa, regionun iqtisadi nəhəngləri olan körfəz ölkələrinin kölgəsindən çıxmağa çalışır. 

Bu mənada Misirin Türkiyə ilə barışığa yaşıl işıq yandırması həm də regional siyasətində yenilik cəhdinin bir parçasıdır. Hazırda Qəzza müharibəsi səbəbi ilə ciddi tənqidlərə məruz qalan Qahirə həmçinin Efiopiya ilə şirin su problemi (İntibah su bəndi), Sudanda vətəndaş müharibəsi, eləcə də Liviyada hərbi-siyasi böhranlarla üz-üzə qalıb. 

Sisinin Ankara səfərində bu mənada ümumi mövzular ikitərəfli ticarət həcminin artırılması, iqtisadi, siyasi əlaqələrin inkişafı ilə yanaşı Liviya böhranı, Aralıq dənizinin şərq hissəsində tapılan neft və qaz ehtiyatlarının işlənməsi və Avropaya çıxarılması mövzusunda əməkdaşlıq imkanlarıdır.

Digər xəbərlər