Netanyahu israilli girovları qurban verir

  • 10.05.2024
  • 59 baxış

İsrail öz vətəndaşlarına xüsusi dəyər verməsi ilə fərqlənib. Nasist cinayətkarlarının həbs olunması, girovların azad edilməsi üçün Avropa və Afrikada keçirilən əməliyyatlar bunu təsdiq edib. Hətta 2006-cı ildə 2 əsir əsgərini azad etmək üçün Livana qarşı müharibə etmişdi. İsrail dövləti həmişə bununla qürur duyub, bir yəhudinin belə onun üçün dəyərli olduğunu nümayiş etdirib. 

Lakin indi görünür, artıq elə deyil, İsrailin hazırkı liderləri insan amilinə deyil, daha çox siyasi və cari maraqlara üstünlük verirlər. Qəzza müharibəsi göstərdi ki, Netanyahu yəhudilərin canından daha çox siyasi konyunkturanı və hakimiyyətini daha çox düşünür. 

Ötən gün minlərlə İsrail vətəndaşı növbəti dəfə mitinq keçirərək hökumətdən Həmasla atəşkəs sazişini imzalamağa və girovları azad etməyə çağırıb. Ancaq İsrail hakimiyyəti atəşkəsə getməyib, Rəfaha hərbi əməliyyata qərar verib. Bu isə Həmasın əlində 7 aydan çoxdur girov qalan israillilərin taleyini risk altında qoyur. 

Qeyd edək ki, 7 oktyabrda 200-dən çox israilli Həmas və digər qruplar tərəfindən girov götürülüb. Onlardan 81 nəfər noyabr ayında baş verən atəşkəs zamanı fələstinlilərlə dəyişdirlib. İsrail ordusunun məlumatına görə, hazırda Qəzzada 130-dan çox girov var. Bunların bir qismi artıq həyatda yoxdur və onların bir çoxu İsrailin bombardmanları zamanı dünyasını dəyişib. 

Yeri gəlmişkən, Həmas atəşkəs razılaşması mətninə azad ediləcək 34 girov cümləsinə girovlar hissəsinə “ölü və diri” əlavə edib. Yəni hazırda Həmasın əlində olan girovların çox hissəsi artıq həyatda yoxdur. 

Əlbəttə, Netanyahu və onun radikal komandası müharibəni Həmasın tamamilə sıradan çıxarılması məqsədi ilə əsaslandırır və bu yolda qurbanlar verməyə dəydiyini öz xalqına təlqin edir. Lakin 7 aylıq müharibə göstərdi ki, bu, faktiki olaraq mümkün deyil, hətta Həmasın yox olması belə Fələstinə sülh gətirməyəcək, çünki 1987-ci ildə Həmas yaranana qədər də Fələstində müharibə var idi, Həmas tamam yox edilsə də, yəqin ki, bir başqa təşkilat və ya qrup İsraillə vuruşacaq. 

Bu müharibəyə son qoymağın yeganə yolu, sülh danışıqları və iki dövlətli həll yoludur, nə qədər bu olmayıb, işğal davam etdikcə Fələstində əlinə silah alıb İsrailə qarşı vuruşanlar olacaq.

Digər xəbərlər