İŞİD geri qayıdacaq?

  • 19.10.2023
  • 51 baxış

2019-cu il oktyabrın 26-da Əbubəkr əl-Bağdadinin Suriyanın İdlib vilayətində öldürülməsi İŞİD-in rəsmi olaraq sona çatması ilə bağlı sayca 3-cü təqvim idi. Buna qədər birinci dəfə 2017-ci ildə İraqda Mosulun azad edilməsindən sonra rəsmi Bağdad İŞİD-in sona çatdığını elan etmişdi. 2019-cu ildə isə İŞİD-in Suriyadakı “sonuncu qalası” hesab olunan Bağuz qəsəbəsinin ələ keçirilməsi İŞİD-in məhv edilməsi ilə bağlı 2-ci qələbə bayramı idi. Amma artıq 2022-ci ildir və məlum olur ki, İŞİD nəinki mövcudluğunu qoruyub saxlayır, hətta yenidən güclənməsi təhlükəsi var.

 

İŞİD necə “dirilir?”

2021-ci ilin son günlərində Suriyanın mərkəzi və şərq rayonlarında yerli rəqiblərinə qarşı təşkil etdiyi iki hücum qruplaşmanın yenidən fəallaşdığının işarəsi idi. Amma bu hücumlar dayanmadı.

Suriyanın rəsmi dövlət agentliyi olan SANA yanvarın 2-də İŞİD silahlıları tərəfindən ölkənin mərkəzi hissəsində çöllük ərazidə hərəkət edən Suriya ordusuna məxsus avtobusa hücum etdiyini və nəticədə, 5 hərbçinin öldüyü, 20 nəfərin isə yaralandığı barədə xəbər yaydı. Bu hücumda İŞİD silahlıları yüngül silahlarla yanaşı, daşına bilən raketlərdən istifadə etdiyi məlum oldu. Həmin gün yenə İŞİD üzvləri Deyr əz-Zor vilayətində ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” (SDQ) koalisiyası qüvvələrinə məxsus blok-posta hücum həyata keçirdi.

Yanvarın ortalarında isə Suriyanın şimal-şərqində əl-Məyadin səhrası rayonunda iki partlayış qeydə alındı. Partlayışlar bu rayonda yerləşən İranın dəstəklədiyi silahlı qrupların mövqe tutduğu ər-Rahba düşərgəsi yaxınlığında baş verib.

Suriya təhlükəsizlik qüvvələri Menbic rayon administrasiyasına hücum təşkil edən İŞİD terrorçusunu məhv edib. İraqda isə təhlükəsizlik qüvvələri ət-Taci rayonunda 3 İŞİD terrorçusunu məhv edib. Terrorçular partlayıcı kəmərlərlə hücum hazırlayırmışlar. Yanvarın 21-də isə səhər saatlarında İŞİD-in 10 nəfərdən çox silahlısı Diyalə əyalətinin şimalındakı Ət-Talia və Um əl-Karamə kəndləri arasında yerləşən ordu qərargahına hücum edib. Hücum nəticəsində 11 hərbçi, o cümlədən tabor komandiri həlak olub.

İraq hökumətinin məlumatına görə, silahlı qruplar ötən il ərzində ölkədə pusqu, terror aktları, saxta nəzarət-buraxılış məntəqələri, adam oğurluğu və raket zərbələri də daxil olmaqla, 250-dən çox hücum həyata keçirib. Bu hücumlar nəticəsində 387 nəfər həlak olub, 500-dən çox insan isə yaralanıb. İraqda da İŞİD-in bu il daha da güclənməsi riski yüksək qiymətləndirilir.

2017-ci ilin sonunda İraq hakimiyyəti İŞİD üzərində qələbə qazandığını elan etsə də, ordu qüvvələri və təhlükəsizlik xidmətləri beynəlxalq koalisiyanın dəstəyi ilə silahlılara qarşı əməliyyatları davam etdirir.

Bütün bunlar yanvar ayında yalnız İraq və Suriyada İŞİD-in təşkil etdiyi hücumlarla bağlı məlumatlardır. Afrikada və Əfqanıstanda aktiv olan İŞİD hücrələri hücumlar təşkil edirlər. Terror üzrə mütəxəssislər İŞİD-in bu il Suriyada fəallaşacağını və genişmiqyaslı terror hücumları hazırladığını deyir.

2014-cü ildə İraq və Suriya ərazisində Belçika ərazisi boyda torpaqlara nəzarət edən və Mosulda “xilafət” elan edən İŞİD 2017-ci ildə “quru hakimiyyətini” demək olar ki, itirmişdi, amma bununla belə gözlənildiyi kimi İŞİD əl-Qaidə kimi “yer altına” çəkilmədi. Qruplaşma hələ də İraqda Anbar rayonunda, Suriya sərhədinə yaxın səhrada geniş əraziləri, Suriyada Hama vilayətində yenə səhralıq ərazilərdə “hakimiyyətini” qoruyub saxlayır və vaxtaşırı olaraq rəqiblərinə, o cümlədən Suriya hökumət qüvvələrinə, İrana yaxın qruplara hücumlar təşkil edir.

 

Suriyada İŞİD qurbanlarının statistikası

Mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Evi 2021-ci ildə Suriyada İŞİD hücumları nəticəsində 600 nəfərin öldüyünü açıqlayıb. Təşkilatın rəhbəri Rami Əbdürrəhman 2022-ci ildə də İŞİD hücumlarının davam edəcəyini bildirib.

SDQ isə 2021-ci ilin yekunları ilə bağlı hazırladığı məruzədə ötən il ərzində Suriyanın şərq və şimal-şərq rayonlarında İŞİD hücrələrinə qarşı 115 antiterror əməliyyatı keçirdiyini qeyd edib. Bu əməliyyatlar nəticəsində 90-dan çox İŞİD hücrəsi dağıdılıb və 800-dən çox İŞİD üzvü ələ keçirilib.

İŞİD son 3 il ərzində Suriya hökumət qüvvələrinə ağır zərbələr vurub. Məsələn, İŞİD-in Suriyadakı “son qalası” Bağuz qəsəbəsinin ələ keçdiyi 2019-cu ilin martından bu yana İŞİD-in hücumları nəticəsində 2 Rusiya hərbçisi, suriyalı olmayan 145 İran milis qüvvələri döyüşçüsü də daxil olmaqla, 1177 nəfər öldürülüb. Bu hücumlar əsasən Suriyanın mərkəzi, Fərat çayının qərb sahilləri, Deyr əz-Zor, Raqqa, Hums və Suveyda vilayətlərində səhralıq rayonlarda baş verib. Bu dövrdə eyni zamanda 633 nəfər İŞİD terrorçusu öldürülüb.

 

İŞİD-ə “nəfəs verənlər”

İŞİD-in Suriyada düşmənləri çoxdur. Suriya dövləti, şimal-şərqdəki kürd qüvvələri (SDQ) ilə yanaşı, İdlibdəki müxalif qüvvələr, islamçı silahlı qruplar (onların sayı çoxdur – K.R.) İŞİD-in düşmənləridir. Amma bu düşmən çoxluğu həm də İŞİD-in yaşaması üçün səbəblərdir.

Suriya hakimiyyəti İŞİD-ə qarşı tammiqyaslı müharibə başlatmır. Düzdür, bu həm də coğrafi şərtlərə görə çətin və əlverişli deyil. İŞİD səhrada, nəqliyyat yollarından uzaqda gizlənir, bu cür əməliyyatlar isə böyük qüvvə və vaxt tələb edir. Hansı ki, Dəməşq üçün bunları etmək asan deyil. Lakin eyni zamanda İŞİD həm də müxaliflərə də qarşıdır. Baxmayaraq ki, zaman-zaman aralarında yaxınlaşma da olub. Amma 2013-14-cü illərdə baş verənlər göstərdi ki, İŞİD güc qazananda hətta radikal islamçı müxaliflərlə də düşmən olur. 2014-cü ilin əvvəlində İŞİD və ən-Nusra kimi müxalif qruplar arasında toqquşmalar Suriya hökumət qüvvələrinin çəkilməsindən sonra əraziyə nəzarət uğurunda baş verdi. Nəticədə, sonrakı iki il ərzində islamçı militanlar öz aralarında və kürdlərlə böyük qanlı toqquşmalar yaşandı. Bu baxımdan, Suriya hökuməti onsuz da çox olan düşmənlərini bir-birinə qarşı qoymaq və həmçinin daha ciddi düşmənlərlə mübarizə apardığı üçün İŞİD-ə qarşı kəskin mübarizə aparmır. Ən azı indiki mərhələdə.

Eyni məntiqlə kürdlər də öz ərazilərində yerləşən İŞİD hücrələrinə qarşı zaman-zaman əməliyyatlar keçirsələr də, ümumilikdə Suriya hakimiyyətinə qarşı olan İŞİD-in digər ərazilərdəki mövcudluğundan narahat deyillər. Məsələn, 2017-ci ildə Raqqa alınan zaman kürdlərin pul qarşılığında silahlı İŞİD üzvlərini İraq ərazilərinə və ya Suriyanın digər regionlarına keçməsinə icazə verdiyi sonradan təsdiqini tapmışdı.

2019-cu ildə İŞİD lideri Əbubəkr əl-Bağdadinin Suriyanın məhz İdlib vilayətində ifşa olunması göstərdi ki, Suriya müxalifəti də İŞİD-ə qarşı loyal olub. Çünki İdlib vilayəti uzun müddətdir müxaliflərin nəzarətində olub, İŞİD liderinin burada gizli şəkildə yaşaması mümkün deyildi. Barişa kəndi demək olar ki, İdlibin mərkəzində, sərhədə yaxın bölgədə yerləşir. Yəni başqa sözlə çoxsaylı rəqiblərin hər biri İŞİD amilindən bir şəkildə yararlanmağa çalışıb və çalışmaqda davam edirlər.

Bu mənada İŞİD-in yenidən fəallaşıb güc qazanması regional vəziyyətdən asılı olacaq. İraqda mərkəzi hakimiyyətin zəifləməsi və ya kürdlərlə münaqişənin dərinləşməsi İŞİD-in yenidən fəallaşmasına gətirəcək. Suriyada isə İdlibdə hərbi əməliyyatların başlaması, yaxud da ölkənin siyasi gələcəyi ilə bağlı anlaşmanın əldə olunmaması İŞİD-in yenidən fəallaşmasına səbəb olacaq.

Ancaq əlbəttə, İŞİD üçün münbit şərait hakimiyyətsizlik və ya hərbi gücün zəifliyidir. Bu olduğu təqdirdə, radikal cihadçıların yenidən güc qazanması xeyli dərəcədə realdır. Sahə ekspertlərinin analizləri də göstərir ki, İŞİD-in fəallaşması üçün şərait formalaşır.

 

Bundan sonra nə olacaq?

İŞİD-in yenidən güc qazanması üçün daha bir səbəb dünyanın digər nöqtələrindəki “filiallardır”. Bilindiyi kimi, hazırda İraq və Suriyadan başqa dünyanın daha 8 ölkəsində İŞİD “filialları” – “əmirlikləri” fəaliyyət göstərir. Bunların içərisində ən fəal olanlar Əfqanıstan, Liviya, Yəmən, Misir, Nigeriya, ÇAD-dır. 

Ötən illərin təcrübəsi göstərdi ki, İŞİD kimi radikal dini qrupların meydana çıxması üçün bir sıra şərtlər lazımdır. İŞİD kimi qrupların güclənməsi üçün münasib şərait xaos, hakimiyyətsizlik, müsəlman cəmiyyətinin sosial və siyasi cəhətdən haqsızlığa uğraması, hüquqları pozulması, müharibə və yoxsulluq kimi yerli amillər vacibdir. Amma eyni zamanda bütün bu şərtlərlə yanaşı, maraqlı xarici dövlət və ya təşkilatlar tərəfindən dəstəklənməlidir. Yalnız bunlar olduqda bu cür qruplar uğur qazanır. İraq və Suriyada İŞİD-in yenidən fəallaşması bu ölkələrdə mərkəzi hakimiyyətlərin daha da zəifləməsi (İraqda), mövcud vəziyyətin daha da kəskinləşməsi, müharibənin yenidən qızışması (Suriyada) lazımdır. Bu mənada qarşıdakı dövrdə İŞİD-in İraq və Suriyada güc qazanması daha çox bu ölkələrdəki hərbi-siyasi vəziyyətdən asılı olacaq.

Bundan başqa, Liviyada hərbi əməliyyatların yenidən bərpası İŞİD-in bu ölkədə dirçəlməsinə səbəb ola bilər. Burada daha böyük risk qrupu Mərkəzi Asiyadır. İŞİD-in Əfqanıstan qolu hesab olunan qruplaşma Qərb mediasında İŞİD-K, yəni İŞİD-Xorasan (ingiliscə kh birləşməsinin ilk hərfinə görə - K.R.) adlanır.

İŞİD-K ilk dəfə 2015-ci ildə özünü elan edib. Əsasən Əfqanıstan və Pakistanı fəaliyyət sahəsi elan etsə də, ənənəvi olaraq qədim Xorasan vilayətinə Türkmənistan, İran və digər ərazilər daxildir. İŞİD-K-nın tərkibində əfqanıstanlı militanlarla yanaşı, ərəb ölkələrindən, Tacikistan, Özbəkistan, Çeçenistan, Hindistan, Banqladeş və Çindən gəlmiş radikallar var. Bu qruplaşmanın mərkəzi qərargahı Əfqanıstanın şərqində Cəlalabad şəhərinin yerləşdiyi Nanqarhar əyalətində yerləşir. Yeni yarandığı dövrdə qruplaşmanın 3 min döyüşçüsünün olduğu güman edilirdi. Lakin 2015-17-ci illərdə yayınlanan xəbərlərdə İŞİD-in yeni üzvlərə Əfqanıstan şərtlərində yaxşı hesab olunan aylıq 600 dollar civarında maaş verdiyi üçün xeyli əfqan gənci cəlb etdiyi bildirilirdi.

Doğrudur, hələlik Əfqanıstan İŞİD-i əsasən ölkə daxilində Taliban qüvvələrinə və şiə inanclı yerlilərə hücumlar təşkil etsə də, 2017-18-ci illərdə Türkmənistana sızmağa çalışması və nəticədə sərhəddə qanlı toqquşmaların baş verməsi də məlumdur. Yəni Mərkəzi Asiyada yeni müharibə və xaos İŞİD-in bu regionda güc kimi meydana çıxması ilə nəticələnə bilər.

Başqa sözlə, qeyri-sabitlik, xaos, müharibələr və sosial ədalətsizlik müsəlman ölkələrində hər zaman İŞİD və bənzər qrupların meydana çıxması üçün əlverişli zəmin olacaq.

Digər xəbərlər