Ərəbdən ərəbə fərq var

  • 29.07.2024
  • 98 baxış

HƏMAS-ın İsrailə hücumu ilə başlayan Qəzza müharibəsi ilə bağlı ən çox müzakirə olunan və mübahisəli məsələlərdən biri də regionun ərəb dövlətlərinin mövqeyi olub. Həm ərəb ictimaiyyətində, həm də dünyada ərəb dövlətlərini İsrailə qarşı daha qəti addımlar atmamaqda ittiham edirlər.

Sirr deyil ki, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İordaniya kimi güclü ərəb dövlətləri, eləcə də Fələstinlə birbaşa həmsərhəd olan dövlətlər münaqişə ilə bağlı təmkinli davranıblar. Onlar əsasən atəşkəs diplomatiyasını irəli sürür və bu ölkələrin köməyi fələstinlilərə humanitar yardım göstərməklə məhdudlaşır. Türkiyə, İran, Pakistan və İndoneziya başda olmaqla ərəb dövləti olmayan müsəlman ölkələri İsrailə qarşı daha qəti və sərt mövqe nümayiş etdirir. Ərəb dövlətlərinin bu təmkinli mövqeyini bir neçə səbəblə izah etmək olar.

Birincisi, ərəb dövlətləri beynəlxalq aləmin diqqətini adıçəkilən müharibəyə cəlb eləmək, İsrailə qarşı BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq qurumlar xətti ilə təzyiq etmək yolu ilə atəşkəsə nail olmağa çalışır.

İkincisi, ərəb dövlətləri İsrailin hücumlarını qınamaqla bərabər Qəzzaya humanitar yardım kampaniyalarını təşkil edir. Bu yardımlar əsasən Misir və İordaniya ərazisindən Qəzzaya ötürülür. Bu kampaniya hətta İsrail bu dövlətlərlə sərhəd-keçid məntəqələrini bağladıqdan sonra da davam edib. Belə ki, İordaniya və Misir Qəzza zolağına hava yolu ilə ərzaq çatdırmaq barədə razılığa gəlib. Hətta İordaniya Kralı II Abdulla da birbaşa və dəfələrlə bu prosesdə iştirak edib.

Nəhayət, ərəb ölkələri münaqişənin diplomatik yolla həllinə ümid edir. Onlar İsrail və HƏMAS arasında danışıqların təşkilində fəal iştirak edirlər. Xüsusilə Qətər və Misir Qəzzada atəşkəsin yaradılmasını, məhbusların azad edilməsini ehtiva edən sülh sazişinin imzalanması üçün ciddi səylər göstərir.

 

“Ərəb reallığı”

Bəs ərəb ölkələri niyə İsrailə qonşu və daha çox təsir etmək imkanına malik olmalarına, daxili və beynəlxalq ictimaiyyətin ciddi qınaqlarına baxmayaraq, daha sərt və qətiyyətli addımlar atmır? Əksinə, bu ölkələrin yalnız humanitar yardım göstərmək və sülh danışıqları aparmağa yönəlmiş siyasəti onlara qarşı kifayət qədər sərt qınaqlara səbəb olur.  

Bununla bağlı ümumi ənənəvi fikir odur ki, ərəb dövlətlərinin hakimiyyətləri Qərbdən, xüsusən də ABŞ-dən çox asılıdır. Odur ki, onlar İsrailə qarşı qətiyyətli addımlar atmağa çəkinir, bu istiqamətdə fəaliyyətin özləri üçün ağır nəticələrindən ehtiyat edirlər. Bunun tarixdə bir neçə nümunəsi də var. Məsələn, Səudiyyə Ərəbistanı Kralı Faysal bin Əbdüləziz 1973-cü ildə baş vermiş Yom Kippur müharibəsi zamanı Qərbə qarşı neft embarqosu fəaliyyətinə rəhbərlik edib və nəticədə, dünyada neft böhranı yaşanıb, Qərb ölkələri geri çəkilməli olub. Amma o, iki il sonra, yəni 1975-ci ildə öz sarayında sui-qəsd nəticəsində öldürülüb.

Digər tərəfdən lazım gələrsə, ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı Qərbə qarşı sərt mövqe sərgiləyə bilər. Məsələn, vəliəhd-şahzadə Məhəmməd bin Salman iki il əvvəl Vaşinqtonun dünya bazarında neft qiymətlərini sabitləşdirmək təklifini rədd etmişdi.

Ancaq indiki halda krallıq daha loyal və sülhsevər mövqe nümayiş etdirir, hətta bəzən İsrail qarşısında geri çəkilir. Amma Səudiyyə Ərəbistanının İsrailə təzyiq etmək üçün çox ciddi rıçaqları var. O, ərəb-islam aləmini səfərbər etmək imkanına malikdir. Onun bunu etməməsinin isə bir neçə səbəbi var.

İlk öncə qeyd etmək lazımdır ki, Qəzza zolağında müharibəyə HƏMAS başlayıb. Bu addım Səudiyyə Ərəbistanının da qoşulmağa hazırlaşdığı ərəb-İsrail barışıq prosesini pozmağa hesablanmışdı. HƏMAS və İslamı Cihad qruplaşmalarını İran dəstəkləyir. Onlar, o cümlədən digər silahlı hərəkatlar regionda Səudiyyə Ərəbistanının maraqlarına qarşı fəaliyyət göstərir. Krallıq isə əksinə, İordan çayının qərb sahilindəki Fələstin administrasiyasını dəstəkləyir.

Başqa sözlə, Səudiyyə Ərəbistanının İsraillə qarşıdurması Ər-Riyadın dolayı yolla HƏMAS-a dəstək verdiyini göstərəcək və bu da Fələstində qruplaşmanın güclənməsinə səbəb olacaq. Bu məsələ uzunmüddətli perspektivdə krallığın regiondakı maraqlarına ziddir. Odur ki, Səudiyyə Ərəbistanı daha çox Qəzzada hərbi əməliyyatların dayandırılması, sülh prosesinin bərpa olunması və Mahmud Abbas liderliyində Fələstin hökumətinin qurulması prosesini dəstəkləyir. O, bunun üçün Vaşinqton və regiondakı müttəfiqləri ilə sinxron işləyir. Əlbəttə ki, “Müsəlman Qardaşları” ideologiyasına mənsub olan HƏMAS-ın zəiflədilib sıradan çıxarılması Səudiyyə Ərəbistanı üçün ciddi əhəmiyyət kəsb edir. Bu səbəbdən Ər-Riyad İsraillə əlaqələri kəsmək istəmir. Lakin eyni zamanda müharibənin uzanması və Qəzzada dinc əhalinin ölümü krallığın ərəb dünyasının lideri kimi imicinə ciddi zərbə vurur. Buna görə də o, müharibəni dayandırmaq və Qəzzaya humanitar yardım göstərmək üçün əlindən gələni edir.

BƏƏ hazırkı Fələstin-İsrail münaqişəsində fəal şəkildə həssas siyasət yürüdən digər Fars körfəzi ölkəsidir. Ərəb regionunun ikinci əsas iqtisadi və siyasi gücü olmağa iddia edən BƏƏ Fələstin məsələsində diplomatik və siyasi təzyiq rıçaqlarına üstünlük verir. Səudiyyə Ərəbistanı kimi BƏƏ də Fələstində hərbi və siyasi hakimiyyətin HƏMAS-ın əlinə keçməsini istəmir. Üstəlik, o, Vaşinqtonun başlatdığı, ərəb-İsrail barışıq prosesinin əsasını qoyan “İbrahim razılaşmaları”nın tərəflərindən biridir. Lakin BƏƏ-nin Səudiyyə Ərəbistanını regionda əsas rəqibi kimi gördüyünü nəzərə alsaq, Əbu-Dabinin Fələstindəki nüfuzundan maraqlarına uyğun siyasət yürütmək üçün necə istifadə etdiyini müşahidə etmək olar. Buna nümunə kimi Fələstinin keçmiş daxili işlər naziri Məhəmməd Dahlanın Qəzzada hakimiyyətə qayıdışını göstərmək olar.

Bu arada, aparıcı ərəb ölkələri olan Qətər, İordaniya və Misir də Qəzza münaqişəsinin mərkəzində yer alır. Doğrudur, Qətər kiçik ölkədir və onun Fələstinlə ümumi sərhədi yoxdur. Lakin bu, Dohanın mövcud münaqişənin və bir sıra digər regional problemlərin həllində fəal rol oynamasına mane olmur. Buna Qətərin ərəb-müsəlman dünyasında “yumşaq güc”dən məharətlə istifadəsi, iqtisadi imkanları və ən əsası müxtəlif siyasi və ideoloji qruplardan bərabər məsafə olması kömək edir. Hazırda Doha İsrail və HƏMAS arasında danışıqlarda əsas vasitəçidir. O, digər ərəb ölkələrində olduğu kimi Fələstində də “Müsəlman Qardaşlar”ını dəstəkləyir. Qətər və HƏMAS arasında münasibətlər 2012-ci ildə “ərəb baharı” zamanı inkişaf edib. Belə ki, o vaxt HƏMAS Suriya müxalifətini dəstəklədiyi üçün təşkilatın siyasi ofisi Dəməşqdən Dohaya köçürülüb.

Qətər hakimiyyəti 2015, 2018 və 2021-ci illərdə Qəzza zolağında baş vermiş gərginliklər zamanı da vasitəçi qismində uğurla çıxış edib. Maraqlıdır ki, Qətərin vasitəçilik missiyası diplomatik əlaqələri olmayan İsrail tərəfindən də tanınır. Ötən il oktyabrın 7-dən sonra da İsrail kəşfiyyatının rəhbərinin də daxil olduğu nümayəndə heyəti girovların dəyişdirilməsi və atəşkəslə bağlı müzakirələr aparmaq üçün bir müddət Dohada qalıb.

Qətər ABŞ-nin Demokratlar Partiyası ilə sıx əlaqələr saxlayır və Fələstin-İsrail münaqişəsinin həlli üçün siyasi və diplomatik “cəbhə”də çox iş görür. Amma Dohanın mövqeyi həm də onun Ər-Riyad və Əbu-Dabi ilə rəqabətini də əks etdirir.

Fələstin və İsraillə qonşu olan iki ərəb ölkəsi - Misir və İordaniyanın vəziyyəti isə daha mürəkkəbdir. Hər iki ölkənin İsraillə diplomatik əlaqələri var. Üstəlik, onların Fələstin və Qəzza ilə həmsərhəd olması məsuliyyətlərini daha da artırır. Təbii ki, Qahirə və Əmmandakı hakimiyyət HƏMAS-ı ideoloji baxımdan düşmən və rəqib hesab edir. Buna görə də bir tərəfdən qonşu ərəb ölkələri kimi onlar da Qəzzada müharibəni bitirməyə çalışır, digər tərəfdən isə HƏMAS-ın mümkün qələbəsindən çox narahatdırlar.

Ancaq müharibənin uzanması və Qəzzada dinc insanların kütləvi şəkildə öldürülməsi Misir və İordaniyanı çətin vəziyyətdə qoyur. Xüsusən də Misirin ərəb dünyasının lider ölkəsi kimi imicini sarsıdır. Bundan başqa, Qəzzadan əhalinin köçürülməsi onsuz da iqtisadi olaraq ciddi çətinliklər yaşayan Misiri əlavə yük altında qoyur. Bu səbəbdən də indi rəsmi Qahirə atəşkəs üçün İsrailə təzyiqi artırmağa çalışır.

 

Qəzza ərəblər üçün “dalan”dır?

Mahiyyətcə, Qəzza müharibəsi ərəb dünyasında liderliyə iddialı dövlətlər üçün çətin sınağa çevrilib. Planetin ən qədim və mürəkkəb münaqişəsinin həllinin ləngiməsi region ölkələrinin üzərinə əlavə məsuliyyət qoyur.

Ərəb-İsrail münaqişəsinin həllinə həm ideoloji qarşıdurma, həm də ərəb dövlətləri arasında regional rəqabət təsir göstərir. Bəli, Qəzzada atəşkəs və buranın mülki əhalisinə humanitar yardımın çatdırılması bütün region ölkələri üçün prioritetdir. Amma bununla yanaşı, münaqişənin yekun həlli və bu prosesə nəzarət edəcək qüvvələrlə bağlı onlar arasında hələ də fikir ayrılıqları var. Bu dövlətlərin hər birinin Qərb və İsraillə münasibətləri saxlamaq amilini nəzərə alaraq, regionun gələcəyi ilə bağlı öz baxışı və strategiyası var. Buna görə də onlar daha ehtiyatlı və mülayim siyasət yürütməyə üstünlük verirlər. Bu məsələ ümumi əhəmiyyət kəsb edən mövzulardan kənara çıxdıqda isə ərəb dövlətləri milli maraqlarından çıxış edir.

Digər xəbərlər