İranın 8-ci prezidenti

  • 20.05.2024
  • 101 baxış

İran İslam Respublikasının 8-ci prezidenti Seyid İbrahim Rəisi mayın 19-da Təbriz şəhərinə gedərkən helikopterin qəzaya uğraması nəticəsində dünyasını dəyişib. Onunla birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhməti, Təbriz şəhərinin imam-cüməsi Ayətullah Seyid Məhəmməd əl-Haşimi, general Seyid Mehdi Musəvi, eləcə də mühafizəçilər və heyət üzvləri də həlak olub. 

1960-cı ildə Məşhəddə anadan olan İbrahim Rəisi bu şəhərdə, 15 yaşından isə Qum şəhərində dini təhsil alıb. İslam inqilabına qoşulub, inqilabdan sonra məhkəmə orqanlarında çalışıb. İnqilab məhkəməsinin üzvü, daha sonra Tehran prokuroru təyin olunan Rəisi 1994-2004-cü illərdə İranın Baş Müfəttişlik Təşkilatının sədri, sonrakı 10 il ərzində Ali Məhkəmə sədrinin müavini, baş prokuror, ruhanilərin məhkəməsinin sədri, nəhayət 2016-cı ildə Məşhəddə yerləşən İmam Rza vəqfinin rəisi təyin olunub, paralel olaraq Ekspertlər Şurasının (Xubreqan) üzvü olub. 

İranda qatı mühafizəkar qanadın nümayəndəsi olan İ.Rəisi ali dini liderə yaxın şəxs hesab olunurdu. Onun qayınatası Ayətullah Aləmul Huda dini liderin Məşhəd təmsilçisi və Məşhəd imam-cüməsidir. 

Bu səbəbdən də İbrahim Rəisi həm də dini lider postuna potensial namizədlərdən biri hesab olunurdu. İranının ən zəif prezidentlərindən biri hesab olunurdu, onun seçildiyi 2021-ci il seçkiləri ciddi seçici fəallığı ilə yadda qalmasa da, Rəisi hələ prezident olmamışdan əvvəl korrupsiyaya qarşı sərt çıxışları ilə tanınıb, onun prezidentliyinin ilk illərində ölkədə iqtisadi və sosial vəziyyət pis olsa da, son bir ildə ciddi dəyişikliklərə olub, sanksiyalara rəğmən neft satışı artıb, iqtisadiyyatda dirçəlmə müşahidə olunmağa başlayıb. 

Üstəlik digər prezidentlərdən fərqli olaraq ona qarşı ciddi müxalifət yaranmayıb, ən əsası mühafizəkar komanda daxilində birlik qorunub saxlanılıb. Onun ölümü İranda ciddi siyasi kataklizmə səbəb olmayacaq. İran qanunlarına əsasən 50 gün müddətinə yeni seçkilər elan olunacaq, bu müddətdə isə birinci vitse-prezident Məhəmməd Möhbər prezidentin səlahiyyətlərini icra edəcək. Möhbər mühafizəkar camiədə çox nüfuzlu şəxslərdən biridir, daha əvvəl ölkənin ən böyük fondlarından biri olan “SETAD”-ın rəhbəri olub. 

İranda prezident postu daha çox hökumət rəhbəri vəzifəsinə uyğundur, çünki ölkənin birinci şəxsi dini liderdir. Müəyyən siyasi səlahiyyətlərini çıxmaq şərti ilə prezident daha çox hökumət başçısıdır. Bu səbəbdən də mənada İbrahim Rəisinin ölümünün ciddi siyasi böhrana səbəb olacağı gözlənilmir. Ancaq təbii ki, hərbiyyəni, xüsusən də prezidentin mühafizəsinə cavabdeh olan şəxs və qurumları ciddi qınaq altında qoyur.

Digər xəbərlər