İsrail Rəfaha daxil oldu

  • 31.05.2024
  • 44 baxış

İsrail tankları artıq Rəfah şəhərinin mərkəzinə daxil olub. Bu barədə Reuters Agentliyi şahid ifadələrinə istinadən xəbər verir. BBC isə Rəfahın strateji nöqtələrində artıq İsrail əsgərlərinin yerləşdiyini yazır. 

Xatırladaq ki, bazar günü Rəfahdan köçürülən fələstinlilərin yerləşdiyi çadır düşərgəsinin bombalanması nəticəsində ən azı 200 nəfər fələstinli ölüb. Bu barədə UNRWA informasiya direktoru Juliette Touma məlumat verib. 

İsrail baş naziri Benyamin Netanyahu çadır düşərgəsinin bombalanmasını “faciəvi xəta” adlandırıb, ancaq eyni zamanda Rəfah əməliyyatının davam edəcəyini bildirib. 

ABŞ isə hələ də “inanmır”. Ağ Evin sözçüsü admiral Con Kirbi deyib ki, onlar İsrailin Rəfaha quru əməliyyatı başladacağına inanmırlar. Bu həm də o deməkdir ki, Vaşinqton BMT-də İsrailin hərbi əməliyyatları dayandırması ilə bağlı qətnamələri veto etməyə davam edəcək. 

Məsələ ondadır ki, Vaşinqtonun “mülki əhalinin qorunması” şərti ilə İsrailin Qəzzada hərbi əməliyyatlarını dəstəkləyir. Rəfah əməliyyatına mane olmanın yeganə səbəbi də mülki əhalinin qorunması idi. Ancaq məsələ ondadır ki, Qəzza əhalinin az qala 70 faizinin sığındığı zolağın cənub hissəsində, o cümlədən Rəfahda əməliyyat keçirib mülki əhalini qorumaq faktiki olaraq mümkün deyil. Çünki İsrailin iddia etdiyi kimi, Həmasın 5 batalyonu, komandirlər və o cümlədən, faktiki olaraq zolağı idarə edən Yəhya Sinvar burada gizlənib. İsrail ordusunun yüzminlərlə insanın yaşadığı əraziyə daxil olaraq Həmas üzvlərini müəyyən edib mülki əhaliyə xətər yetirmədən onları zərərsizləşdirməsi faktiki olaraq mümkün deyil. Bu cür əməliyyat minlərlə dinc, günahsız insanın ölümünə səbəb olacaq. 

Belə görünür ki, Qəzzanı tamamilə nəzarətə götürüb burada yeni idarəçilik formalaşdırmaq istəyən İsrail hakimiyyəti bu işi yarımçıq saxlamaq niyyətində deyil. Qəzzada dinc əhalinin ölümünə son qoymaq üçünsə yeganə vasitə müharibənin dayandırıb siyasi danışıqlara getməkdir. Ancaq İsrail Həmasla danışıqlara getmək və bu qurumu legitimləşdirmək istəmir. Belə görünür ki, Vaşinqton İsrailin planı ilə razılaşıb. Ancaq İsrailin Həmasın Qəzzadan tamamilə təmizləməsi real görünmür.

Digər xəbərlər