Türkiyədən İsrailə qarşı sərt addım

  • 06.05.2024
  • 65 baxış

Türkiyə İsrailə məhsul ixracını tamamilə dayandırıb. Ticarət Nazirliyinin yaydığı açıqlamada “Qəzzaya fasiləsiz və yetərli qədər humanitar yardım göndərilməsinə icazə verənə qədər” ticarət əlaqələrinin dayandırıldığı qeyd olunur.

Türkiyə və İsrail arasında siyasi və diplomatik müstəvidə gərginlik olsa da, ticarət əlaqələri davam edib. Hətta buna görə Ərdoğan müxalifət tərəfindən ciddi tənqid olunub, 31 mart bələdiyyə seçkilərində səs itirməsi bununla izah olunub.

Yalnız aprelin 9-da Türkiyə İsrailə 54 adda məhsulun ixracına qadağa qoyub. İndi isə tamamilə dayandırılıb və Türkiyə limanları İsrailə mal göndərmir. 

Bu qərar İsraildə qəzəblə qarşılanıb, xarici işlər naziri İsrael Katz bildirib ki, artıq alternativ ölkələrlə danışıq aparırlar. O, bu qərara görə zərəri türklərin çəkəcəyini deyib. 

Ancaq müstəqil ekspertlər elə hesab etmir. Türkiyənin İsraillə ticarət əlaqələrini dayandırması bu ölkə üçün ciddi bir təzyiq olacaq. Məsələ ondadır ki, Türkiyə təkcə ötən il İsrailə 5,4 milyard dollar dəyərində əsasən polad, metal, motor və cihazlar, plastik, sement məhsulları olmaqla mal ixrac edib. 2022-ci ildə isə ixrac həcmi 7 milyarda yaxın olub. 

Türkiyə İsrail ən çox mal idxal etdiyi 4-cü ölkədir. Bu qədər məhsulu, xüsusən də polad və metalı alternativ bazardan almaq asan olmayacaq. Müharibə aparan ölkə üçün poladın əhəmiyyətini xüsusi izah etməyə ehtiyac yoxdur. 

Bu qərarın siyasi səbəblərinə gəlincə, Türkiyə açıq şəkildə qərarın Qəzzaya yardımın buraxılmaması ilə izah edib.  

Lakin aydın məsələdir ki, bu qərarın arxasında İsrail hakimiyyətinin Türkiyə ilə münasibətləri dayanır. 7 oktyabrda münaqişə başladıqdan sonra rəsmi Ankaranın vasitəçilik və barışıq təklifləri İsrail hakimiyyəti tərəfindən görməzdən gəlindi. İsrail rəsmiləri hətta Qətər, Misir, Səudiyyə Ərəbistanı kimi ölkələrlə danışıqlar aparsa da, Türkiyə hakimiyyətinə qarşı laqeyd oldu, onu diqqətə almadı. Bu da daha əvvəl iki tərəfi barışdırmağa çalışan Ankaranı getdikcə daha da qəzəbləndirdi və ritorika sərtləşdi. İndi isə Ankara həm daxili auditoriyanı sakitləşdirmək, həm də İsrail hakimiyyətini cəzalandırmaq üçün bu addımı atdı. Güman ki, yaxın zamanlarda 3-cü tərəflər işə qarışıb vəziyyəti yumşaltmasa embarqonun İsrail üçün ciddi nəticələri olacaq.

Digər xəbərlər