Qəzzada atəşkəsə İsrail və Həmasın baxışı

  • 14.06.2024
  • 49 baxış

İsrailin “Yediot Ahronot” qəzeti hökumət rəsmilərinə istinadən İsrail və Həmas arasında atəşkəs ehtimalının çox az olduğunu yazır. Məsələ ondadır ki, indi iki tərəf atəşkəs planının detallarında “ilişir”.

Həmasın əsir israilli qadın əsgərlərin azad edilməsi əvəzində 200 fələstinli ömürlük həbs cəzası almış məhkumun seçim hüququnun özündə olmasını istəyir.

Həmasın daha bir şərti Qəzzanın yenidən inşası prosesinin 3-cü mərhələ deyil, 1-ci mərhələyə daxil edilməsi, fələstinli məhkumların İordan çayının qərb sahilinə göndərilməsi və nəhayət, atəşkəsin təminatçı ölkələri sırasında ABŞ-la yanaşı Rusiya, Çin və Türkiyənin də daxil edilməsini tələb edir, İsrail isə buna qarşı çıxır.

Aydın məsələdir ki, atəşkəs prinsipial olaraq razılaşdırıldığı üçün indi tərəflər detallarda “oynayır”. Çünki atəşkəsin şərtləri kimin prosesdən daha çox qazanclı çıxdığını göstərəcək. Aydın məsələdir ki, 8 aylıq qanlı müharibədən sonra heç bir tərəf uduzmuş kimi görünmək istəmir. İsraildə radikal sağçı baş nazir Benyamin Netanyahu, Qəzzada isə zolağın faktiki idarəedicisi, Həmas yerli təşkilatının lideri Yəhya Sinvardır. 

ABŞ “Wall Street Journal” nəşri Sinvarın Qəzza müharibəsindəki rolu barədə analizində iddia edilir ki, Sinvar hazırkı atəşkəs barədə “İsraili istədiyimiz mövqeyə gətirdik” deyib. 

Sinvarın həqiqətən belə bir söz deyib demədiyi məlum deyil, lakin faktdır ki, İsrail rəhbərliyi atəşkəs məsələsində açıq şəkildə dirənir. Gah Qəzzada “girovları azad etmək” adı altında bütün xətləri aşan qırğın törədilir, gah da Livana hücumlar artırılır.

Sirr deyil ki, ABŞ-ın təklif etdiyi atəşkəs İsrail hakimiyyəti üçün əlverişli deyil. Konkret olaraq baş nazir Netanyahu Qəzzada nəzarəti tam ələ keçirib və Həması ləğv etməklə bağlı elan etdiyi hədəflərinə çatmayıb. Əksinə, 8 aylıq müharibədən sonra terrorçu adlandırdığı Həmasla danışıqlar masasına oturmağa məcburdur. Üstəlik ölmüş 37 mindən çox Qəzza sakininin məsuliyyəti də İsrailin üzərindədir. Müharibə bu şəkildə bitərsə Netanyahu hökumətinin dağılması labüddür.

Həmas isə ağır itkilər verməsinə (Həmas davamlı olaraq itkilər verir) baxmayaraq Qəzzada mövcudluğunu və hakimiyyətini qoruyub saxlayır, beynəlxalq aləm tərəfindən Qəzzanın idarəçisi kimi qəbul olunur və yenidən inşa prosesini həyata keçirəcək. 

Əlbəttə, bu şərtlərdə Netanyahunun atəşkəsi yubatması necə deyərlər, başa düşüləndir. Ancaq onun nə qədər müqavimət göstərəcəyini zaman göstərəcək. Lakin belə görünür ki, İsrail hakimiyyətinin hər keçən gün sülh planına müqavimət imkanları tükənir.

Digər xəbərlər