Türkiyə Fələstin məsələsində niyə bu qədər həssaslıq göstərir?

  • 15.05.2024
  • 46 baxış

Türkiyə prezidenti Ərdoğanın dünən Yunanıstan baş naziri Miçotakis ilə keçirdiyi birgə mətbuat konfransında söylədiyi sözlər ciddi rezonans doğurub. 

Türkiyə prezidenti bir daha qeyd edib ki, onun hökuməti Həması terrorçu hesab etmir və bu təşkilat 1947-ci ildən sonra işğal olunan torpaqları müdafiə edən müqavimət təşkilatıdır. Eyni zamanda o qeyd edib ki, hazırda 1000-dən artıq Həmas üzvü Türkiyədə müalicə alır. 

Ərdoğanın bu açıqlaması, xüsusən də 1000-dən çox Həmas üzvünün Türkiyədə müalicə alması faktı Qərb mediasının diqqətini cəlb edib. Doğrudur, Türkiyə hökumətinin adı açıqlanmayan üzvü düzəliş edərək Türkiyədə 1000-dən çox Həmas üzvünün deyil, ümumilikdə fələstinli yaralının müalicə aldığını deyib. Lakin prezidentin media ofisi xəbərdə daha sonra dəyişiklik etməyib. 

Bu açıqlama Türkiyənin Fələstin mövzusundakı həssaslığını yenidən diqqət mərkəzinə gətirir. Türkiyə hakimiyyəti və xalqı Fələstin məsələsində indi deyil, daha əvvəl də həssaslıq göstərib, müxtəlif formalarda dəstəyini əsirgəməyib. 

Türkiyənin Fələstin mövzusuna bu münasibəti ilə bağlı fərqli versiyalar var. Bir çoxları bunu Türkiyədəki dindarlıq və hazırkı islamçı hökumətlə izah edir. Əlbəttə, Türkiyədə dindarların, o cümlədən, Ərdoğan və partiyasının Fələstin məsələsinə dini aspektdən yanaşdığı sirr deyil. Lakin Türkiyədə təkcə dindarlar deyil, liberallar, solçular və millətçilər də Fələstin məsələsində həddən artıq həssaslıq göstərir. 

Məsələn, 1947-ci ildə BMT-də Fələstin məsələsi səsverməyə çıxarılanda bu qərar əleyhinə çıxan azsaylı ölkələrdən biri də Türkiyə olub. Halbuki həmin dövrdə Türkiyədə hakimiyyətdə islamçılar deyil, qərbyönlü siyasətçilər olub. 

Bu mənada Türkiyədəki Fələstin həssaslığı dini amildən daha çox (təbii ki, o da var) tarixi amillə izah olunur. Türklər Osmanlı dövləti olaraq 400 il Fələstini və ümumilikdə ərəb coğrafiyasını idarə edib. Və bu 400 il son 2 min il ərzində Qüds və Fələstində ən uzun müddət davam edən sülh və əmin-amanlıq dövrü hesab olunur. Daha sonra Osmanlının son illərində Fələstinə yəhudi köçü, ardınca Osmanlının süqutu və 100 ildir davam edən münaqişə başladı. Bu mənada türklər həm də tarixi miras olaraq Fələstində sülhə və müsəlmanların mübarizəsinə dəstək verir. Hətta bəzən ərəblərdən də daha çox.

Digər xəbərlər