Müharibənin 10 ayı - İsrail Qəzzanı niyə nəzarətə götürə bilmədi?

  • 08.08.2024
  • 51 baxış

Qəzzada müharibə davam edir. İsmayıl Haniyənin yerinə 62 yaşlı Yahya Sinvar Həmasın yeni siyasi lideri seçilib. 2017-ci ildə İsmayıl Haniyə təşkilatın siyasi büro sədri seçildikdən sonra Qəzza rəhbəri postuna gətirilmiş Sinvar İsrailə hücum əməliyyatının əsas müəlliflərindən biri hesab edilir. Sinvarın başına 400 min dollar mükafat təyin edilib. Beynəlxalq Cinayət Məhkəməsi onun barəsində həbs qərarı çıxarıb.

1962-ci ildə Xan Yunis düşərgəsindən anadan olan Sinvar 80-ci illərdən Fələstin müqavimət qruplarına qoşulub, Həmasın qurucusu Şeyx Əhməd Yasinə yaxın olub. Sinvar 1989-cu ildə 2 israilli əsgərin qaçırılması və İsrail agentlərini öldürdüyü üçün həbs olunub. 4 dəfə barəsində ömürlük həbs cəzası verilib, 22 il İsrail həbsxanalarında cəza çəkib. 2011-ci ildə israilli əsgər Gilad Şalitə qarşılıq azad edilib.

Uzun illər həbsxana həyatı Sinvarı daha da radikallaşdırıb. Qəzzada siyasi hakimiyyətlə yanaşı Sinvar eyni zamanda silahlı qanad içərisində də ciddi nüfuza malikdir. Yəni həm siyasi, həm də hərbi qanad daxilində avtoritet şəxsdir.

Belə bir şəxsin Həmasın rəhbərliyinə gətirilməsi Həmasın sülh danışıqları və siyasi razılaşmadan uzaqlaşması mənasına gəlir. Daha doğrusu Həmas göstərmək istəyir ki, İsrail Haniyəni arada götürməklə daha çətin vəziyyətə düşəcək. 

Bu arada İsrailin Qəzzada hərbi əməliyyatlarının 10 ayı tamam oldu. Ancaq əməliyyatdan əvvəl 3 ay ərzində Qəzzanı nəzarətə götürüb Həması məhv edəcəyini söz verən baş nazir Netanyahu vədini reallaşdıra bilməyib. Ən son olaraq Netanyahu iyulun 24-də “zəfərin yaxın olduğunu” elan etmişdi. Ancaq müstəqil araşdırmalar Netanyahunu heç də təsdiqləmir. 

Mərkəzi ofisi Vaşinqtonda yerləşən Amerikan Təşəbbüsləri İnstitutu və Müharibə Məsələləri İnstitutunun hazırladığı birgə hesabatda İsrail ordusunun Həmasın hərbi gücünü məhv etməkdən uzaq olduğunu göstərir. Hesabatda qeyd olunur ki, “Əqsa Tufanı” əməliyyatı başladığı 7 oktyabrda Həmasın hərbi qanadının 24 batalyonundan iyulun 1-dək olan dövrdə yalnız 3-ü İsrail tərəfindən məhv edilib. 13 batalyon isə hərbi əməliyyatlara qatılmaq imkanlarını tam olmasa da müəyyən həcmdə qoruyub saxlaya bilib, 8 batalyon isə tam gücü ilə döyüşlərə hazır vəziyyətdə qalıb. Xüsusən də Qəzzanın şimalında yerləşən 16 Həmas batalyonundan 7-sinin gücünü tam olaraq bərpa etdiyi qeyd olunur.

Başqa sözlə, hesabat göstərir ki, benyamin Netanyahunun Qəzzanı nəzarətə götürmək və Haması tam olaraq sıradan çıxarmaq hədəfi reallıqdan çox uzaqdır. Belə görünür ki, Netanyhau hakimiyyəti Qəzzadakı uğursuzluğu müharibəni regiona yaymaqla ört-basdır etməyə və Vaşinqtonda elan etdiyi kimi, beynəlxalq hərbi koalisiya yaratmağa çalışır. Bu isə indiki vaxtda o qədər də real görünmür. Üstəlik Netanyahunun bu addımları regionda vəziyyəti daha da mürəkkəbləşdirir. İsrailin indi Qəzzada Sinvar kimi daha ciddi bir problemi var.

Digər xəbərlər