Yaxın Şərq yeni qarşıdurmanın bir addımlığında

  • 06.08.2024
  • 39 baxış

İran və Hizbullah qarşıdakı 24 və ya 48 saat ərzində İsrailə cavab zərbəsi endirəcək. ABŞ-ın Axios saytının məlumatına görə bu barədə dövlət katibi Entoni Blinken G-7 ölkələrinin xarici işlər nazirlərini məlumatlandırıb. 

Xatırladaq ki, Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə avqusutn 1-də Tehranda qaldığı iqamətgahın raketlə vurulması nəticəsində öldürülüb. İran sui-qəsdə görə İsraili ittiham edib və ölkə rəhbərliyi buna görə intiqam alınacağını bəyan edib. İran rəsmi mediası hökumətin cavab aksiyası hazırlığını rəsmən açıqlayıb. 

Artıq bir çox ölkələr vətəndaşlarını İsrail və Livana getməmək çağırışı edib, bir çoxları isə vətəndaşlarını Livandan çıxarır. İsrailə reyslər təxirə salınır. Yəni artıq toqquşma olacağını hər kəs anlayır. 

Üstəlik aydındır ki, bu dəfə İranın cavabı apreldəki aktdan daha sərt olacaq. İsrail isə rəsmi olaraq elan edib ki, İran və Hizbullah hücum edərsə cavab sərt olacaq. Eyni zamanda Təl-Əviv İranın mümkün zərbələrinə qarşı hazırlıqlara başlayıb. 

İranın İsrailə zərbəsinin necə olacağı və hansı nöqtələri hədəfə alacağı məlum olmasa da, bu dəfəki qarşıdurmanın Livan və bütövlükdə regionu əhatə edən müharibəyə çevrilməsi riski yüksəkdir. 

Məsələ ondadır ki, İran ABŞ, Böyük Britaniya, Fransa, o cümlədən İordaniya və Misirin dəstək verdiyi İsrailin hava hücumundan müdafiə sistemini yarmaq üçün İsrailə zərbələri təkcə İran ərazisindən deyil, həmçinin Yəmən, Livan və Suriya ərazisindən endirə bilər. 

Digər tərəfdən, İsrail hakimiyyəti bundan istifadə edib Livana hücum etməyə hazırlaşır. Çünki bu vəziyyət İsrailə çoxdandır gözlədiyi Livana hücum fürsəti verəcək. Başqa sözlə, İranın İsrailə zərbəsi regional müharibəyə çevrilə bilər.  

Doğrudur, ərəb mediası ABŞ-ın İrana xüsusi heyət göndərərək qarşıdurmanı regional müharibəyə çevirməməyi təklif etdiyini haqda yazıb. Lakin istənilən halda İsrailin bu vəziyyətdən istifadə edərək Livanda ikinci cəbhə açması ehtimalı çox yüksəkdir. Çünki artıq etiraf edildiyi kimi, Netanyahu Vaşinqton administrasiyası ilə hesablaşmır. İsrailin Livana hücumu isə ABŞ-ı da böyük müharibəyə sürükləməkdir. Bu isə indiki vaxtda Bayden administrasiyasının maraqlarına cavab vermir. 

Başqa sözlə, indi Yaxın Şərq böyük müharibənin bir addımlığındadır və bu, daha çox İranın verəcəyi qərardan asılıdır.

Digər xəbərlər