Netanyahu Qəzzada atəşkəsi sabotaj edir

  • 13.08.2024
  • 38 baxış

İsrail ordusunun Qəzza şəhərindəki Tabiin məktəbi və məscidini bombalaması nəticəsində 11-i uşaq, 6-sı qadın olmaqla 100-ə yaxın insan ölüb. Həmas lideri İsmayıl Haniyənin ölümü və ardınca Qəzzada bu hadisə İsrailin məqsədli şəkildə sülh prosesini pozmağa çalışdığını göstərir. 

Əslində İsrail rəsmilərinin İranın mümkün cavab zərbəsi ətrafında yaratdığı ajiotaj sünidir. Aydın məsələdir ki, hazırda ABŞ hərbi donanmasının az qala yarısı Aralıq dənizində və Hind okeanı-Fars körfəzindədir, üstəlik Böyük Britaniya və Fransa da regiona hərbi gəmi və aviasiya göndərib, Misir və İordaniya da İsrailə hava hücumundan müdafiə dəstəyi verəcəyini elan edib. Bu qədər güclü müdafiə sistemləri olduğu halda İranın İsrailə zərbəsi nə qədər dağıdıcı olacaq? 

Digər tərəfdən, ötən həftə İsmayıl Haniyənin yerinə seçilən və İsrailə qarşı radikal münasibəti ilə tanınan Yəhya Sinvar dərhal elan etdi ki, Həmas danışıqlara və atəşkəsə hazırdır. Baxmayaraq ki, Haniyənin ölümü Həması daha da radikallaşdırmalı idi. Lakin buna baxmayaraq Həmas liderləri atəşkəsə hazır olduqlarını bəyan etdilər. Lakin Sinvarın bəyanatından az sonra İsrailin heç bir xüsusi səbəb olmadan məktəbi və məscidi vurması beynəlxalq müşahidəçilərin də etiraf etdiyi kimi sülh prosesini zədələdi. 

Belə görünür ki, Netanyahu sülh danışıqlarını ən azı İranın cavab zərbəsinə qədər yubatmaq və daha sonra İranın zərbələrini bəhanə edərək danışıqlardan çəkilməyə çalışır. Yeri gəlmişkən, ötən həftə bəzi Qərb media orqanları İranın cavab zərbələrinə qədər Qəzzada atəşkəs sazişi imzalanacağı ilə bağlı xəbər yaydılar. Qəzzadakı son qətliam danışıqlar prosesini daha da çətinə saldı. 

Belə görünür ki, İsrailin hazırkı hakimiyyəti Qəzzada atəşkəs danışıqlarını pozmaq, Livanla yeni müharibəyə başlamaq və bununla da Qəzzada nəzarəti tam olaraq ələ keçirənə qədər müharibəni davam etdirməyə çalışacaq. Çünki qarşıdan ABŞ-da seçkilər gəlir və aydın məsələdir ki, demokratlar seçki prosesində Netanyahuya təzyiq göstərə bilməyəcəklər. Netanyahu isə bu dövrdə İran və Livanla gərginliyi artırmaqla Qəzza müharibəsini arxa plana keçirmək və zolağı tam olaraq ələ keçirməyi planlaşdırır. 

Lakin artıq 10 aydan çoxdur davam edən müharibədə ordunun yorğunluğu, müharibədə baş verə biləcək gözlənilməz hadisələr Netanyahunun planını poza bilər.

Digər xəbərlər