Qəzza müharibəsinin 8 ayı

  • 11.06.2024
  • 69 baxış

İsrail-Fələstin münaqişəsi tarixində ən qanlı müharibəsinin 8 ayı arxada qaldı. 2023-cü il oktyabrın 7-də Həmasın İsrailə hücumu ilə başlayan müharibədə bu günə qədər 15328-i uşaq, 10171-i qadın olmaqla 37 mindən çox Qəzza sakini ölüb, 83 mindən çoxu isə yaralanıb. Müharibədən əvvəl 2,3 milyon sakinin yaşadığı Qəzzada 2 milyondan çox insan ev-eşiyini tərk edib, yaşayış binaları və infrastrukturun 70 faizi dağılıb.

Bu gün – iyunun 7-də həm də 57 il əvvəl baş vermiş “6 günlük müharibənin” ildönümüdür. Bu müharibədə İsrail 4 ərəb ölkəsini məğlub edərək Şərqi Qüdsü, Qəzza, Colan təpələri, Sinay yarımadası, İordan çayının qərb sahilini işğal etdi. Lakin nə onda, nə də sonra ərəb-İsrail müharibələrində bu qədər insan ölməmiş, dağıntı və fəlakət olmamışdı. 6 günlük müharibə zamanı yalnız 300 min fələstinli evlərini tərk etmişdi. 

Heç şübhəsiz ki, Qəzzada müharibənin bu qədər amansız olmasının əsas səbəb Həmasın silahlı müqaviməti oldu. Bundan əvvəlki müharibələr bir qayda olaraq qısa müddətdə baş verib və İsrailin qələbəsi ilə yekunlaşıb. Yalnız 1948-ci il mayın 15-də başlayan Fələstin-İsrail müharibəsi təxminən 10 aya yaxın davam edib, lakin bu qədər amansız olmayıb. 

İsrail ən ciddi müqavimətlə məhz Qəzzada rastlaşdı, üstəlik 8 aydır davam edən müharibədə qələbəyə nail ola bilmədi. İsrail rəsmiləri müharibənin ilin sonuna qədər uzana biləcəyini deyir. Üstəlik kiçik bir ərazi olan Qəzzada hələ də Həması yox etmək mümkün olmayıb. Bu səbəbdən İsrail daha amansız və sərt metodlara əl atıb, bombardmanlar vasitəsilə daha çox dinc insan ölür. 

Bu vəziyyət göstərir ki, İsrail və onun himayədarı ABŞ-ın ərəb hakimiyyətlərinə təzyiq edib “İbrahim Razılaşması” kimi “yuxarıdan” həyata keçirilən “sülh planları” heç bir nəticə verməyəcək. Ərəb kralları, şeyxlər öz hakimiyyətlərini qorumaq üçün Qərblə razılaşır, amma kütləyə bunu qəbul etdirə bilmirlər. Bu səbəbdən də saxta planlardansa real, münaqişəni bitirəcək əsaslı sülh planları ortaya qoyulmalı, real iş görülməlidir. 

7 oktyabr göstərdi ki, Fələstində müharibə ildən ilə daha amansızlaşır. 1987-ci il “İntifada” zamanı israillilərə daş atan, yanan təkər diyirlədən fələstinlilər bu gün xüsusi hazırlıq keçib, müasir silahlarla silahlanıb İsrail ordusuna qarşı döyüşürlər. İsrail rəsmi olaraq 700-dən çox hərbçi itirdiyini etiraf edib. Mənbələr isə itkilərin daha çox olduğunu qeyd edir. Halbuki 57 il əvvəl İsrail 4 ərəb ölkəsinin ordusu və bütün Fələstin silahlı qrupları ilə apardığı müharibədə cəmisi 4 min itki vermişdi. 

Fələstində müharibə ildən ilə daha şiddətli və amansız olur. Bu müharibəyə son qoymaq üçün yeganə yol regiona köklü sülhü gətirəcək kompleks sülh danışıqlarına başlamaq, ən əsası hər iki tərəfi, xüsusən də İsraili güzəştə vadar edəcək addımların atılmasıdır. Əks təqdirdə birtərəfli, qeyri-obyektiv siyasət daha qanlı faciələri gətirəcək.

Digər xəbərlər