İŞİD yenidən fəallaşır

  • 17.05.2024
  • 48 baxış

İŞİD terrorçuları çərşənbə günü axşam İraqın Kərkük vilayətində ordu postuna hücum edib. Alla Mahmud kəndindəki posta hücum zamanı İraq ordusunun 1 hərbçisi öldürülüb, 2 hərbçi isə yaralanıb. 

Bu, son 3 gündə İŞİD-in İraqda ikinci hücumudur. Bazar ertəsi İŞİD terrorçuları İraqın Diyala və Səlahəddin əyalətləri arasında çöllük ərazidə yerləşən ordu postuna hücum etmişdi. Bu hücum nəticəsində 5 İraq hərbçisi öldürülmüş, 5 nəfər isə yaralanmışdı. 

İŞİD terrorçuları ilə hərbçilər arasında baş verən atışma zamanı İraq ordusunun polkovniki Xalid Naci Vasak da öldürülüb. Ümumilikdə son aylarda İŞİD-in hücumlarında artım müşahidə olunur. 

Cəmisi 3 gün fasilə ilə İŞİD-in İraq ordusuna hücum təşkil etməsi qruplaşmanın yenidən fəallaşması və ya fəallaşdırılmasına işarədir. 

İŞİD 2014-cü ildə İraqın ikinci böyük şəhəri Mosulu ələ keçirərək “xilafət” elan etsə də, yalnız 3 il davam gətirə bildi. 2017-ci ildə İraq ordusu Mosulu ələ keçirdi, ardınca isə Suriyada isə İŞİD-in mərkəzi Raqqa şəhəri təmizləndi. Bununla da İŞİD-in torpaq üzərində hakimiyyəti ləğv olundu. Ancaq terror təşkilatı İraq və Suriyanın ucqar ərazilərində gizlənərək ara-sıra silahlı hücumlar təşkil edirdi. 

Ancaq ilin əvvəlindən etibarən İŞİD-in hücumları artıb. Belə görünür ki, hansısa 3-cü qüvvələr İraq və Suriyada İŞİD-i yenidən meydana çıxarmağa çalışır. İŞİD üzərində müxtəlif ölkələrin təsirinin olduğu barədə çoxsaylı iddiaları kənara qoysaq, hazırkı şəraitdə İŞİD-in fəallaşması bir neçə faktorla izah oluna bilər.

Birincisi, İraq və Suriyada qeyri-sabitliyin artması, İŞİD-in fəallaşması xüsusən də İraqda hakimiyyətə təzyiq məqsədi daşıyır. Bu, daha əvvəl də müşahidə olunub. 

İkincisi, İraqda İŞİD-in yenidən fəallaşması hökumət və yerli islamçı silahlı təşkilatların diqqətini Fələstindən öz ölkələrinə çevirməsinə səbəb olacaq.

Üçüncüsü, terror təhlükəsinin artması Bağdadı çəkindirəcək, xüsusən də İŞİD-ə qarşı beynəlxalq koalisiyanın, o cümlədən ABŞ ordusunun ölkədən çıxarılması prosesini ləngidə bilər. 

Dördüncüsü, İŞİD-in fəallaşması İraq və Türkiyənin birgə layihəsi olan “İnkişaf Yolu” üçün yeni təhdid olacaq. Mümkündür ki, PKK təhlükəsinin İraq və Türkiyə tərəfindən aradan qaldırılması, İŞİD versiyasını ortaya atmağa səbəb olub. Burada “İnkişaf Yolu” layihəsinə qarşı olan region və kənardan maraqlı dövlətlər ola bilər.

Digər xəbərlər